Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Bu gün dünyada “Polyanna sindromu” deyilən bir anlayış var... İnsanlar hadisələrin yalnız yaxşı tərəfini görürsə, deyirlər: “Polyannaçılıq oynayır”. Nə anlayışın sosial-psixoloji izahından danışmaq istəyirəm, nə də Eleanor Porterin əsərindən qaynaqlanan anlayışın doğru-yanlışlığını müzakirə etmək... İstədiyimə çatmışam çünki...
1 il əvvəl bu kitabı alıb rəssam Günay Müzəffərə hədiyyə edəndə bircə şey istəyirdim: “Kitabı tezliklə oxusun və mən ona deyə bilim: SƏN MƏNİM POLYANNAMSAN!”
Oxudu...
Mən də dedim...
Göyçəli təbirincə desəm, həngamə bundan sonra başladı. “Sənə Polyanna lazımdır ki?”-deyə soruşdu Günay... Sonra sualı ümumi qoyduq: “Bizə - Azərbaycan cəmiyyətinə, xüsusilə, cəmiyyətin həmyaşıdlarımızdan ibarət kəsiyinə Polyanna lazımdırmı?”
Günay dedi:
-Bizim həmyaşıdlarımız üçün zaman bir az fərqli keçdi. Ya da həmişə belə olub, sadəcə, biz də ümumun içində xüsusiləşməyi seçdik.
Mən dedim:
-Bəzi insanlar özləri Polyannadır, bəzilərinin izə Polyannaya ehtiyacı olur. Bu mənada, bizim həmyaşıdlarımız özlərindən əvvəlkilərdən də, özlərindən sonrakılardan da daha cəsur çıxdılar. Bir-birinə Polyanna ola bildilər.
Gülümsədik... Desəm ki, ikimizin də gülümsəməsi eyni idi, dürüstlük anlayışı küsər məndən. O, Polyanna ola bildiyi ömürləri düşünürdü, mən mənə Polyanna ola bilənləri...
Mən soruşdum:
-Polyanna bizi təsirləndirir, amma təəccübləndirmir. Niyə?
Günay soruşdu:
-Yaşananların bədliyindən, ağırlığından asılı olmayaraq, hər şeyin yaxşı tərəfini görən, hamının gözlərini gözəlliyə açan bir qızcığazın yenilməzliyi bizi təsirləndirsə də, bu halları dəfələrlə yaşamış və yaşamaqda olan “90-lar uşağı” nəyə təəccüblənsin ki?
... Afət Tale... Bizə edilən ən gözəl naz Tale tərəfindən edilir, bizi üzən ən gözəl dərdi Taleyin ayağına yazırıq, bizi sevindirən xoşbəxtliyi belə, Taleyin ərməğanı sayırıq. Polyanna Taleyin sükanını əlindən almağı bacarmasa da, onun sərnişininə-bəxt yiyəsinə yol işarətlərini başdan-sona oxuyur. Və biz görürük ki, həmin işarətlər, həm də, xoşbəxtliyə gedən yolu göstərirmişlər...
Günay tərəddüd etdi:
-Polyanna insanlara həddən artıq mərhəmət göstərir, onlara yazığı gəlir. Kosmosun maqnetik aurasında bir növ yaşananları, şahidi olduqlarını özünə çəkdi. Sonra o, yatağa düşdü...
Mən tərəddüd etdim:
-Mərhəmət Şərq insanının həm ucalığı, həm də bəlasıdır. İnkişaf naminə bəzən qəddarlıq da labüddür. Amma bu şərqli düşüncəsini Polyannaya necə aid etmək olar, bilmirəm. Bəlkə də, Polyanna ona görə xəstələnmişdi ki, Tanrı görsün, bu balaca qızın toxunuşuyla ətrafındakı insanlar özlərinin dəyişib-dəyişmədiklərinin fərqindədirlərmi?
...Polyanna hamıya lazımdır. Bəxtəvərdir Polyannanı öz daxilində tapa bilən. Bəxtəvərdir Polyannanı əhatəsində olduğu insanlar içində tapa bilən. Amma bütün bunların-əsərin dünyadakı məşhurluğundan, sosial-psixoloji müzakirələrə mövzu olmasından, əsasında çəkilən filmlərdən, haqqında yazılan məqalələrdən, araşdırmalardan kənar qalaraq,-fövqünə yenə o möhtəşəm cümlə çıxır: “Azərbaycan oxucusu “Polyanna”nı oxumazdan çox öncə də “Polyannaçılıq oynamağı” bacarırdı. Çünki bizim təfəkkürümüzdəki zənginlik və müdriklik dünyaya nümunə ola biləsidir. Bizim “Dərdi də dərd etmə özünə, gülüm” deyən şairimiz də var (Səadət Asəf), “dərd daşından süzülməyən arınmaz” deyən folklorumuz da var, “ən gözəl sənət əsərləri daxili müharibələrin nəticəsidir” deyən yazıçımız da... (Mən).
“Xeyir və Şər” fəlsəfəsi, bu fəlsəfənin insanın daxilindəki inikası, Xeyirin-hər şeyi gözəl görməyin qələbəsi, bu qələbənin “hələ yaşamağa dəyər” təskinliyini oyatması (Məmməd İsmayıl) isə gələcək müzakirənin mövzusu olsun... Çünki indi ikimizin də -Polyanna olmağı bacaran rəssamın və Polyanna ehtiyacını daim duyan dərdəcər yazarın düşüncə döngələrində azmaq vaxtıdır...
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)


