Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən elə hiss edirsən ki, bəzi həyatlar insanı özünə qaytaran aynadır. Sanki durduğun yerdə sərt küləyin sənə toxunduğunu hiss edirsən. Heç gözləmədiyin anda bütün vücuduna yayılır və səni titrədərək reallığa döndərir. O anda anlamağa başlayırsan.
Həyat insana bəzən yalnız bir dəfə şans verir. Fərq etməz harada və necə, hansı anda, hansı zamanda. Önəmli olan bu fürsəti əldən vermədən addıma çevirməkdir. Hər addımdan sonra daha sağlam basmağı, həyatın nəbzini duyaraq yaşamağı öyrənirsən.
Həyat yoldur. Yolçusu isə insandır. Yollar müxtəlifdir insanlar kimi. Paradoks ondadır ki, hər yol səni fərqli yerə aparsa da, qarşına fərqli insanlar çıxarsa da, sonda səni özünə qaytarır.
Ən sonuncu yol insanın özüylə baş-başa qaldığı yoldur. Bütün dayanacaqlar səni ora aparmaq üçün qurulmuş bir hazırlıqdır. Bu isə ən çətin olanıdır. İnsan özü ilə üzləşmək istəməz. Amma son da özü ilə üzləşməkdən keçir. Bundan qaçış yoxdur.
Bir gün getdiyin yolda yalnız özünü görəcəksən — olduğun, olmaq istədiyin və heç vaxt olmaq istəmədiyin halınla. Bu yolda sənə heç kim kömək edə bilməyəcək. Çünki burada yalnız sən və sənə qarşı olan baxışların var. Nə bir sorğuya, nə də cavaba gərək duyarsan.
Çünki insan başqalarından gizlədə bildiyini özündən gizlədə bilmir. Və o anda anlayırsan: bütün yollar səni həyata yox, özünə gətirib.
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)


