Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Növbəti ekspress-sorğudayıq. Sualımız belədir: “Ən çox kim olmağı sevirik?”
Həyatımız boyu müxtəlif kimliklərə bürünürük. Kimi üçün valideyn – ata və ya ana, kimi üçün bacı və qardaş, kimi üçün həyat yoldaşı, kimi üçün övlad, kimi üçün dost, kimi üçün isə tanış oluruq. Bir çox kimliyimiz olur: yazıçı, müəllim (peşə kimliyi), oxucu, rəhbər, işçi, tələbə. Amma bəs özümüz ən çox kim olmağı sevirik?
NAİL ZEYNİYEV
Bəzən elə suallar olur ki, insan ona sadəcə güzgü qarşısında dayanıb öz kölgəsinə baxıb cavab tapa bilər. Çünki biz hər gün başqalarının gözündə başqa biri oluruq, amma gecənin sükutunda, yalnız qaldığımız zaman əslində kim oluruq?
İnsan özünü ən çox o kimlikdə sevir ki, orada heç kimə hesabat verməli deyil. Orada nə ictimai maska var, nə rol, nə də gözlənti. Orada yalnız sən varsan və öz həqiqətin. Məsələn, mən özümü ən çox şair olduğum anlarda tanıyıram ki, nə oğulam o zaman, nə qardaş, nə də bir peşə sahibi. Sadəcə bir qəlbəm ki, sözlər vasitəsilə nəfəs alıram, yaşayıram.
Şair olmağı sevmək başqa kimliyə oxşamır. Çünki şair olduğun zaman sən dünyanın ən çılpaq, ən müdafiəsiz, amma eyni zamanda ən güclü halındasan. Şair yazmır ki, karyera qursun, şöhrət qazansın, ya da pulunu çıxarsın. Şair yazır, çünki yazmazsa boğulur. O, hisslərini misraya salmır, hissləri onu misraya salır.
Şair olmaq deməkdir ki, sənin qəlbində hər şey çox həssasdır. Adi insan payızda yarpaq tökülməsini görür, şair isə vaxtın necə ağlayaraq ötdüyünü eşidir, payız yarpaqlarının xışıltısı onun ürəyinə başqa ahəngdə toxunur. Adi insan dostuyla görüşüb əl sıxa bilər, şair isə o əldə bütün ömrün izini oxuyar. Şair olmaq o deməkdir dünyaya başqalarının görmə bacarığı olmadığı bir gözlə baxmaqdır bəlkə də.
Amma həyatın faciəsi məhz bundadır çünki biz ən çox sevdiyimiz kimliyimizdə ən az yaşayırıq. Çünki dünya bizdən ana olmağı, ata olmağı, işçi olmağı, məsul vətəndaş olmağı tələb edir. Bizim sevdiyimiz kimlik isə adətən bir lüksdür buna görə həftəsonları, gecə yarıları, ya da heç vaxt yaşanılmayan bir arzu kimi qəlbimizdə daşıdığımız bir şey kimi qalır.
Mən şair olmağı ona görə sevirəm ki, orada mən ən səmimi, ən çılpaq, ən özüm olduğum kimlikdəyəm. Orada nə riyakarlıq lazımdır, nə diplomatiya, nə uydurma təbəssüm. Şair olanda sən öz dərdini, öz sevgini, öz qəzəbini, öz kövrəkliyini dünyaya göstərirsən və deyirsən: "Məni qəbul edin, ya etməyin, mən buyam".
Şair olmaq həm də tənhalığın ən gözəl formasıdır. Sən kağızla, sözlə, özünlə qalırsan. Və o anda heç kimə ehtiyacın yoxdur ki, səni başa düşsün. Çünki sən özünü başa düşürsən və bu, kifayətdir.
Bəzən insan elə bir kimlikdə özünü sevir ki, ona heç vaxt çatmayıb. Uşaqlıqda rəssam olmaq istəyib, amma mühasib olub. Şair olmaq istəyib, amma həkim olub. Səyyah olmaq istəyib, amma dörd divar arasında ömür keçirib. O zaman sevdiyi kimlik xəyal olaraq qalır və insan ömrü boyu ona həsrət çəkir.
Ən ağrılısı isə budur ki, biz özümüzü ən çox sevdiyimiz kimliyimizdə başqaları bizi tanımır. Çünki onlar bizi öz ehtiyacları prizmasından görürlər: sənə ana lazımdır, mənə rəhbər, ona həyat yoldaşı. Heç kimin sənin şair olmağına ehtiyacı yoxdur. Heç kim soruşmur ki, bu gün neçə misra yazdın, ya hansı hissi kağıza köçürdün. Amma sənə soruşurlar ki, işdə layihəni bitirmisənmi, evdə yeməyi bişirmisənmi, borc-borcunu ödəmisənmi.
Və biz köhnə paltarlar kimi bu kimlikləri geyinirik, çıxarırıq, dəyişirik. Səhər oyananda valideyn, işə gedəndə işçi, dostla görüşəndə dost, gecə yuxuya gedəndə isə... Kim? Bəlkə də heç kim. Bəlkə də hamısı.
Düşünürəm ki, insanın ən çox sevdiyi kimlik onun ən qorxusuz, ən səlis, ən həqiqi olduğu kimliyidir. Şair olmaq məhz budur qorxusuz olmaq. Qorxmamaq ki, səni başa düşməyəcəklər, qorxmamaq ki, sənə güləcəklər, qorxmamaq ki, sənin sözlərin havada qalacaq. Şair olmaq o deməkdir yazmağa davam etmək, heç kəs oxumasa da, heç kəs qiymətləndirməsə də.
Sonda belə bir həqiqətlə üzləşirik: biz özümüzü ən çox o kimliyimizdə sevirik ki, orada ən az yalan deyirik. Özümüzə yox, başqalarına. Şair olanda mən yalan danışmıram. Şair olanda mən öz dərdimi gizlətmirəm, öz sevincimi saxlamıram, öz acımı unutmuram. Şair olanda mən sadəcə... varam.
Və bəlkə də buna görə şair olmağı sevirəm çünki bu yalanlar dünyasında o mənim yeganə azadlığımdır.
“Ədəbiyyat və incəsənət”
(15.01.2026)


