Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Dünən Azərbaycan ədəbiyyatının sürgün və mühacirət taleli şairlərindən biri olan Almas İldırımın anım günü idi. O, qısa, lakin keşməkeşli ömrü boyunca azadlıq, vətən sevgisi və milli kimlik mövzularını poeziyasının əsas xəttinə çevirmişdi, buna görə də daim oxunur, daim ehtiramla anılır.
Dünən də belə oldu.
Almas İldırım 1920-ci illərdə gənc yaşlarından yazmağa başlayıb. Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə şeirləri mətbuatda dərc olunub. Lakin onun vətənpərvər ruhda yazdığı əsərlər, xüsusən “Dağlar” şeiri sovet rejimi tərəfindən təhlükəli hesab olunub. Şeirin Türkiyədə çap edilməsi şairin həyatında dönüş nöqtəsi olub və bundan sonra o, təqib olunmağa başlayıb.
Şair poeziyasında dağlar xüsusi yer tutur. Dağlar onun üçün yalnız təbiət obrazı deyil, azadlığın, gücün və müqavimətin simvoludur. İldırım doğma yurdun işğal altında olduğunu açıq deməsə də, şeirlərində bu ağrı açıq hiss olunur. Məhz bu mövqeyinə görə o, “proletar şairi” ola bilmədi və sürgün taleyi yaşadı.
1927-ci ildə universitetdən uzaqlaşdırılan Almas İldırım əvvəlcə Dağıstana, sonra isə Türkmənistana sürgün edildi. Sürgün illərində də qələmini yerə qoymadı. “Dağıstan füqərası”, “Zəhmət” kimi mətbu orqanlarda şeirləri çap olundu. Bu əsərlərdə də vətən həsrəti, əsarətə qarşı nifrət və azadlıq arzusu açıq hiss edilirdi.
Bütün təzyiqlərə baxmayaraq, Almas İldırım inancını itirmirdi. O, bir gün yurdunun azad olacağına ümid edirdi. Sürgün həyatının ağır şərtləri, ard-arda tənqidlər və təqiblər onu sonda mühacirətə məcbur etdi. 1933-cü ildə ailəsi ilə birlikdə Sovet İttifaqını tərk edərək əvvəl İrana, daha sonra Türkiyəyə üz tutdu.
Almas İldırımın həyatı bir şair taleyindən daha çox, azad sözün cəzasını çəkən bir ziyalının hekayəsidir. Onun poeziyası bu gün də vətən, azadlıq və milli yaddaş mövzularında yazanlar üçün mühüm örnəkdir.
Yaralı olmasaydı
Kim оvçu niyyətiylə gəzərdi bu dağları
Sinəsində can alan maralı оlmasaydı?
Kim şair həsrətiylə süzərdi bu dağları,
İçindən qəlbi qırıq, yaralı оlmasaydı.
Оf… Duman çökdü yеnə bu könül dağlarına,
Kim gətirmiş adımı sоlğun dоdaqlarına?
Kim düşərdi həyatın görünməz ahlarına,
Bu könül о könüldən aralı оlmasaydı?
Kim məni saldı bilməm dayanılmaz bu dərdə,
Nərdə mənim öz yuvam, öz еlim, günüm nərdə?
Anam məni dоğurub yaşatmasaydı оrda,
Ya içimdəki bülbül оralı оlmasaydı…
“Ədəbiyyat və incəsənət”
(15.01.2026)


