Ozan ürəyinin sazda çırpıntısı Featured

 

(Aşıq Aydın Çobanoğlu – 75)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Rəhmətlik Zəlimxan Yaqub deyirdi: “Saza baxsın tariximi yazanlar”. Saz səsinin içində ulusun ağrısı-acısı, gözləntisi, umudu, sevinci, qüruru və təntənəsi var. Sazın səsi tarixin, ruhun, yaddaşın səsliliyidir. Rəhmətlik Aydın Çobanoğlu da sazı sinəsinə sıxanda, onu sadəcə bir musiqi aləti kimi yox, ürəyinin ritmini ifadə edən, necə deyərlər, ruhi gücü kimi tutardı. Onun pərdələrə toxunan barmaqları təkcə notları deyil, həm də bir elin tale yollarını çalırdı, elə bil…

 

Gələn ilin ilk ayı Aşıq Aydının (Aydın Çoban oğlu Musayev; 18.01.1951, Əlimərdanlı, Tovuz -23.03.1993) 75 yaşı tamam olur. Ömrünü sazın, sözün, dastanın qutsallığına adayan bu sənətkar bir aşıq olaraq, el-obanın bədii yaddaşının qoruyucularından biriydi. O, sazın səsində tarixin, sözün sehrində nələrin, nələrin izini sürən bir ustad idi.

 

“Aydınam, haqqım yox, həyatdan bezim.

Niyə gül açmasın cığırım, izim?!

Yatsa ürəklərə söhbətim, sözüm,

Aşıq, bir gecə də qal, deyəcəklər”.

 

Ozan-aşıq sənəti Azərbaycanın ruhunu yaşadan nadir mədəniyyət xəzinələrindən biridir. Bu sənətin böyüklüyü ondadır ki, ustadlar təkcə öz dönəmlərinin deyil, həm də gələcək nəsillərin ruhuna işıq salır. Aydın Çobanoğlu da belə sənətkarlardan idi. Onun qoşmaları, gəraylıları, havası-havacatı, səliqəli oxumağı və ömrün vəfa etdiyincə apardığı araşdırmalar sanki keçmişlə gələcək arasında körpü salır.

O, elə bil sazın dilini bilirdi. Sözün sehrinə bələd idi. Sənətkarın oxuduğu havalar musiqi olmağın yanı sıra – elin tarixini, kimliyini, bütövlüyünü xatırladan, ruhları oyadan səs idi sanki. O səs ki, duyanlara qaranlıqda işıq, çətinlikdə dayaq olurdu.

 

“Elə bil ki, yox imişəm, yalanmışam, Allah, Allah”…

Yaxud,

“Qoy, bilinsin boşalan da, dolan da”!

 

Hər bir ustadın öz möhürü olur, deyirlər. Bəzən bu, bir şeirin misrası, bəzən bir irfani hava, bəzən də sadəcə baxışların arxasında gizlənən dərin bir kədərdir. Aşıq Aydın Çobanoğlunun möhürü sazın könlündə, xalqın yaddaşında yaşadı. O hər saz kökləyincə öz ürəyini kökləyibmiş...

İlahi ona

“Bir azca səs, bol söz, bir saz veribdi!” – deyirdi.

 

Pərvanələr kimi hər gün, hər axşam,

Xoşbəxtəm, başıma dolananım var!

Dözüb ayrılığın buz nəfəsinə,

Alışıb, oduma qalananım var…

 

Bu misralar onun sevgi anlayışını da, sənətə bağlılığını da ehtiva edir. Aydın Çobanoğlu üçün həyat “sazın dilində” danışmaq demək idi.

Saz – ona görə bir təskinlik, bir doğmalıq idi ki, onun içində həm vətən vardı, həm ata ocağı, həm də yığval.

Bax, bu cümlə onun poetik imzasına çevrilmişdi: “Ömrün etməyəcək vəfa, dedilər”… – Sözünü elə beləcə aydın deyirdi Aydın ustad. Həqiqətən də ömür ona vəfa etmədi; amma o, “dərya kimi doldu, təklik kimi çəkildi”, ulusun qəlbində yaşadı.

 

“Mərdi qova-qova namərd etdilər,

Siz Allah, qoymayın dağıldı dünya”.

 

“Tərlan baxışlı gözəldən,

Əldən əli üzülməsə”…

 

Onun ithafları da aşıq poeziyasının dərinliklərini göstərir. Səxavət Məmmədova, Aşıq Şakirə, Mikayıl Azaflıya, Salatın Əsgərovaya, Yunus Rzayevə və başqalarına ithaf etdiyi poetik xatirələr həm sənətkar duyarlığını, həm də vətəndaş mövqeyini üzə çıxarır.

 

“Çobanoğlu, qoy, cavanlar ucalsın…

Qoy, yetim qalmasın sazı Şakirin”.

 

Çobanoğlunun yaratdığı “İncəgülü” ansamblı, “Aygün”, “Günay” kollektivləri aşıq sənətində qadın ifaçılığına verdiyi töhfələrdir. Bu, bir mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də bir duruş idi – sazı yaşatmaq və gələcəyə daşımaq ərdəmli duruşu!..

Onun elə şeirləri vardı ki, oxuyanda insan sanki tarın pərdəsinə toxunurmuş kimi olur. “Yarı yar” adlı təcnisində belə deyir:

 

“Əgər dostsan, qismətini yarı yar”…

 

Ustadı anarkən onun sazına, sözünə bir salam göndərək. Ocağı sönməsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.