Səhər yazısı və gecə yazısı: Zaman üslubu dəyişirmi? Featured

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Səhər yazanda masanın başında otururam, qəhvə hələ istidir, pəncərədən işıq düşür. Sanki başqa adamam. Cümlələr düz gəlir, bir-birinin dalınca. Fikrim həmin an aydındır, əlim tərəddüd etmir. Yazıram və bilirəm nə yazıram.Gecə tamam başqadır...

 

Lampa işığında tək qalmısan, ətrafın sükut içindədir. Yalnız klaviaturanın səsi eşidilir. Artıq özün deyilsən. Cümlələr gəlir haradansa, özün də bilmirsən hardan. Əlin yazır, beyinin nəzarəti yoxdur.

Səhər yazanda oxucunu düşünürsən. Cümləni uzadanda qısaldırsan, çünki bilirsən ki yorur adamı. Söz seçəndə düşünürsən bu söz düzdürmü, lazımdırmı. Sonra geri silirsən çoxunu, çünki səhər işığında hər artıqlıq gözə dəyir.

Gecə isə silməyə ürəyin gəlmir. Gecə yazılan hər cümlə lazım görünür, hətta qəribə olsa belə. Başqa məntiq işləyir gecə. Səhər oxuyanda özün də təəccüblənirsən - "bunu niyə yazmışam?" deyirsən. Amma o gecə bu cümlə ən təbii şey idi.

Səhər qəhrəman haqqında yazanda onu kənardan görürsən. Deyirsən "o kədərli idi". Gecə isə daxil olursan onun içinə, yazırsan "sinəsində nəsə ağırlaşırdı". İkisi də eyni şeyi deyir, amma tonu fərqlidir.

Maraqlısı budur ki, ikisi də doğrudur. Səhər yazısı oxucuya yol göstərir, gecə yazısı oxucunu özü tapmağa qoyur. Səhər danışır, gecə pıçıldayır.

Çox vaxt gecə yazıb səhər oxuyuram. Bəzi yerləri anlamıram. "Bu nə deməkdir?" deyirəm. Amma silmirəm. Bilirəm ki, o gecə beynimdə bir fikir var idi, indi itib. Bəlkə oxucu tapa bilər onu.

Səhər yazanda redaktə edirsən. Hər cümləni yenidən oxuyursan, düzəldirsən. Gecə isə heç nəyə toxunmursan. Bir nəfəsə yazırsan, dayanmırsan. Çünki dayansan, o hal gedir. Gecə yazmaq axın işidir, səhər yazmaq tikinti.

Bəziləri deyir gecə yazı daha dərindir. Bəziləri deyir səhər yazı daha keyfiyyətlidir. Məncə hər ikisi lazımdır. Gecə yazırsan nə düşünürsənsə, səhər düzəldirsən necə demək lazımdır.

Amma bəzən gecə yazılan bir cümləyə səhər toxuna bilmirsən. Çünki səhər baxanda görürsən ki, bu cümlə qəribədir, qrammatikası düz deyil, amma canı var. Səhər cümləsi düzdür, amma cansız. Və seçim etməli olursan - düzlük istəyirsən, yoxsa can?

Mən adətən canı seçirəm. Çünki düz cümlə hər yerdə var, canlı cümlə isə az tapılır. Və canlı cümlələr çox vaxt gecə yazılır.

Gecə yazanda özünlə danışırsan. Səhər yazanda oxucuyla. Və bu fərq hər şeyi dəyişir. Özünlə danışanda səmimi olursan, açıqsan. Oxucuyla danışanda ölçüb-biçirsən, düşünürsən nə deyəcəksən.

Ona görə gecə yazılar daha şəxsidir. Orada etiraf var, orada zəiflik var. Səhər yazılar isə daha ümumi, daha təmizdir. Gecə pis xəyallar gəlir ağlına, səhər isə yaxşı niyyətlər.

Və bəlkə də ən yaxşı yazı ikisinin qarışığıdır. Gecə yazırsan, səhər düzəldirsən. Gecənin səmimiyyətini saxlayırsan, səhərin aydınlığını əlavə edirsən. Gecə qazırsan, səhər tikərsən.

Bəzən gecə yazdığım bir paraqraf səhər tamam baş tutmaz görünür. Amma oxucu deyir ki, məhz o paraqraf ən çox yadda qalıb. Çünki orada nəsə çiy var, nəsə təbii. Səhər yazılanlar isə çox düzgün, çox təmiz olur amma unudulur.

Yazıçı olmaq ikili həyat yaşamaqdır. Gündüz bir adamsan, gecə başqası. Və hər ikisi yazır. Hər ikisinin də əli lazımdır. Birinin ağlı, o birinin ürəyi.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.