Ən çox kim olmağı sevirik? – Ekspress-sorğu Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Növbəti ekspress-sorğudayıq. Sualımız belədir: “Ən çox kim olmağı sevirik?”

Həyatımız boyu müxtəlif kimliklərə bürünürük. Kimi üçün valideyn – ata və ya ana, kimi üçün bacı və qardaş, kimi üçün həyat yoldaşı, kimi üçün övlad, kimi üçün dost, kimi üçün isə tanış oluruq. Bir çox kimliyimiz olur: yazıçı, müəllim (peşə kimliyi), oxucu, rəhbər, işçi, tələbə. Amma bəs özümüz ən çox kim olmağı sevirik?

 

AYNUR İSMAYILOVA

Əslində bu sual bir az mənə tanışdır, amma fərqli formada. Yadımdadır, uşaq ikən ətrafımızda olan bəzi insanlar bizi danışdıranda ən çox bir sualın üzərində dayanardılar: Böyüyəndə nə olmaq istəyirsən?

Biz isə o an arzusunda olduğumuz müəllim, həkim, polis, pilot, yazıçı kimi sevdiyimiz peşələrin adlarını sadalayardıq. Onlar isə bizə “əhsən” deyib bunun gerçək olmasını arzulayardılar. Nə sual yanlış idi, nə də verilən cavab.

Üstündən illər keçdi. Biz böyüdük. Məktəbi bitirib tələbə olduq. Ardınca universitet məzunu, həyat yoldaşı, iş yoldaşı, söz yoldaşı olduq. Övlad olduq, bacı olduq, ana olduq. Sadəcə bir peşə sahibi olmaq arzusuyla böyüyən uşaq neçə şəxsiyyətə sahib oldu. Halbuki həyatın verdiyi rollardan xəbərsiz idi.

Bu gün isə bu şəxsiyyətləri qazanmış bir qadına “Ən çox kim olmağı sevirik?” sualı verilir. Bəlkə uşaq ikən verilən sualın cavabını tapmaq daha asan idi, nəinki kim olmağını seçmək. Bəlkə də bu sual ilk verilməsi gərəkən sual idi. Gecikdiyi üçün də cavabı tapmaq çətinləşir.

Axı insan ilk olaraq şəxsiyyətdir. Bir insan üçün də ən önəmli olan sual kim olduğu deyilmi? Seçdiyimiz peşə bizim kimliyimiz deyil, bizim etdiyimizdir. Bir insan üçün ən önəmli sual “nə olmaq istəyirsən?” yox, “kimsən?” sualıdır. Kim olduğumuz isə dəyərlərimizdə, seçimlərimizdə, başqasına necə toxunduğumuz anlarda gizlidir.

“Böyüyəndə nə olmaq istəyirsən?” deyəndə mən “müəllim, polis, pilot olacağam” deyirdim. Və mən müəllim oldum. O zaman yazıçı peşəsindən xəbərsiz idim. Elə bilirdim ki, yalnız müəllimlər yaza bilər. Ona görə də daha çox müəllim olmağı seçdim.

Bir az da böyüdüm. İndi isə “kim olmağı sevirik?” sualı verilir. Bəlkə də bu gecikmiş sualın cavabı başqa olmalı idi. Amma daha da gecikmədən indiki anımda cavab vermək istəyirəm.

Mən insanlığı olan insan olmağı sevirəm. Toxunmağı, öyrətməyi, nəfəs olmağı, olduğum kimi görünməyi, azad olmağı sevirəm. Keçmişdəki uşaqlıq çağlarımı, bu gün ana olmağımı və gələcəkdə də özüm olaraq qalmağı sevirəm.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.