Gecəyə çökən duman, görən kimin ruhudu?! Featured

Könül, ”Ədəbiyyat və incəsənət”

 

Məzarlıqda qara mərmərdən bir baş daşı boylanır gəlib- gedənlərə. Dörd ətrafda bəlkə də yeganə məzardır ki, üzərində doğum tarixi yazılıb, ölüm tarixisə yazılmayıb.

“İsa İlham oğlu Alməmmədli, 26 yanvar, 2004-cü il”.

Vəssalam.

 

İsa 2021-ci ilin aprelində 17 yaşında hamını müəmma içində qoyub sirli-sehirli bir özünəqıyma ilə dünyadan köçsə də, hələ də ailəsi bu ölümü qəbul edə bilmir, ailəsi üçün o hələ sağdır, yaşayır, bu səbəbdən də başdaşında ölüm tarixi qeyd edilməyibdir.

Bu ilin 26 yanvarında hamı üçün 17 yaşında qalmış İsanın 22-ci doğum tarixi oldu.

İsa qısa ömründə hamının yaddaşında xoş xatirə qoyub getdi, təhsildə, davranışda hamıya nümunə oldu.

Yaddaşımızda bir tarix qalıb, 2017-ci ilin martı. Nüfuzlu “Hədəf” liseyi ən yaxşı şagirdini - bilgəsini seçirdi. Və “Liseyin bilgəsi” 9-cu sinif şagirdi İsa Alməmmədli seçildi, bir günlük simvolik olaraq təhsil müəssisəsinin direktoru vəzifəsini icra etdi. Əlbəttə ki, təhsilə yiyələnmək üçün həqiqətən şagirdlər qarşısında ciddi tələblər qoymuş bir liseydə birinci olmaq böyük nailiyyət idi…

İndi hər il Hədəf Liseyi məzunu olan məktəb birincisi şagirdə bir dəfəlik olaraq “İsa Alməmmədli" adına təqaüd verilir.

Bu, İsanın uğurlarından sadəcə biridir.

Builki 26 yanvar günündə diqqətimizi iki sosial media statusu cəlb etdi. İsanın atası, tanınmış iş adamı, “Behrud İnşaat” şirkətinin rəhbəri İlham Alməmmədov yazmışdı:

 

“Salam Əziz və Dəyərli Oğlum.

Bu gün doğum günün. Təbriki burdan yazmağımın heç bir mənasının olmadığını bilirəm. Amma yazmamın səbəbi yaşayan insanlara ibrət olması üçündür. Bəlkə bir faydam olur düşüncəsindəyim. Bizim bu dünyaya gəlməmiz bizə sorulmadığı kimi bu dünyaya da kəndi başımıza vəda etmək kimi bir icazəmiz də yoxdur, Sən bu kuralı pozdun...

Sənin dünyaya gəlmən bizə çox şey verdi, sənin verdiklərinlə bu dünyada yaşamaq zorunluğu buraxdın bizə...

Mənim günahlarım böyükdür, sənə sahib çıxa bilmədim...

Hər şeyə rəğmən doğulmağın, 17 il bizimlə olmağın heç zaman unudulmayacaq.

Sənin fiziki olmamağın, ruhən olmamaq anlamına gəlmir, onu dəqiq bil, hər zaman hər yerdə bizimləsən...

Məni eşitdiyini bilirəm. Orda tək deyilsən, onu da bilirəm...

Biz də mütləq bir gün bərabər olacayıq, bizi gözlə...

Cənnətdəki doğum günün mübarək”.

 

Burada dərdli atanın nisgili, iztirabı, ölçülməz kədər yükü o qədərdir ki, oxuduqca sadəcə zalım dünyanın işlərinə təəssüflənməkdən savayı əlacın qalmır. İsanın əmisi, tanınmış istiqlal şairi, hamımızın sevimlisi Rüstəm Behrudi isə yazmışdı:

 

“Əzizim İsa! Bu gün sənin doğum günün!

Ancaq sən yoxsan! Və olmayacaqsan! Bəs onda:

 

Gecəyə çökən duman,

Görən kimin ruhudu?!

Kaş oyanam yuxudan,

Görəm hər şey yuxudu...

 

Ruhun şad olsun! Görüşənədək...”

 

Çox təəssüf ki, bəzən yuxu olduğuna özümüzü inandırmaq istədiyiniz həqiqətlər inad edirlər, yuxuya çevrilmirlər.

Allah sənə rəhmət eləsin, İsa!

 

Şəkildə: 2017-ci il. Həmin o birincilik titulunun qazanıldığı gün. Qarşıdakı məşum günə hələ 4 il var.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.