(Tarixin ən ədalətsiz Bonni və Klayd əhvalatına interpretasiya)
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
(əvvəli dünən yayınlanıb)
İnsanlar onları "əfsanə" adlandırırdı, amma onlar hələ də qalan çörəklər, köhnə maşınlar və gecə yarısı panikası ilə yaşayan iki nəfər idilər. Onların bandası bir cinayətkar maşını deyildi, bir kollektiv çarəsizliy idi. Hamı onların yanına gəlirdi.. Birinin pulu yox idi, digəri evini itirmişdi, üçüncüsü qaçmağa yer tapmırdı. Beləcə "Barrou bandası" adlanan şey yarandı. Amma bu, təşkilat deyildi. Bu, bir qaranlıq içində toplaşmış insanların "birlikdə yox olmaq" cəmiyyəti idi.
Hər gün ölmədən keçən gün, onların gündəlik bayramı idi.
Hətta mətbuat da onları sevirdi.
Hər şəkil, hər xəbər, hər qaçış, xalqı daha da heyrətləndirirdi. Amma mif böyüdükcə gerçəklik çürüyürdü. Çünki həqiqətdə onlar nə qəhrəman idilər, nə də tamamilə cani. Onlar sadəcə iki insan idi, sevgi ilə yox, ehtiyacla, cəsarətlə yox, çaresizliklə hərəkət edən. Onların hekayəsi dünya ilə bağlı idi. Dünya insanları küncə sıxanda, küncdən çıxanların adını "cinayətkar" qoyur. Amma bəzən onlar sadəcə nəfəs almağa çalışırlar. Onların ilk illəri yol kimiydi, uzun, tozlu, təhlükəli.. Amma nə qədər uzun olsa da, yolun sonu həmişə mövcuddur. İnsan bir ömür qaça bilər, amma ömür heç vaxt qaçmır. Və onların üzərinə qara buludlar yavaş-yavaş deyil, qəfildən çökməyə başladı. Həyat bəzən belə edir. Əvvəl illərlə gözləyir, sonra birdən bütün qəzəbini boşaldır.
Hər qarətdən sonra mətbuat onları daha da yaraşıqlı, daha da poetik, daha da əfsanə kimi göstərirdi. Bu, onları öldürən şey idi. Çünki polis romantika ilə məşğul olmur, polis yalnız koordinat görür. Hər yeni xəbər, hər yeni foto, hər yeni mif polis üçün bir növ xəritə idi. Onların izləri çoxalırdı. Hər cinayət romantikləşdikcə, onların gerçək həyatda gizlənmək imkanı daha da azaldı. Qaranlıq böyüdükcə, onların içindəki "azadlıq" adlı ideal kiçilməyə başlamışdı.
Klaydın bir adəti vardı. Qarətdən sonra yerdə heç vaxt sakitcə yox olmurdu. Bəzən masanın üstünə bir çürüməyən gül qoyurdu. Bəzən pəncərənin üstünə qısa bir misra yazırdı. Bəzən də sadəcə kassanın yanında tənhalığı xatırladan bir kağız buraxırdı. Bu, onun içindəki qaranlığın qəribə yumoru idi, elə bil deyirdi:
"Mən sizdən oğurlamadım. Mən sadəcə taleyimdən bir az vaxt oğurladım."
Polis üçün bu izlər təkcə dəlil idi. Amma Bonni üçün bu, Klaydın içindəki qırığın poetik boğulması idi. O, hər dəfə o misraları oxuyanda qəribə bir hüzün hiss edirdi, sanki qaranlıq özünü etiraf edirdi.
Sevgi bir vaxtlar onları özünə bağlamışdı. İndi isə qaçış və panika həmin bağı başqaydı. Bonni daha çox yazırdı. Klayd daha çox susurdu. Banda üzvləri daha çox qorxurdu. Hər səhər oyananda bir sual vardı. "Bu gün sona yaxınlaşdıq?" Onlar bilirədilər ki, hər qarət sonuncu ola bilər. Hər gecə son gecə ola bilər. Hər səhər onların son nəfəsi ola bilər.
Və bu qorxu sevgi yaratmırdı, bu qorxu sevginin içini boşaldırdı.
Onların komandasında hamı sədaqətli deyildi. Çünki insan aclıq və qorxu içində uzun müddət sədaqətli qala bilmir. Bəzi üzvlər polisə "kiçik detallar ötürürdü. Bəziləri sadəcə öz canını qurtarmaq üçün onları satırdı. Bir neçəsi də yaxşı pul və az cəza üçün onları tələyə verirdi. Bu xəyanətlər haqqında çox nadir hallarda danışırlar çünki mifin içində xəyanət yerinə düşmür. Amma gerçək həyat poetikliyi sevmir. Onların ilk ciddi pusqusunda güllə səsi çox idi, həyat isə az. Onlar qaçdılar, yaralandılar, iz itirdilər, amma o gündən sonra Bonni və Klayd artıq yalnız " qaçan cinayətkarlar" deyildi. Onlar övladını tez itirəcəyini bilən dünyanın yetimləri idi. İnsanın sonu yaxınlaşanda dünya dəyişmir, insan dəyişir. Bonni daha çox susurdu. Klayd daha çox gülümsəyirdi, ölümə yaxın insanlar çox vaxt qəribə şəkildə rahat olur. Onlar artıq bilirdilər ki, son qaçış “qaçış” deyil, sonun özü olacaq.
Hər dəfə maşına minəndə elə bil son dəfə minirlər kimi hiss edirdilər. Hər dəfə benzin dolduranda, elə bil axırıncı dəfə mühərrikin gurultusunu eşidirlər kimi. Həyat bir ömür boyu qəfəsdə saxladığı quşu azad edir.. amma yalnız uçub yox olmaq üçün.
Və nəhayət yol onların üzərinə bağlandı.
Səhər...Luizyanın səssiz bir yolunda bir çuxur. Pusqu qurulmuş, səkkiz nəfər silahlı.. Klayd sükan arxasında, Bonni yanında. Bonni qolundan vurulur. Və Klaydın ona son sözü "səni heçvaxt yarı yolda buraxmayacam" olur. Onların son anları romantik deyildi, hekayələrdəki kimi əl-ələ, gülə-gülə yox..Amma aralarında susqun bir razılaşma vardı. Hər ikisi bilirdi ki, bu, elə bu cür olmalı idi. Maşın döngəni keçəndə, taleyin tətikləri çəkildi.
Bir neçə saniyə...
167 güllə...
Deşik deşik bir 8 silindirlik Ford..
Və sükut..
Bitmiş yol.
Hər nə idisə, sevgi, qaranlıq, qürur, inadcıl ümid, səhv qərarlar, hamısı həmin yolda sönüb getdi. Bonni və Klaydın son izi. Polis maşına yaxınlaşanda bir detalı unutmadılar:
Bonni torbasında bir kağız var idi. Üstündə Klaydın qarətdən sonra yazdığı misralardan birinin davamı..
"Bizi öldürəcəklər. Amma heç kim bizim kim olduğumuzu anlaya bilməyəcək."
Həqiqətən də.. Onların kim olduğunu heç kim tam anlamadı. Kimisi onları qəhrəman, kimisi cani, kimisi isə sadəcə axmaq gənclər adlandırdı. Amma onlar hər şeydən əvvəl iki yaralı ruh idi..dünyanın qaranlığında bir-birlərini tapan, sonra o qaranlıqda birlikdə əriyən. Hekayələri ölüm ilə bitdi, amma əfsanələri boşluqdan doğuldu. Onlar hər qarətdən sonra sanki dünyaya bir "əlvida məktubu" göndərirdilər. Klayd bəzən kassanın üstünə bir gül qoyurdu, elə bil, zorakılığı bir az estetika ilə yüngülləşdirsən, günah da özünü daha az ciddi hiss edər. Bəzən də qısa bir şeir, bəlkə də özlərinə həsr olunmuş elegiyanın yarısı, bəlkə də onun heç özü də bilmirdi kimə yazır. Hər sətrində bir cür dolğun bir həqiqət dayanırdı: "Biz sizdən deyilik, siz də bizdən deyilsiniz." İroniya ondadır ki, qanun da onları həmişə belə oxuyurdu. İki gənc romantik yox, cəmiyyətin səliqəylə gizlətdiyi qaranlığın sızan damcısı. İnsanlar isə onları həm sevirdi, həm nifrət edirdi. Çünki hər kəs gizlində bilirdi. Əgər həyat bir az daha acı olsaydı, bir az daha sıxsa idi, bəlkə hər kəsin içində gizlənmiş bir Bonni ya da Klayd oyanardı. Heç kim etiraf etməzdi, amma bu ikisi insanlara çox təhlükəli bir şeyi xatırladırdı, azadlığın sərxoşluğunu. Onların son günlərində dünya qəribə dərəcədə sakit idi. Hava belə qərar vermişdi ki, artıq çox danışılıb. Pusqu isə sadə idi, xəyanət, qorxu, və bir az da adicə insan yorğunluğu. Həyat kimə nə vaxt satılacağını özü seçmir, kim ucuz alırsa, ona gedir.
Bonni həmin gün Klayda bir şey demişdi, çox sadə bir söz, "Hava sanki bizə baxır." Çünki bəzən dünya elə qəribə dayanır ki, sanki sonsuzluq bir anlıq nəfəs alır, sonra yenidən susur. Onlar maşında irəliləyəndə də belə idi, hər şey tutqun, amma aydın, elə bil ölüm özü işığa çıxmışdı ki, daha gizlənməyə ehtiyacı qalmasın. Sonra güllələr yağdı. Qanun onlara çox danışmağa imkan vermədi, heç vaxt verməmişdi, amma axırda daha çox tələskən idi. Ən dəhşətlisi isə odur ki, güllələrin səsi bütün dünyaya yayılsa da, onların susqunluğu daha yüksək idi. Bəziləri dedi ki, Bonni son anda əlini uzadıb Klaydın qoluna toxundu. Bəziləri dedi ki, Klayd son nəfəsində gülümsədi, gülüş sanki belə deyirdi, "Biz heç vaxt sizin olmamalı idik." Tarix dəqiq bilmir. Amma tarix heç nəyi dəqiq bilmir, sadəcə o qədər də maraqlanmır. Sonra dünya yenə işinə qayıtdı. İnsanlar bir az danışdı, sonra bir az unutdu. Çünki həyat belədir, ən yandırıcı alov da bir gün tüstüyə dönür. Amma hərdən kül üfürüləndə, bir qoxu qalır, yanmış azadlığın qoxusu. Bonni və Klayd, iki adamın hekayəsi deyildi. İki ümidin, iki qaranlığın, iki inadın hekayəsi idi. Çünki bəzən bütün sistemə qarşı çıxmaq üçün böyük planlara ehtiyac yoxdur. Bəzən yetərlidir ki, sevgini özündən qoparıb dünyaya doğru atasan, qoy o öz-özünə yansın.
Onlar öldü, bəli. Amma öldükləri gün bir şey dəyişdi, dünya bir anlıq güzgüyə baxdı və öz qaranlığını gördü. Gözlərini tez yumdu, amma gec idi, iz qalmışdı. Və o iz təkcə güllə deşiklərində yox, təkcə onların maşınında yox, təkcə bir neçə fotoda yox, o şeirlərdə, o güllərdə, və ən çox da insanların gizli arzularında qaldı.
Çünki hər birimizin içində bir nöqtə var ki, fısıldayır:
"Kimsə bizi görsün, kimsə bizi duysun, kimsə bizi anlasın."
Bonni və Klayd isə gördü, duydu, anladı, sadəcə dünyanın bunu qəbul etməyə gücü çatmadı...
“Ədəbiyyat və incəsənət”
(17.12.2025)


