...”Moskvada Üzeyir bəylə görüşdük...” Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bəzən bir görüş bir insan həyatında silinməz izlər buraxır, həlledici əhəmiyyət daşıyır. Onun həyatında da belə olub. O, Moskvada tələbə ikən böyük Üzeyir Hacıbəyli ilə görüşü sənət kredosunu müəyyənləşdirib...

 

Bu gün musiqişünas, dirijor, pedaqoq,Xalq artistiƏşrəf Həsənovun anadan olmasının 117 ili tamam olur.

Əşrəf Həsənov 24 yanvar 1909-cu ildə Nuxada anadan olub. 1927–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933–1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil alıb. 1938–1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik edib.

1932 və 1938–1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 1949–1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik edib. Dosent olub.

 Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin) "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi opera və baletlərə dirijorluq edib.

Hələ Moskva Konservatoriyasının son kursunda oxuyarkən – Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun dirijorluğu ilə Böyük Teatrın səhnəsində tamaşaya qoyulub. Bu hadisəni sonralar özü belə xatırlayırdı:

"...Ongünlüyə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum.

 

Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, – “Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən və “Koroğlu” operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram”.

Mən Bakıya gəldim və böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu."

Sənətkar Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olub.

 

Mükafatları

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 23 yanvar 1979

- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940

- "Şərəf nişanı" ordeni — 17 aprel 1938.

 

Əşrəf Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.