3 gündə 24 yasaq düşüncə. 1-ci gün Featured

 

Xatirə Səfər, “Ədəbiyyat və incəsənət” üçün

 

1.Fərqli olmaq dar ağacına belə, əyləncə kimi baxmaq deməkdir.

 

2.Sənin bədənin dünyadan köç edir, amma sən bunun fərqində ola-ola bunu qəbul edirsən.

3.Tarix boyunca istənilən yaş dövründə ən dərin hiss və arzularını dilə gətirməyə çəkinən adamlarla zəngin olub Yer kürəsi. Bu, neçə illər sonra da belə davam edəcək. Çünki insan beyni öz həyatını bəzən öz əleyhinə kodlaşdırır.

4.Yasaq istəklər insanları həyata daha sıx bağlayır, etiraz ediləcək dərəcədə baş verən hadisələr daha çox diqqət cəlb edir.

5.Günah hər zaman ağrılı və qorxulu görünsə də, heç bir bəşər övladı onu etməkdən çəkinmir. Etdikdən sonra isə vicdanını rahatlatmaq üçün müxtəlif üsullara əl atmağa çalışır. Kimisi məscidin qapılarına üz tutur, kimisi evində səcdəyə qapılır, kimisi kilsəyə gedir, başqa biri gizli-gizli xeyir işlərlə məşğul olur ki, etdiyi hər hansı yanlış bir işi ört-basdır etsin. Maraqlıdır, bu vicdanın səsidirmi, yoxsa qorxunun yaratdığı saxtakarlıqdımı?

6.Həyatda ən qiymətli varlıq nədir, görəsən? Tanrı, valideyn, övlad, sərvət, yoxsa mücərrəd bildiyimiz şeylər – dostluq, sevgi, zaman, ədalət, ağıl, təfəkkür, idrak?.. Bu siyahını o qədər əlavələrlə davam etdirmək olar ki, sayı-hesabı bitməz.

7.Amma yenə də yasaqlar, “olmazlar” həyatımızdan əsla çıxmayacaq. Çünki yasaq düşüncələrin mənbəyi elə öz beynimizin məhsuludur. Zehnimiz bizi həmişə qorumaqla yanaşı, ağılsızlıqlara da sürükləyir.

8.Etdiyimiz hər hansı bir səhvə istənilən şəkildə bəraət qazandırmaqla ömrümüzün çox hissəsi keçir.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.