"Sevdiyin şeiri gəl mənə söylə" Fərqanə Səfərli ilə Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri. 2026- ci il hər birimizə düşərli olsun.

 

Könülləri oxşayan, qəlblərin pıçıltısını dilə gətirən poeziya məlhəm kimidir. "Sevdiyin şeiri gəl mənə söylə" rubrikamız 2026- ci ildə də öz missiyasını davam etdirir. Beləliklə, bu ilin ilk qonağı həm qızıl əlləri ilə insanlara şəfa verən həkim , həm də sözləri ilə ruhu qidalandıran şair Fərqanə xanım Səfərlidir.

 

-Əziz Fərqanə xanım, xoş gördük. Sizə də " Sevdiyin şeiri gəl mənə söylə" - deyirik.

 

-Salam, əziz Ülviyyə xanım! Yeni təqvim ili hər birimizə düşərli olsun. Sevimli rubrikanızda mənə də yer ayırdığınıza görə sizə  təşəkkür edirəm.

Mən hər zaman düşünmüşəm ki, şeir kədərin məhsuludur, bu kədər özünün fəlsəfi rəngi ilə şeirin doğuluşuna zəmin yaradır.

Mənə görə şeirdə bir bəşəri çağırış, bəşəri məzmun olmalı, şeir oxucuya rahatlıqla  çatdırılmalıdır, amma yeni şəkli, yeni rəngi ilə... Elə bir rəng ki, həmişəki sözlər olsun, lakin  heç kimin görmədiyi biçimi alsın.

Ölüm və ona gözəl  gözəl təsvir vermək, yerlə göy arasındakı ahəngliyə qarışmaq və bunları poetik yükünü hiss etmək kimi ... Məhz bu səbəbdəndir ki, Müasir Azərbaycan ədəbiyyatının  görkəmli nümayəndəsi, xalq şairi Vaqif Səmədoğlu şeirlərini özümə yaxın bilmiş, hər zaman sevə -sevə oxumuşam, öyrənmişəm. Onun poeziyası ruhuma yaxın olub.

"Əlimi uzatdım sevincə sarı" şeiri isə sanki özümü ehtiva edib mənə.

Mən həkiməm, bu şeirlə bağlı rəy vermək mənə düşməz, peşəkar ədəbiyyat adamlarımız bu haqda ən doğru fikirlərini bildiriblər.

Ümidvaram ki, gələcək nəsillər də onun bu və digər şeirlərindən lazımınca yararlanacaqlar.

 

Əlimi uzatdım

Sevincə sarı,

Gördüm, yox,

Arada kədər dayanıb.

 

Atamı səslədim,

Köməyə gəlsin,

Gördüm, yox,

Arada qəbir dayanıb.

 

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm, yox,

Arada ömür dayanıb...

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.