Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bəzən sahibi çox əziz, dəyərli, amma özü anlaşılmayan bir yazı oxuyursan və anlayırsan ki, o yazı sadəcə boşluğa düşən birinin sözlərindən ibarət deyil. Orda cümlələr yox, hisslər danışır. Bu gün elə bir yazıya rast gəldim. “Unuduruq, unuduluruq”, – deyirdi. “Bəzən insanlar "həmişə xatırlayacam" deyir, amma artıq unudublar”. Daha sonra isə belə bir fikir vardı: “İnsanlarla yalnız ehtiyacımız olduğu üçün danışırıq, sonra araya soyuqluq girir”. Oxuyanda bir anlıq dayandım. Çünki o cümlələrdə tanış bir ağrı vardı. Tanış bir məsafə.
Və öz-özümə sual verdim: bəs, bizim aramıza niyə soyuqluq girmişdi?
Bu sual adətən səsləndirilmir. Çünki insanlar nəticəni danışmağı sevir, səbəbi yox. “Soyudu”, “uzaqlaşdıq”, “yollar ayrıldı”,- bunlar rahat cümlelərdir. Amma heç kim demir ki, bu məsafəni kim yaratdı, hansı anda susmaq danışmaqdan ağır gəldi.
Bəzən düşünürəm: görəsən, o yazını yazan insan bu sualı heç özünə veribmi? Yoxsa hər şeyi zamanın, həyatın, məşğulluğun üzərinə atmaq daha asandır?
Axı insan öz səhvini görməkdənsə, unudulduğunu düşünməyi üstün tutur.
Əslində, soyuqluq birdən yaranmır. O, xırda şeylərdən başlayır: vaxtında verilməyən cavablardan, yarımçıq qalan söhbətlərdən, “sonra danışarıq” deyib heç vaxt danışılmayan cümlələrdən. Bir gün baxırsan ki, artıq danışmağa söz qalmayıb, sadəcə susmaq qalıb.
İnsanlar bəzən deyir ki, “mən heç nə etmədim”. Amma etməmək də bir davranışdır. Susmaq da seçimdir. Geri çəkilmək də qarşı tərəfi tək buraxmaqdır. Və ən böyük səhvlər çox vaxt səssiz şəkildə edilir.
Ən ağrılı tərəfi isə budur: insanlar çox vaxt başqasının unutduğunu düşünür, amma öz unutduqlarını, geri çəkməyə çalışdıqlarını xatırlamırlar. Verdikləri vədləri, qorunmayan münasibətləri, vaxtında deyilməyən sözləri, ən əsası vəfanı unudurlar.
Bəlkə də məsələ unutmamaqdır.
Bəlkə də “unutdum” demək daha asandır.Çünki elə olur ki, insan unutmur- sadəcə unutmuş kimi davranır.
Xatırlamaq ağır gəldiyi üçün, incitməmək üçün, ya da yenidən eyni səssizliyə qayıtmamaq üçün…
Bəlkə mən də unutmamışam. Sadəcə xatırlamağı özümə qadağan etmişəm? Çünki hər xatırlayış bir sual doğurur: niyə belə oldu? Niyə?
Və bu sualın cavabı hər kəsin üzləşmək istədiyi cavab deyil. Üzləşərkən üzüldüyü cavabdır.
Bəzən belə bir yazını oxuyanda anlayırsan ki, o yazı tək sənin deyil, onun bütün unudulduqlarının hekayəsidir. Sadəcə onu yazan insan hələ də öz rolunu görməyə hazır deyil.
Və bəlkə də ən böyük məsələ unudulmaq yox, niyə susduğunu etiraf etməməkdir. Çünki unutmaq asan deyil.
Unutmaq da ayrılıqdı...
(Elbariz Məmmədli)
Taleyimə tən bilirdim mən səni,
Həsrət hardan gəlib çıxdı, əzizim?
Aylar-illər öz ömrünü yaşadı,
Səni yıxdı, məni yıxdı, əzizim.
Meydan bilib gəldi, gəzdi sinəmi,
Xoş duyğudan qəmə çözdü sinəmi,
Uzaqlığın elə üzdü sinəmi,
Ürəyimi nər tək sıxdı, əzizim.
Könül istər, ötənlərə yol ala,
Nə ürəkdə dərdə baxa, nə xala,
Baxıram ki, uçulubdu o qala,
İz zülmətdi, yol qırıqdı, əzizim.
İndi qəmin yedəyində əsirik,
Xəyallarda dəli kimi gəzirik,
Gendən genə yaşamaqdan bezirik,
Dərdə nə var, solan ruhdu, əzizim.
Hər gün min yol səni ansam, doymaram,
Sevdan üçün alovlansam, doymaram,
Ürəyimi unutmağa qoymaram,
Unutmaq da ayrılıqdı, əzizim.
“Ədəbiyyat və incəsənət”
(12.01.2026)


