Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Özünü aldatmaq nə ağır duyğudur, ilahi. Bunun bədəlini ödəmək olmur. Nə ürək dözür, nə də nəfəs almaq olur. Sözlər boğazında ip kimi sallanır. Nə ölə bilirsən, nə də qurtula. Bu, yaşamaqla ölmək arasında bir keçiddir. Hər gün yaşayaraq ölməyə bənzəyir.
Ən pisi də odur ki, sən inanmağa davam edirsən — bir gün hər şeyin yaxşı olacağına ümid edirsən. Amma heç nə düzəlmir. Bu, içdən çürümüş bir ağacın bar verməsini gözləməyə bənzəyir. Sən inanmağa davam etdikcə, o hər gün bir az da qoparaq yox olur. Və sən bir gün görürsən ki, artıq o ağaca nə etsən də faydası olmayacaq. Verdiyin nə sevgi, nə qayğı, nə mərhəmət onu yenidən canlandırmağa qadir deyil.
Bəzi şeyləri dəyişmək mümkün olmadığı kimi, qurumuş ağacı da geri qaytara bilməzsən. Çünki bəzi şeylər dəyişmir — nə qədər mübarizə aparsan belə.
Bəlkə də bu cümlələr sənə tanışdır. Bəlkə sən də özünü aldatmağa davam edirsən?
Əziz oxucum, özünü aldatma. Aldanmağın verdiyi əzab bir gün sağalır, amma özünü aldatmağın açdığı yara heç vaxt sağalmır. Sadəcə qabıq bağlayır. Heç gözləmədiyin anda, bir toxunuşla yenidən qanatmaq isə çox asandır.
Sən özün üçün ən yaxşı olanı hər zaman hər kəsdən daha yaxşı duyur, daha yaxşı görürsən. Həyatın üçün qərarları yalnız özün ver. Kimsəyə imkan vermə sənə toxunsun. Çünki özünü inandırdığın şeylər sənin gerçəyin yox, kölgən olacaq — hər zaman səni izləyən, amma heç vaxt qarşına çıxacaq cəsarəti olmayan.
Cəsur ol. Kimsə səni sevməsə belə, özünü sev. Sözünü sev. Yolunu sev. Həyat sevgidir. Sevgi yoxdursa, nə həyat var, nə də insan.
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)


