(İstedadlı yazıçı-publisist Şükür Səlimxanlının əziz xatirəsinə)
Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün
Düşüncələrin, ideyaların fırtınalı dənizdi, gerçək imkanları ilə enerjisi üst-üstə düşməyən onlarla qələm adamı kimi sən də o dəryadan bir damcı qıydın oxuculara: vur-tut bircə publisist kitabın işıq üzü görmüşdü... nə vaxtsa... Nuh əyyamında... onun da adı bədniyabət idi... Hərlənib-fırlanıb qaramatlığın saldı üstünə...
Sənin yazılarına “oxumaq “feli yapışmırdı, rəsm əsəri kimi baxmaq gərəkirdi onlara. O rəsmlərdə duyğuları min kərə doğranmış, arzuları bağrının başından asılmış , hissələrinin tüstüsündə boğulmuş, real dünya dumanında yol azmış, sürreal zəvvarın göz dibindən süzülüb yalın ayaqlarını yuyan qara qan donub qalmışdı. Amma hər kəs sənin çöhrəndə donmuş təbəssümü görürdü. Arabir sözünün kəsəriylə ürəyini çərtib dağıdırdın o qara qanı, qırışığın açılırdı.
...Sən demə, qanlı, yalın ayaqlarınla haqqa doğru gedirmişsən...
Sözlə oynamağı çox sevdin. Şax üzünə də dirəndin, çımxırdın da üstünə. Əziz-giramin kimi əritdin, bəzən də daşa-kəsəyə döndərib qanmazı qandırmaq üçün atdın.
Sözə necə mehr verdinsə üşüdən qəlbləri isindirdi. Ya da tufana dönüb vıyıldadı.
Sən oturuşmuş söz süfrəsinə bumbuz, saf dağ suyu, tər-təzə bostan meyvəsi düzdün. Dialekt, şivə saydığımız ifadələri kəsib-biçib ümumişlək sözlər sırasına qatdın. Qürur duya bilərsən: söz urbanizasiyasında sənin də payın var.
Lekso-ekoloji dizbalansından, siyasi-sosial yeksənəklikdən, bəzən də naşı münasibətlərdən könlü qarsımız sözün burnuna dağ bənövşəsi tutub oyandırdın.
Amma ,öz aramızdı, dostum, bəzən də dəcəl uşaq odla oynayan kimi oynayırdın sözlə... Bəlkə... Allahım, onun alovu qarsdı ürəyini?...?
Yazıda öz yolun vardı, üslubunu tapmışdın, daha doğrusu o üslub üçün doğulmuşdun. Fəqət, bu amansız dünyada yaşam yolun dalana dirəndi.
Dolanbaclar, zillətli girdablar gözünü qaraltdı, əndişələrdən təntidin. Dostumuzz Sabir Sarvan ölüm xəbərini eşidəndə, Allah rəhmət eləsin, çox istedadlı insandı, - dedi – intəhası orbitindən çıxmışdı, geri – özünə qayıda bilmədi. Qayıda, bilməzdi də.
Son vaxtlar tez-tez müsəlman dünyasının böyük mövlası Həzrəti Əlidən sitatlar gətirirdin.
Problemlər baş yaran daşa üz-gözünü daraltdıqca Allaha daha çox bağlanırdın, iman kamilliyin şahidi olurduq.
Son görüşümüzdə - Əyyar Cəfərli və Niyaz da ordaydı – “mən bu qədər yaşadım, bu dünyanın fırlandığından, qəribə həyatın kələyindən heç baş çıxara bilmədim” ifadəsini yaman dilə gətirirdin.
Bəlkə elə o məqamda kasandra qanununun səmum yeli qulaqlarını döyəcləyirmiş: “tələs” deyə... Bəlkə elə o dəqiqələrdə “ölümün nimdaş sifəti” qəlbini oğurlayıbmış, xəbərimiz olmayıb...
O Nuh əyyamında çıxan kitabında kövrək bir cümlə vardı: “atam ölən gündən kürəyim yel çəkir”. Necə qıydın: Eminlə Rauf bu ifadənin acılığını indən belə öz talelərində yaşayacaqlar?
Ailənlə, övladlarına çox bağlıydın. Telefon zənglərinə Yardımlı ləhcəsində “ay can, başuva dönərəm, indi gəliyəm, hə neynək, alaram” əzizləmələrin qulaqlarəmdan getmir. Altı övladını – iki oğlunu, dörd qızını tamarzı qoydun bu cavablara.
Yardımlı, Çanaxbulaq – Lənkəran – Dərbənd – Sumqayıt ... Çətin, üzüntülü yollarda əziyyətə qatlaşdın, övladlarını şad – şalayın görməkdən ötrü əziyyətlər çəkdin. Fəqət, dolandığın dolanbac yollar ömründən uzun oldu.
...Bəlkə də bu dünyada ixtiyarımızda olan söz yükü yetmədi sənə, axı sən söz təşnəsiydin, köç elədin, tələsdin ki, dərgahdan ən ulu sözü öyrənəsən.
Çox istəyirdin nəsr kitabın çıxsın. Hekayələrini təqdim etmək fikrindəydin. Yarımçıq ömür hekayətin qabağa düşdü...
...Qəbrinin üstündə nəm torpaqda söz gördüm... qırov düşmüşdü o sözə...
“Ədəbiyyat və incəsənət”
(15.12.2025)


