Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Qulu Ağsəs Vasif Ayanın “Şəxsi əşyalar” verilişində deyirdi: “Şeiri yazıram, gizlədirəm, sonra üzə çıxarıram”.
Mən tam əksiyəm - yazılan kimi, tez vatsappdan həyat yoldaşım İlhama atıram, ardınca telefonda anama oxuyuram, sonra da sosial şəbəkədə paylaşıram.
Təkcə bu şeirim 1 ildir ki, üzə çıxmayıb... Niyəsini bilmirəm. Bu səhər redaktə etdiyim növbəti kitabı bitirdim və bu şeirimi hamı oxusun istədim... Xüsusi qeyd: hələ Şuşanı görməmişəm... Dua edin, vaxt və imkan olsun, mən də görüm...
Ağabəyim ağanın Şuşası
Laləli arzular tutdum adına,
Keçdim bu ömrün də yarı payından...
Bilmirsən nə qədər sığdım qoynuna,
Bilmirsən qürbətin necə böyütdü
Bir xalqın sapsarı həsrət payını...
Bir şair könlünün qürbət andına
Baxmadı taleyin qələm tutarı;
Yazdı ağ gününə qara kölgələr...
Bir şair könlünün saxlanc yerində
Kölgəyə çevrildi tüm sevgililər,
Bircə sən çıxmadın şair yadından...
Bircə sən sevildin umar-küsərsiz,
Bircə sən anladın o sevən qızı...
Keçdi bir qərinə xatirələrsiz,
İnsanın bədidir tarix oğrusu...
Adınla böyüdü şeirlər, ahlar,
Dərdi tanıyırsan, insan bağrında
Düyün dilləndirir, yumaq yeridir...
Səni lalə bilib sevdi doğmalar,
Qara xal sinəndə ocaq yeridir...
Çıxmadın yadından o şair qızın...
Çıxdın yuxusundan onun bir gecə
Gəldin arzusuna bu şair qızın...
Adına tutduğum lalə-arzular
Noyabr gecəsi açdı, ağladım...
Bağrında göz verən qara xalına
Vətən sevdasından cəsarət alan
Əsgər ürəyini nəzir bağladım...
...Səni unutmadı o şair qızın,
Adına çəkdiyi bayatı mənim
Şeirimin içində vüsal yaşayır...
Sən oldun bir xalqın Zəfər nəğməsi,
Sən oldun hünərin, əzmin həmdəmi.
...O şair qızından miras həsrətin
Bu şair qızına söz söylətdirir...
Misralar duamdır üzü göylərə,
Mən “Amin!” deyirəm,
Azərbaycanın
Hər kəndi, şəhəri “Şuşam!” eşidir!
(15 dekabr 2024-cü il)
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)


