Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
İnsan elə anlar yaşayır ki, gerçəkliyi qəbul etmək ürəyə ağır gəlir. Elə bil nəfəsin daralır, sinənə bir daş oturur. Və sən birdən öz-özünə fikirləşirsən: “Kaş bunların hamısı yuxu olaydı…”
Çünki yuxunun bir gözəlliyi var: oyandınmı, bitdi. O ağrı silinir, o səhnə dağılıb gedir. Deyirsən " yaxşı ki yuxudur". O anlar sanki heç olmamış kimi yox olur...
Amma həyat yuxu deyil.
Həyat adamı elə yandırır ki, sonra “bağışlamaram” dediyin şeyləri belə bağışlamağa məcbur olursan. Əvvəl elə bilirsən, bağışlamaq qarşı tərəfi rahat buraxmaqdır. Sonra anlayırsan: yox.Bağışlamaq özünü qurtarmaqdır.
Dəyərli şair Vahid Əzizin dediyi kimi, “əlvida”...
"Əlvida" demək bir söz deyilmiş. Bəzən insan “əlvida” deyir, amma ürəyi hələ də o yerdə qalır. Şəklinə baxmaqdan doymur, xatirənin içindən çıxıb gedə bilmir. Çünki dəyər elə-belə çıxıb getmir. Sadəcə yarımçıq qalır. İnsan da məhz bu yarımçıq qalan yerdə ən ağır şeyi yaşayır: getmiş günlərə hələ də qapı saxlayır. Bəzən qəzəb düyün bağlayır, bəzən istək dilə gəlmək istəyir. Amma insanın içində bir səs də deyir: “Daha bəsdir…”
Və ən sonda insan yenə eyni cümləyə qayıdır:
Kaş baş verənlər yuxu olaydı…
Amma olmur.
Ona görə insan artıq yuxu istəmir. Unutmaq istəmir, sadəcə yanmaq istəmir.
Geri dönmək istəmir, sadəcə özünə qayıtmaq istəyir. Çünki bəzən ən böyük ayrılıq bir insandan yox, öz içindəki ümiddən ayrılmaq olur.
Bütün baş verənlər yuxu olaydı
(Vahid Əziz)
Sonuncu ümid də qırılmış itmiş,
Özünə yer tapmır sinəmdə ürək,
İndi anlayıram mümkünsüz imiş
Sənə birdəfəlik "Əlvida" demək
Həsrət nə təcnisdi, nə də bayatı,
Yazardım, gözümdən axıb-gedərdin,
Bütün baş verənlər yuxu olsaydı,
Yozardım, ömrümdən çıxıb gedərdin.
Xəyallar ürəklə küsü saxlayır,
İçimdə şübhələr vaxtı dəyişir,
Bir yannan qəzəblər düyün bağlayır,
Bir yannan istəklər söz güləşdirir.
Özün yarı yolda bu eşqi qoydun,
Ağaran saçlara dostlar şahidim,
Sən mənə bir doğru sözü qıymadın,
Mən sənə ömrümü ərmağan etdim.
İndi ürəyimdə bir parça daşsan,
İnsafım yol vermir sındıram-qıram
Hər şeyi hiyləsiz açıb-danışsan,
Müqəddəs sevgimə bağışlayaram.
Hələ də şəklindən doymayır gözüm,
Ömrümü puç edən Fələkmi çəkdi?
Görünür bu eşqə- "Əlvida" sözüm
Həyatla birlikdə deyiləcəkdi...
“Ədəbiyyat və incəsənət”
(23.01.2026)


