Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün ekspress sorğumuzu məndən əvvəl cavablandıran əməkdaşımız Aynurdan fərqli olaraq mən illərin qovuşuğuna xeyli skeptik baxıram.
İllər də günlər kimi bir-birini əvəz edir, tarixə qovuşur. Bizə isə "kaş"lar, "bəlkə"lər, "heç"lər qalır.
Düşünürəm ki, illər qovuşduqca hər 5-10 ildən bir insan həyatında çox möhkəm izlər qoyur. Ya gətirdikləri ilə, ya da apardığları ilə. Bəzən bəzi tarixə qovuşan illərin də özünü unudulmaz etməsi bununla bağlıdır. Məsələn,2 019, 2020 çoxunun dilindən düşmür. Çünki o illər çoxumuzdan çox şey aparıb.
İnsanlar da illərə bənzəyir. Tarixə qovuşur. Bir neçə il öncə yeni ilə bir girdiyin elə kəslər olur ki, elə bir neçə il öncədə də qalırlar. Çox qəribə deyilmi?! Birlikdə hər hansı ili, məsələn, 2022-ni qarşıladığın insanla indi tamamilə yadsan.
Gedən heç nə, heç kəs qayıtmır. Eləcə də illər. Və neçə il öncə deyinərək bitsin dediyin nələr üçünsə, burnunun ucu göynəyəndə anlayırsan ki, etmək istəyib etmədiklərin, istəməyərək etdiklərin - hər biri tarixə qovuşub, günlərlə, aylarla, illərlə birgə.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)


