Yeni il bəzən yeni başlanğıc yox, sadəcə öyrəşməkdir Featured

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Heç vaxt zaman durmur. Zaman dururmuş kimi hiss etsən də, o dayanmaz. Zamanın axını elə güclüdü ki, bəzən gözünü yumub açana qədər yeni fəsil, yeni ay, hətta yeni ili qarşılayırsan. İnsan bir anlıq dayanıb düşünmək istəyir, amma zaman ona bu fürsəti vermir, sadəcə aparır.

 

Hər yeni ildə niyyət edən, qərarlar verən insanlar olur. “Bu ildən belə edəcəyəm” deyənlər çoxalır. Əslində isə Yeni il qabağı bizdə yaranan bu hiss qısaömürlü bir motivasiyadır. Bir neçə gün, bəlkə bir neçə həftə davam edir, sonra həyat yenə öz axarına qayıdır.

Hər il fərqli hadisələr baş verir. İnsanlar tez-tez deyir: “Bu il mənə düşərli olmadı”. Amma düşərli olmayan il deyil. Bəlkə də hər şey doğulmamışdan əvvəl yazılan tale ilə bağlıdı. Sadəcə bizim gözləntilərimiz çox olur. Və hər ilin sonunda eyni cümləni təkrar edirik: “Bu il də mənə düşmədi, kaş qarşıdan gələn il yaxşı olsun”.

İllər keçir, illər ötür. Heç fikir vermisiniz, bu ilki düşüncələr keçən ilin düşüncələrinə bənzəmir. Bu ilki havanın qoxusu belə, ancaq  keçən ilin xatirəsini xatırladır. Amma heç nə əvvəlki kimi deyil. Bəzən insanlar dəyişir. Bəzən isə həyat. Və sən nə qədər çalışsan da, keçmişin eyni qalmasını istəsən də, zaman buna imkan vermir.

Kim bilər, bu gün dərd etdiyimiz, ürəyimizə ağır gələn, gecələr yuxumuzu qaçıran şeylər illər sonra bizə mənasız görünəcək. Amma bu gün onlar gerçəkdir.

Yeni il təkcə təqvimdə dəyişən bir rəqəm deyil. Bu, insanın 365 günlük hesabatıdır. Bu il kim olduq? Nə itirdik? Nə qazandıq? Bu il kim olacağıq? Hansı səhvləri təkrar edəcəyik, hansını düzəltməyə cəsarət tapacağıq?

Və hər yeni ildə biz köhnə ilin hesabatını səssizcə təhvil veririk.

Amma elə hesabatlar var ki, kağıza yazılmır. Elə itkilər var ki, “keçdi” deməklə bitmir. Bəzən bir il içində bir insana alışırıq, onun varlığını həyatımızın adi bir hissəsinə çeviririk. Sonra zaman heç nə olmamış kimi onu bizdən alır. Və yeni il gələndə hamı ümidlərdən danışarkən, sən  boşluğu necə dolduracağını bilmirsən.

Yeni il gəlir, amma bəzi yoxluqlar köhnə ildə qalmır. Onlar bizimlə birlikdə yeni ilə keçir.

Və sən anlayırsan ki, hər yeni il həmişə yeni başlanğıc demək deyil.

Bəzən sadəcə bir az daha öyrəşməkdir. yoxluğa, səssizliyə, deyə bilmədiyin , ürəyində qalan sözlərə.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.