Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Günəş yavaş-yavaş üfüqdən boylanır. Sanki hər tərəfi öz ağuşuna alıb isti nəfəsi ilə isidəcək. Günəşin parlaqlığı bir yaz səhərini xatırladır. Amma bu dəfə yad bir qoxu hiss edirəm. Mənə yazdan yox, başqa fəsildən xəbər verir.
Soyuq küləyin ətrafa yaydığı xoş ətir qışın sakitliyini xatırladır. Sanki qarın ilk yağacağı anı öz nəfəsində gizlədib, yavaşca üzümə toxundurur. Səhərin qəribə harmoniyasında həm günəşin istiliyi, həm də qışın soyuq nəfəsi var. İkisi bir - birinə qarışıb elə bir an yaradıb ki, nə yazdır, nə də qış. Havada qar qoxusu var. Hər nəfəsdə içimə çəkəndə o təmiz qoxunun bütün bədənimə yayıldığını hiss edirəm. Sanki bütün yorğunluğumu çəkib aparır. Özümü çox rahat hiss edirəm. Bu rahatlığın özündə bir çox duyğular baş qaldırır. Bəzisi tanış, bəzisi isə yeni hisslərdən xəbər verir.
İçimə doya-doya çəkdiyim nəfəsin insanı bu qədər azad və xoşbəxt hiss etdirəcəyini heç düşünməzdim. Bəzən yalnız bir soyuq nəfəs belə xoşbəxtliyin açarıdır. Mən bunu bu gün daha yaxşı anladım.
Hərdən gözümüzə kiçik görünən şeylərin əslində nə qədər önəmli olduğunu unuduruq. Dəyərini biləndə isə ya çox gec olur, ya da düzəltmək üçün fürsətin olur. Bu gün qışdan xəbər verən payız küləyi elə bir toxunuşla keçdi ki, sanki içimdə unudulmuş duyğuları oyatdı.
Bəlkə də, əsl həqiqət bəzən kiçik bir toxunuşda gizlidir?
Kim bilir?
“Ədəbiyyat və incəsənət”
(12.12.2025)


