Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hərdən elə an olur ki, həyatımda heç nə baş verməsə belə, içimdə qarışıq fikirlər, bir-birinə dolaşmış hadisələr durmadan ağlımda cərəyan edir. Hər hadisə ardınca növbətini gətirir, səni düşünməyə vadar edir. Və sən bu düşüncədən qurtula bilmirsən. Düşündükcə səni daha çox ağuşuna alır və sən tamamilə gerçək olandan kənara uzaqlaşırsan.
Bir an ayılanda düşünürsən: bunların hamısını mən düşündüm? Mən uydurdum? Axı insan həqiqətdən bu qədər necə uzaq düşə bilər? Heç vaxt baş verməyən, reallığı mümkün olmayan fantastik düşüncələr səni gerçək həyatdan tamamilə uzaqlaşdırır. Sən isə sanki daha da uzaqlara dalmaq istəyirsən.
İnsan gerçək olmayanı bu qədər sevə bilərmi? Bu qədər məna yükləyib, bu qədər bağlana bilərmi? Bəlkə gerçəyin sıxan tərəflərindən qaçmaq üçün ona sığınır. Fantaziya bir çıxış yolu ola bilərmi? Çünki insan orada özünü azad hiss edir: kimsə onu mühakimə etmir, heç bir əngəl tanımır.
Bəlkə insan bu səbəbdən gerçək olmayanı bu qədər sevir… Ona məna yükləyir, ona bağlanır. Çünki bəzən xəyallarda insan özünə daha yaxın olur.
“Ədəbiyyat və incəsənət”
(27.01.2026)


