Fyodr yalançıdır!!! Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Fyodr – rus yazıçısı Fyodr Dostoyevskini deyirəm, yalançıdır. Amma onun yalanı həqiqətdən daha həqiqidir. "Bəyaz gecələr" əsəri başdan başa bir yalandır. Bir xəyalpərəstin özünə dediyi gözəl bir yalan. "Xoşbəxtlik sindromu" yoxdur! Ancaq bizim buna inanmağa o qədəəər ehtiyacımız var ki... Ona görə də həqiqət olduğuna inanırıq.

 

Bilirsən, dostum, Oğlan sevməyə icazə verilməsini xoşbəxtlik sayır. Bu, məğlubiyyətin qələbə kimi satılmasıdır. Bu ağrıyan bir yaraya şəkər basılmağına oxşayır. Sonra soruş gör nə olur da? O şəkər o ağrıya biraz dad verir. O dad isə bizə deyir ki, "vəssəlam, bir anlıq xoşbəxt oldun, bu bütün ömrünə dəyər."

 Yox! Təbii ki, dəyməz.  Bu cümlə, ömrünü bir neçə dəqiqəyə sığdırmaq istəyən, doğulmadan ölmüş bir ürəyin yaralı fəryadıdır. Bu qaçqınlığdır. Amma sənə və burdaki dostlarıma həqiqəti deyim. Öz həqiqətimi. O bir dəqiqə xoşbəxtlik ki, var ha.. O bütün insanın ömrünü daha ağır, daha yaşanılmaz edir. Çünki, o dad beynimizə elə işlənib ki, sanki bir dəfə dadıbsan və bir də əldə edə bilməyəcəksən. Bu çox gözəl bir işgəncədir..

 Xoşbəxtliyi hiss etmək, axtarmaq. Bu da yalandır. Biz son nəslin övladları və bizdən bir nəsil əvvəlkilər hiss etmək istəmirik, sahib olmaq istəyirik. Və bunu etiraf etməyə qorxuruq. Və mərhum dostumuz Fyodrun qəhrəman xəyapərəsti də bunu etmək istəyirdi. Sahib olmaq istəyirdi. Amma bacarmadı. Beləlikləə o özünə yeni bir həqiqət yaratdı. "Mənim xoşbəxtliyim sevməkdir". Yox! Onun xoşbəxtliyi xoşbəxt olduğuna özünü inandırmaq idi.  Bəs sizcə niyə məhz "Beyaz gecələr"?  Sanki gecə yox, gündüzdür. Amma ağappağ bir gecədi də.  İnsan belə gecələrdə öz yalanlarına daha tez və asan inanır.

 Nəysə dostum, xoşbəxtliyə gəldikdə isə, əsərə istinadən deyirəm, xoşbəxtlik bir an deyil. İnan mənə xoşbəxtlik bir an olmur. Xoşbəxtlik həmin o bir anın yoxluğuna dözə bilmək gücüdür. Bax, xəyalperəstimizin sahib olduğu da məhz budur. O, sevgilisini itirdi. Amma onun xatirəsini yaşatmağın gücünü özündə tapdı. Bu, qələbə deyil. Bu təslimiyyətdir. Amma təslim olmağı öyrənmək də bir qələbə sayılar, necə ki, üzr istəmək hikmət əlamətidir.

 Deməliii, problem nədir? Problem bizim xoşbəxttliyi bir şey kimi gözləməyimizdir. Bir hadisə, bir insan, bir vəziyyət kimi. Xoşbəxtlik bir şey deyil dostum. Xoşbəxtlik heç bir şey olmağı qəbul etməkdir. O, boşluğun içində dəyanmaq və "mən burdayam" deyə nəfəsin batana kimi çığırmağdır.

 Vəə ölü yazıçımız bunu bilirdi. Ona görə də öz əsərini belə qəmli bitirdi. Ancaq o qəmin içində bir işıq var idi. O işıq da yalan idi. Amma biz hamımız o işığa baxmağa məcburuq. Çünki qaranlıq həqiqet, işıqlı yalandan daha ağır olur.

 Əsərin bitməsi, oxucuya verilən bir sual deyil məncə. Bu bir bəyannamədir. Bir döyüşçünün məğlubiyyəti qəbul etdikdən sonra silahını yerə atması yox, onu öpüb divarından asmasıdır. 

Nəticə etibarı ilə, Fyodr Dostoyevski üçün faciə mənasızlıqdan daha yüksəkdir. Ona görə xoşbəxtlik bir yalandır. Amma rus dostumuz deyir ki, bu yalan insanlara həqiqətdən daha lazımlıdır. Və onu qurmaq üçün hazır olmaq (hətta həyatını itirmək bahasına)) insanın ən böyük qələbəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.