(Tarixin ən ədalətsiz Bonni və Klayd əhvalatına interpretasiya)
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
1930-cu il, yanvarın 5-i, Dallasın tozlu, istilikdən yorulmuş məhəllələrindən biri.
Dünya hələ də Böyük Depressiyanın boğazında ilişib qalmışdı. O boğaz ki, milyonlarla insanı yavaş-yavaş boğurdu, amma heç kimi öldürmürdü. Həyat bəzi dövrlərdə belədir, nə həyatdır, nə ölüm. Arada qalmış, sürünən bir cəhənnəm. Beləcə səhnəyə iki personaj daxil olur.
Bonni Parker, romantik idealları ölən, amma hələ tabutu bağlanmamış qız
19 yaşında. Şeir yazır. Əri isə həbsdədir.
Həyat ona hələlik yalnız darıxdırıcı intizar verib. Bəzən taleyin ən qəddar tərəfi budur, səni öldürmür, sadəcə səni boş buraxır. Tanrı sanki onun həyatını yazmaqdan yorulub kitabı stolun üstünə atmışdı. Elə bil demişdi ki,"Sonrasına baxarıq"
Bonni isə "sonra" nı gözləməyəcək qədər həyatdan yorulmuşdu.
Klayd Barrou, xoşbəxtlikdən məhrum edilmiş oğlan
21 yaşında. Arıq, gözlərində bir az qəzəb, bir az yorğunluq, bir az da "artıq heç nəyə təəccüblənmirəm" ifadəsi. Taleyin bir insana edə biləcəyi ən pis şeylərdən biri də budur. Təəccüb hissini öldürmək. Klayd 1926–1929 arasında xırda oğurluq edirdi. Romantik səbəblərdən yox, sadəcə kasıb idi və dünya ona "başqa seçim yoxdur" deyirdi. Sonra düşdü" Eastham Prison Farm" həbsxanasına. O yer ki, insanı insan olmaqdan soyudan bir fabrik kimidir. Orada gördüyü zorakılıq, əzab və işgəncə onu qırdı, içindəki sonuncu "bəlkə bir gün düzələr" ümidini çürüdüb yedi. Klaydın həyat fəlsəfəsi qısa idi:
"Dünya məni incitdi. Mən də onu incitdim. Bərabərlik belə yaranır."
Yanvarın 5-i. Bonni dostunun evində idi. Dostu ayağını incitmişdi, Bonni də ona baxmağa gəlmişdi. Həyat bəzən belə məzəli olur. Dünyanın ən məşhur cütlüyünün taleyindəki ən mühüm dönüş nöqtəsi adi bir zədə üstündən gəlir. Klayd həmin gün orada idi, işsiz, pulsuz, gələcəksiz. Elə bil dünya onu atıb bir evin divar küncünə qoymuşdu ki, "bir az gözlə, bir bəla gələcək". Bonni mətbəxə girəndə Klayd orada dayanmışdı. Və Bonni, nədənsə, heç bir səbəb olmadan, ona isti şokolad hazırladı.
(Ən maraqlısı odur ki, tarixdə bu detal qalır. Onların hekayəsi isti şokoladla başlayıb. Taleyin yumoru bəzən çox incə olur.) Klayd o şokoladı içəndə heç nə baş vermədi… amma Bonni üçün nəsə dəyişdi. Qarşısındakı oğlanın gözlərində bir boşluq vardı, sanki taleyin cibindən düşmüş itmiş bir uşaq.
Bonni düşündü ki, "bu uşaq təhlükəlidir." Amma içində başqa bir səs də vardı: "Bu təhlükə mənə lazımdır."
Klayd isə Bonniyə baxıb düşündü:
" Bu qız məndən qorxmur… bu yaxşı əlamət deyil." O an, bir neçə saniyə, amma tarix üçün ən ağır saniyələrdən biri idi. Bu, nə romantik musiqi idi, nə film səhnəsi. Sadəcə iki yaralı ruh eyni otaqda dayanmışdı. Və hər ikisi içindən bunu hiss etdi: "Bu adam mənim sonum olacaq." Və bəzən insan məhz buna görə aşiq olur. O gün tarix də, həyat da, sağlam düşüncə də susdu. Səhnəyə yalnız iki xəyal daxil oldu. İki kölgə. İki yara. Eyni fəlakətin iki fərqli qəhrəmanı. Onların tanışlığı bir qığılcım idisə, birlikdə keçirdikləri ilk günlər artıq yanmaq üçün bəhanə idi. O qısa tanışlıq səhnəsi, isti şokolad, yüngül təbəssüm, bunların hamısı sadəcə küləyin oyunu idi. Çünki sevgi çox vaxt belə başlayır, yumşaq bir istiliklə, sonra insanın bütün həyatını yandıracaq bir alovla.
Bonni üçün Klayd bir xilas deyildi, bir bəhanə idi. İçində gizli saxladığı qaranlığı artıq "yalnız mən belə düşünmürəm" rahatlığı ilə paylaşa biləcəyi biri. Klayd üçün isə Bonni xoşbəxtlik deyildi, onun içindəki qırığın romantik şahidi idi. O qırıq ki, uzun illərdir paslanırdı və ona baxan heç kim qalmamışdı. Onlar bir-birlərinə sevgi ilə deyil, eyni boşluqla bağlandılar. İki insanın qəfil birləşməsi deyil, iki boşluğun qəribə rezonansı. İlk hədiyyə, isti şokolad, şirin xatirənin sonuncu nəfəsi. Həmin o isti şokolad. O, romantik jest deyildi. O daha çox belə bir mesaj idi ki, " üşümə. Bir azdan həyat ikimizi də elə titrədəcək ki, bu bir qurtum istini çox arzulayacağıq."
Yaxşı bəs sonra? Sonrası yalnız qaçış səsi.
Külək. Qorxunun içində qəribə həyəcan. Sonsuz yol və heç yerə aparan bir istiqamət. Həmin isti şokolad onların həyatındakı son "normal" xatirə idi. Ondan sonra hər şey ya çox sürətli, ya çox təhlükəli, ya da çox gec idi. Klaydın içindəki qırılma, insanın içindəki sükutun çığırtısıdır. Klayd çoxdan sınmışdı. Onu sındıran insanlar yox, insanların yaratdığı dünya idi. Bəhanələrlə dolu, ədalətsiz, soyuq və qaranlıq. O artıq düşünmürdü, düşünmək ağrı verirdi. O artıq gələcək planlamırdı, gələcək onsuz da onu istəmirdi. Və o artıq qorxmurdu, qorxmalı heç nə qalmamışdı. Bonni onun yanında olanda, bu qaranlıq daha da dərinləşirdi. Çünki artıq hər risk, hər cinayət, hər qərar bir növ şeirə çevrilirdi.
Qan, bir metafora.
Qaçmaq, bir manifest.
Səhv, taleyin yumoru.
Çox təhlükəli bir qarışım idi, şairəylə yara almış adamın ittifaqı. İlk cinayətlər, hələ məhvedici deyil, sadəcə başlanğıc idi. Onlar birləşən kimi, həyatdakı "nə qədər həminki idilərsə" hissi öldü. Artıq heç bir şey normal deyildi. Hər şey ya adrenalinlə dolu idi, ya gecikmiş qərarlarla, ya da düşüncə dərinliyi ilə. Onların ilk cinayətləri hələ qanlı deyildi. Kiçik oğurluqlar, maşınlar, mağazalar… Bonni gözləyirdi, Klayd oğurlayırdı. Sonra Bonni yazırdı, Klayd susurdu. Yazı ilə susqunluq arasında qəribə harmoniya vardı. Sanki biri bu hekayəni qələmə alırdı, digəri isə o qələmin içindəki mürəkkəbi tədricən qara rəngə çevirirdi. Bonninin fəlsəfəsi, ölüm qorxusu yox, boşluq qorxusuydu.
Bonni bir dəfə belə demişdi:
"Ölməkdən qorxmuram. Amma heç nə yaşamadan yaşamaqdan qorxuram."
Bu fikir onların bütün hekayəsini açır. O, ölmək istəmirdi. O, boş yaşamaqdan qaçırdı. İnsan ölümdən qorxanda, daha çox yaşayır. Amma insan boşluqdan qorxanda, daha çox risk edir.
Onların bütün qarətləri, bütün qaçışları, bütün qanlı səhifələri məhz bu qorxunun nəticəsi idi. Onların münasibəti sevgi deyildi, bir növ müqavilə idi. Bir-birlərinə sevgi ilə yox, birtərəfli təslimiyyətlə bağlanmışdılar. Bonni öz boşluğunu Klayda, Klayd öz qaranlığını Bonniyə həvalə etmişdi. İki əksik insan bir tam olmur. İki əksik insan birlikdə daha böyük bir əksiklik yaradır və həmin əksikliyin səsi, çox vaxt siren səsi kimi eşidilir.
Onların ya həyatları dəyişəcəkdi, ya da həyat onlara nəvazişsiz bir son yazacaqdı. Və həyat adətən bu cür insanlara yumşaq davranmır. Bəli, onların münasibəti artıq sevgi deyildi, o mərhələ çoxdan keçmişdi. Bu daha çox iki ruhun öz yaralarının bir-birinə pəncə vurub asılması idi. Elə bil həyatdan qurtulmaq üçün bir-birinə yapışmış iki ölümdən qaçan kölgə. İndi həmin kölgələr böyüməyə başlayırdı.
Klaydın ailəsi kasıb idi. Bacılar, qardaşlar, qohumlar… onların hamısı həyatın yaratdığı böyük çuxurun kənarında yaşayırdı. Bonni isə bir növ "şeir yazan qaranlıq" idi. O qaranlıq ki, artıq hər bir riski romantikləşdirə bilirdi. Onlar əslində "banda" qurmadılar. Dünya onları sağ buraxmadığı üçün, yaşamaq üçün məcburi bir "cinayət ekosistemi" yaratdılar. Bu, romantik qərar deyildi. Bu, zərurətin iti dişləri idi. Cahillər onları "macəra axtaran gənclər" adlandırırdı. Daha dərindən baxanlar isə görürdü ki, bunlar macəra yox, çıxış axtarırlar. Axtardıqları çıxışın bütün qapıları bağlı idi, qalan yeganə "qapı" bankların kassası idi.
İlk qarətlər, qaranlığın ritmini yoxlamaq üçün məşq idi. İlk qarətlərində güllə az, həyəcan çox idi. Onlar yanacaq doldurma stansiyasına və ya mağazaya girəndə adətən bunu edirdilər, əvvəlcə soruşurdular, "Pul sənin özünündür, ya bankın?" Bu sadə sual onların fəlsəfəsinin tək cümləlik manifesti idi. Çünki insanın ən çirkin tarixi bankların yaratdığı borc cəhənnəmində yazılıb. Əgər cavab gəlirdisə ki, "Bankındır." O zaman Klayd gözlərini qıyır, Bonni içindən qəribə bir rahatlıq keçirirdi. Çünki ədalətsizliyə vurulan hər zərbə, onların içindəki boşluğu bir az doldururdu. Əgər kimsə "yox, pul mənimdir" deyirdisə, boğazları düyünlənirdi. Klayd o pula toxunmurdu. Bonni də toxunmurdu. Onlar kasıbın əlindən çörək almırdı, çünki özləri də çörəksizliyin nə olduğunu yaxşı bilirdilər. Hətta bəzi qarətlərdə onlar aldıqları pulların bir hissəsini ehtiyacı olan ailələrə ötürürdülər. Qəhrəman deyildilər. Dünyanın simasını dəyişməyə gəlməmişdilər. Sadəcə özlərini qaranlıqda itirməmək üçün kiminsə işığından bir az götürürdülər. Bu, romantika deyildi. Bu, varoluşun özünümüdafiəsi idi.
Klaydın avtomobil fetişi, həmin o, əfsanəvi 8 silindirli deluks sedan Ford 40B qurtuluşun tək mexaniki ümid yeri idi. Klayd üçün maşın sükanına keçmək dua etmək kimi idi.
Sükan onun üçün həyatla bağlanan son ip idi. Və o ip çox köhnə idi, amma yenə də sınmırdı. Onlar qarət edəndə Klayd sükanı sıxır, Bonni isə pəncərədən çölə baxırdı. Bonni üçün bu qaçışlar şeir idi.
sürət, metafora...
güllələr ritm…
sirena səsləri, fon musiqisi.
İnsan yaşaya bilmək üçün bəzən ən dəhşətli səhnələri gözəlləşdirməli olur. Onların bütün cinayətləri bir şeir kimi yazılırdı, qaranlıq, təhrikedici, ölümə qəribə şəkildə yaxın.
Polis, qanun qoruyucusu yox, talenin göndərdiyi köhnə kabus kimidir. Ştatlararası polislər artıq adlarını eşidəndə dişlərini sıxırdı. Mətbuat isə onları romantikləşdirməyə başlamışdı, guya kasıb xalqın qəhrəmanları, guya imperiyanın düşmənləri, güya qədim zamanların cəngavərləri. Hakimiyyət üçün qorxu, xalq üçün ümid, mətbuat üçün hekayə idilər.
Amma onların özləri üçün kim idilər? Sadəcə daha bir gün sağ qalmaq amalı ilə yaşayanlar idilər!
(davamı var)
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


