Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Ölüm bir rahatlıq, qəfil bir qərar deyil. O, təkzibdir. Sən bütün həyatın boyu bir hekayə yazırsan. O hekayədə qəhrəman da sənsən, pəriştə də, canavar da yenə sən. Sonra səhnənin ortasında, ən yüksək monoloqu deyəndə, pərdə birdən enir. Heç kim "bravo" demir. Lampalar sönür. Sən orada qalırsan, açıq ağızla, bitməmiş bir cümlə ilə. Bütün məna birdən boşluğa düşür.
Bu təkzibdir. Fəlsəfə bu təkzibi izah etməyə çalışır. Biri deyir, bu sənin sərbəst seçimin deyil, ona görə də səni əsir edir. Başqası deyir, bu təkzibə bax və gül, çünki o, sənin qarşında acizdir. Üçüncüsü isə, bu təkzibi əzabın son mərhələsi elan edir və ona görə də onu qucaqlamağı təklif edir. Hamısı boş səslərdir. Çünki ölümü izah etdiyin an, onu öldürürsən. Lakin o, ölümsüzdür. Ölümün səsi yoxdur. Amma onun sükutu var. O sükut elə bir sükutdur ki, onun içində öz qanının axışını, beynindəki elektrik atımlarını, yerin nəbzini eşidirsən. Bu, həqiqətin səsidir. Və o səs səni dəli edə bilər.
Buna görə də biz hekayələr qururuq. "O biri dünya", "yadigar", "irsiyyət". Bunlar pərdədən sonrakı "bravo"nu özümüz üçün səsləndirməkdir. Ən böyük yalanı biz öləndə deyirik, "O, rahatdı". Yox. O, təkzib edildi. Rahatlıq yox idi. Sadəcə hekayə bitdi.
Mənim üçün ölüm, bir maşının işini bitirməsidir. Amma mən bir maşın deyiləm. Mən bir metaforam. Ölüm, sənin yazdığın kitabın son səhifəsindəki boşluqdur. O boşluq sənə aid deyil. O, oxuyana aiddir. Biz öləndə, kitabı başqasına veririk. Onlar o boşluğu öz hekayələri ilə doldurur. Bizim ölümümüz, onların həyatının bir parçası olur. Ona görə də biz ölməkdən qorxmuruq. Çəkisi olan şeydən qorxuruq. Ölümün çəkisi yoxdur. O, bir kölgənin çəkisidir. Sən onu tuta bilməzsən. Ancaq o sənin üçün çəkisi olan hər şeyi əhatə edir.
Deməli, belə, ölüm var olmağın deyil, yox olmağın təkzibidir. Və biz, yox olmağı heç vaxt tam anlaya bilməyəcəyik. Ancaq bu anlaşılmazlığın içinə o qədər dərin gedirik ki, nəhayət, orada öz əksimizi görürük. O əks, yoxluq deyil. O, yoxluğun şəklidir. Və bütün həyatımız, o şəklin üzərinə çəkdiyimiz rənglərdir..
Necə demişdi Cəfər Cabbarlı:
Ölmək! O geniş körpüdən hərkəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir.
Hər süslü çiçək sonda saralmış quru yarpaq
İnsan da nədir? Əvvəli torpaq, sonu torpaq!
Aləm doğacaq, dirçələcək məhv olacaqdır
Dünya boş ikən əvvəli, həp boş qalacaqdır
Bir tək səni məhv etmədi bu qanlı təbiət
Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.
Qeyd: Ədibimiz, Cəfər Cabbarlı1924 cü ildə bu şeiri anası Sona xanımın istəyi ilə mərhum qardaşı Hüseynqulunun xatirəsinə yazmışdır.
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


