Sadəcə dayanmaq, baxmaq və insanı görmək kifayətdir - ƏHVALAT Featured

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət mərkəzinin rejissoru, "Gənclik" xalq teatrının rəhbəri,yazıçı. “Ədəbiyyat və İncəsənət üçün

  

Axşam düşürdü. Gün boyu yağan yağış şəhəri səssizləşdirmişdi. Küçələrdə işıqlar yanmışdı, asfaltın üzərində sarımtıl kölgələr uzanırdı. İşdən çıxıb birbaşa avtobus dayanacağına gəldim. Tək fikrim evə tez çatmaq idi. Ayaqlarım yorğunluqdan ağırlaşmışdı, başımda isə günün səs-küyü hələ də dolaşırdı.

Dayanacaqda bir neçə nəfər vardı. Hamı telefonuna baxır, kimisi əsəbi şəkildə saatına göz gəzdirirdi. Bir kənarda, skamyanın ucunda oturan yaşlı bir kişi diqqətimi çəkdi. Üzərində köhnə palto vardı, yaxası düzgün bağlanmamışdı. Əlləri dizlərinin üstündə titrəyirdi. Sanki soyuqdan çox, tənha qalmaqdan üşüyürdü.

Avtobus gəldi. Hamı tələsik mindi. Yaşlı kişi isə yerindən tərpənmədi. İkinci avtobus da gəlib keçdi. O yenə oturduğu yerdə qaldı. Bu məni narahat etdi. Yaxınlaşıb ehtiyatla soruşdum: – Ata, avtobusu gözləmirsiniz?

Başını yavaşca qaldırdı. Gözləri dərin və sakit idi. – Yox, – dedi, – mən artıq getmirəm. Sadəcə bir az oturmaq istədim.

Yanında boş yer vardı. Oturdum. Bir müddət ikimiz də susduq. Küçədən maşınların səsi gəlirdi, uzaqda bir it hürürdü. Sonra kişi ağır-ağır danışmağa başladı.

Gəncliyində avtobus sürücüsü olduğunu dedi. Hər səhər eyni saatda yola çıxar, eyni yollarla gedərmiş. Amma hər gün fərqli insanlar minərmiş. Kimi sevincini, kimi dərdini o vaqona gətirərmiş. – İndi yollar, avtobuslar var, – dedi, – amma mənim dayanacağım qalmayıb.

Cibindən köhnə, qatlanmış bir şəkil çıxardı. Qara-ağ idi. Gülən bir qadın və onun yanında balaca bir uşaq. – Həyat yoldaşımdır, – dedi, – oğlumuz da bu idi. İkisi də illər əvvəl getdi.

Səsi titrəmədi. Dərdini çoxdan ağlayıb bitirmiş insanların səsi belə olur. Avtobuslar gəlib-gedirdi. Mənim mindiyim marşrut çoxdan keçmişdi, amma qalxmadım. O an başa düşdüm ki, tələsmək heç yerə aparmır.

Bir azdan kişi ayağa qalxdı. Paltonun yaxasını düzəltdi. – Sağ ol, – dedi, – bu gün biri mənə qulaq asdı.

Onu avtobusa qədər ötürmək istədim, amma başını yellədi. – Mən bir az da piyada gedəcəyəm. Yolları xatırlamaq istəyirəm.

Uzaqlaşdı. Mən isə hələ də dayanacaqda qaldım. Evə gedəndə başqa avtobusa mindim. Yol boyu düşündüm: əgər yaxınlaşmasaydım, əgər “mənlik deyil” desəydim, o kişinin o axşamı necə keçəcəkdi?

O gündən sonra anladım ki, mərhəmət bəzən sədəqə deyil, söhbətdir. Bəzən kömək əl deyil, vaxtdır. Və həyatın ən böyük dərsləri çox vaxt avtobus dayanacaqları kimi adicə görünən yerlərdə verilir.

Sadəcə dayanmaq, baxmaq və insanı görmək kifayətdir.

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.