Afaq Şıxlı,
şair-tərcüməçi, AYB Moskva bölməsinin katibi. “Ədəbiyyat və incəsənət” üçün
Bəzən özümdən soruşuram: “İndiki zamanda bizi nə ilə təəccübləndirmək mümkündür, görəsən?”
Bu sualın ardınca gəncliyim yadıma düşür; oxuduğumuz romanlar, izlədiyimiz filmlər… Günlərlə "20 000 lye su altında" əsərinin təsirindən çıxa bilmədiyimi xatırlayıram. “Balaca şahzadə”ni oxuyarkən xəyallar aləminə dalmağım, səmanı seyr edərək qəribə hisslərə qapılmağım da yadımdadır. E. Mahmudovun "Ulduzlar yolumuzu gözləyir" əsərini məktəbdə necə də həvəslə müzakirə edirdik… Hələ Ayzek Əzimovun, Rey Bredberinin əsərlərini…
Və sonra, indiki gənclərin oxuduğu kitabları və izlədiyi filmləri düşünürəm.
…Bəzən adrenalin sıçrayışları insan həyatına rəng qatmaq, onu maraqlı etmək üçün gərəkli olur. Bundan ötrü, bəziləri ayaqlarına kəndir bağlayıb özlərini uca körpüdən atırlar, bəziləri qəribə səyahətlərə - vəhşi heyvanlarla dolu çöllərə üz tuturlar…
Dünyanın müsibətli sonu, ulduz müharibələri və s. kimi qorxulu, dəhşətli 3D, 4D filmlərinin artıq izlənmiş olduğu, hər cür ağlasığmaz kitabların yazıldığı və onların klassik əsərlərdən dəfələrlə populyar olduğu bir dövrdə, bu sual yenə də meydana çıxır: “Bizi nə ilə təəccübləndirmək olar? Müasir insana nə ilə təsir etmək mümkündür?” Ümidsizcə “heç nə ilə” demək istədiyimiz anda, həyat özü bizi təəccübləndirir…
Bir gün (təqribən 15 il öncə), sevdiyim yazar və rəfiqəm Nisəbəyim xanım mənə “Online” adlı romanını göndərmişdi. Mövzusu mənim ixtisasıma yaxın olduğu üçün oxuyub fikrimi bildirməyimi istəmişdi.
… Əsərin başlığına baxıram ilk öncə - “Online”. Fantastik roman. Bunlar məndə maraq yaradır, amma qarşıda Çanaqqala səfərim də var. Romanı özümlə götürdüm.
Türkiyənin “18 mart” universitetində təşkil olunmuş “Azərbaycandan Kosovaya! Türkiyə dışında müasir türk ədəbiyyatı” konfransında çıxış etdim və İstanbula dönüşümdə bütün yol boyu bu əsəri oxudum… Su kimi axıcı, gözlənilməzliklərlə dolu və hər kəsi, amma hər kəsi həyəcandan-həyəcana salacaq bu romanı göz qırpımında oxuyub bitirdim və necə oldusa, hər abzası əzbər söyləyə biləcəyim qədər yaddaşıma həkk oldu…
Azərbaycan ədəbiyyatında elmi-fantastik janr elə də çox yayılmamışdır. Bu janra müraciət edən yazarın geniş xəyal dünyası, fizika, astrologiya, təbabət və s. sahələrdə dərin biliyi və məlumatı olmalıdır. XX əsrin 50-60-cı illərində fantastikaya müraciət edən Emin Mahmudovun, Namiq bəyin bəzi əsərləri orta və yaşlı nəslin yadından hələ də çıxmayıb. Hətta bir neçə il öncə riyaziyyatçı alim və uşaq yazarı Reyhan Yusifqızı Şıxlinskayanın “Yaşıl gözlü qız” povesti də böyük diqqət cəlb etmişdi. O, Ankaradakı ədəbi yarışmada 3-cü yeri tutmuş və Azərbaycanda orta məktəb dərsliyinə sinifdənxaric oxu kimi daxil olmuşdu.
Lakin elmi fantastikanı və ölməz ülvi məhəbbəti qoşalaşdıran, qəlblərin dərinliyinə sirayət edəcək bir əsər Azərbaycanda və hətta deyərdim ki, dünya miqyasında yazılmamışdı, elə bir əsər ki, göz yaşlarsız oxumaq mümkün deyil.
Bəli, “Online” məhz belə bir əsər idi!
Əslində məhəbbət – insanlığın ən böyük möcüzələrindən biridir. Təəssüf ki, bəzi “ürək” sahibləri onu yox bilir, fantaziya hesab edirlər. Bu baxımdan, Nisəbəyim xanım fantastika ilə məhəbbət mövzusunu birləşdirməkdə qətiyyən yanılmamışdı.
İlk öncə deməliyəm ki, Nisəbəyim xanım öz romanında dostlarına sürpriz hazırlamışdı.
Əsərdəki surətlər - onun dostları, əzizləri və ümumiyyətlə, həyatda tanıdığı adamlardır. Romanın baş qəhrəmanlarından biri olan doktor Arzunun soyadının Şıxlı olduğunu görərkən içimi qəribə bir duyğu bürümüşdü. Boynuma alıram ki, oxuduqca, müəllifin böyük məhəbbətlə yaratdığı bu obrazda özümün müəyyən keyfiyyətlərimi görmək (həkim olması, piano çalması, tərcümə işini sevməsi və s…) məndə çox xoş hisslər oyatmışdı.
Hüqo Şteynhausun qəribə bir fikrini xatırlayıram: “Yazarlar görəndə ki, həyat – bərbad romanlara bənzəyir, fantaziyalarını işə saldılar”.
Tom Klensi isə belə yazırdı: “Reallıqla roman arasındakı fərq odur ki, romanlarda məna vardır”.
Deyim ki, əsərin başlığındakı fantastika sözü tez bir zamanda yaddan çıxır… Möcüzələr çox sadə şəkildə günümüzün real problemləri içərisində həll olur və sən, oxuduğunun fantastik əsər olduğunu tamamilə unudursan. Olması mümkün olmayanlar olarlara elə ustalıqla sintez olur ki, sanki elə belə də olmalıymış…
Hadisələrin inkişaf tərzi də çox gözəldir. Hər şey ən asan, amma eyni zamanda, ən ağlagəlməz tərzdə baş verir.
Əsərdə hadisələrin birinci şəxsin - Arzunun dilindən verilməsi və Eminin yazdığı məktublar yazıçıya imkan verir ki, qəhrəmanların həyəcanlarını, duyğularını dərin və canlı təsvirlərlə ifadə edə bilsin. Biz, obrazların keçirdikləri hisslərlə birgə, bir zamandan digərinə keçirik.
Çox vaxt dostlarım məni “şair ürəkli həkim” adlandırırlar. Mənsə Nisəbəyim xanıma “həkim ürəkli yazar” deyərdim. Onun təbabətə, həkimlərə olan sevgisi hiss olunacaq dərəcədə aydın və qabarıq idi. Əsərdəki elmi dialoqlar, mübahisələr və tibbi terminlər müəllifin istedadlı və bu sahədə yazmağa hazırlıqlı olmasından xəbər verir. Və qeyd edim ki, bu əsər Nisəbəyim xanımın təbabət qatqılı ilk əsəri deyildi. Yazar bir neçə dəfə bu mövzuya müraciət etmişdir ki, bu da onun ruhən təbib olmasına dəlalət edir.
Romanda mistika ilə reallıq, fantastika ilə elm bir-birini tamamlayır. Bəlkə də əsərin cazibadarlığının sirri məhz bundadır. Müəllif elmin, tərəqqinin insanların iradəsindən asılı olduğunu dönə-dönə önə çəkir.
Akademik Məlikovun simasında Azərbaycan elmi üçün, insanlıq naminə fədakarlıqla çalışan, milli koloritli, zəhmətkeş, daxilən güclü bir alim obrazını bizlərə təqdim edir. Onun tələbələrinə qayğıkeş münasibətini, mehribanlığını, istedadlı gənclərə olan təəssübkeşliyini örnək olaraq üzə çıxardır.
Əsərin qəhrəmanı Arzu Şıxlı – savadlı, hərtərəfli biliyə malik, duyğusal və təmiz mənəviyyatlı bir qızdır. Onun sevgisi də, təbabət sahəsindəki nailiyyətləri də hər bir müasir Azərbaycan qızına nümunə ola biləcək qədər mükəmməldir.
Nisəbəyim xanım, bir gənc qızın qəlbinin təlatümlərini elə qadir ustalıqla təsvir edir ki, buna yalnız afərin demək olar:
“…Sakitlik idi. Payızın belə sakit günlərini çox sevirdim. Saatlarla ağaclara, rəngarəng yarpaqlara, payız çiçəklərinin qeyri-adi gözəlliyinə baxmaqdan doymurdum. Qəlbim anlaya bilmədiyim duyğularla dolurdu. Bəzən payızın səsini eşidirdim. İçimdə payızın notlarını çalırdım. Burada fortopianom yox idi. Onu çalmağın həsrətini çəkirdim. Ürəyim dolub – boşalırdı. Evə gedib anamı zorla razı saldım ki, dənizin sahilinə gedək. Ruhum heç yerə sığmırdı. Çox darıxırdım.
Emin üçün, qoyub gəldiyim zaman üçün, özüm üçün, daha bilmirəm nələr üçün çatlayacaq qədər darıxırdım. Nə qədər çox sevsəm də, içimdəki boşluğu anam da doldura bilmirdi. Naməlum bir duyğu, bir yol məni güclü bir cazibə ilə Eminə sarı çəkirdi…”
Emin obrazı da çox böyük məhəbbətlə yaradılmışdır. Yazıçı – vicdanlı, humanist, sədaqətli, sevgini ülviyyətə ucalda biləcək bir insan surəti təsvir etmişdir. Aradan ötən illər, nagümanlıqlar və boşluqlar Eminin qəlbindəki sevgi ocağını söndürə bilməmiş, əksinə, daha da gücləndirmişdir. Oxucu üçün bir an kimi, ayrı düşən sevgililər üçün isə qərinəyə bərabər keçən bu 20 ildə mükəmməl bir şəxsiyyət kimi formalaşan insan surəti görürük. Emin - məhz sevginin yaratdığı insandır.
Nisəbəyim xanım, “sevirəm” dedikləri qadın yanlarında ola-ola xəyanətkarlıq və yalan kimi alçaq hisslərə qapılan kişilərin qarşısına Emini çıxarır və dəyanət mücəssəməsi olan bu obrazla onlara sanki meydan oxuyur.
Məncə, əsərin sevgi xəttini diqqətlə izləyən hər bir gənc qız, qismətinə yalnız belə bir oğlanın çıxmasını arzulayar:
“…mənə elə gəlir ki, sən hardansa mənə baxırsan, məni görürsən. Sən məni xilas eləmək üçün çırpınırsan. Amma əlində deyil, sən də sanki dustaqsan hardasa… sən də əzab çəkirsən. Mən bu əzabı duyduğum üçün toparlana bilmirəm. Sən əgər bilsəydin, neçə dəfələrlə intihar eləmək istəmişəm. Son anda yenə sən məni xilas etmisən. Fikrimə gəlib ki, birdən gələrsən, məni tapmazsan. O zaman sənin halın necə olar? Hara gedərsən? Kimə gedərsən? Axı, bu dünyada məndən başqa heç kəsə gedə bilmirsən. Heç kəs səni görə bilməz, tanımaz… buna görə fikrimdən daşınmışam. Məchulluq məni öldürür. Əgər bilsəydim ki, özümə qəsd eləməklə səni tapacağam, bunu bir an düşünmədən edərdim. Amma bilmək mümkün deyil… əmin deyiləm… heç əmin deyiləm… Heç cürə alışa bilmirəm yoxluğuna. Son görüşümüzdə dediklərini xatırlayıram tez-tez. Demişdin axı, “Yadında saxla, əgər bir gün mən yanında olmayacamsa, sənə gələ bilməyəcəmsə, bu – o deməkdir ki, gəlmək üçün heç bir yol, heç bir imkan yoxdur. Harada olmağımdan asılı olmayaraq ruhum yanında olacaq, səni əbədi olaraq sevəcəyimə əmin ol! Buna heç vaxt şübhə eləmə!” Mən də bunu hər zaman yadımda saxladım və səni gözlədim…”
Əsərin qəhrəmanlarından biri olan Solmaz müəllimə də çox maraqla və hörmətlə qələmə alınmışdır. O, qəlbimizdə və ruhumuzda daşıdığımız fədakar Ana obrazıdır. Gəncliyindən qara saçını ağ hörüb min bir əziyyətlə, məşəqqətlə övladlarını cəmiyyət üçün sağlam ruhlu, vətənpərvər, layiqli vətəndaş kimi böyüdən bu ana, həqiqətən də, böyük sevgiyə layiqdir.
Mən “Online”-a Nisəbəyim xanımın böyük uğuru deyərdim! Romandakı həsrət-vüsal təzadları, mənfi və müsbət surətlər o qədər güclü və canlı təsvir edilmişdir ki, bütün bunların real həyat olmadığına inanmırsan. Obrazların mənəvi zənginliyi, geniş dünyagörüşü, yüksək əxlaqi keyfiyyətlərə malik olması gəncliyə olan inamı artırır. Qəhrəmanlar canlı insanlar kimi həyatımıza daxil olurlar; onlarla bərabər həyəcan keçirir, onlardan ötrü darıxırsan.
Əsər nə qədər müasir olsa da, texnologiya əsri ilə həmahəng səslənsə də, mövzunun daxili qatında dərin millilik, ənənəvilik, kökdən gələn psixoloji kolorit vardır.
Əminəm ki, hər hansı bir amerikan kinosenaristinin və ya rejissorun əlinə belə maraqlı material düşsəydi, gözü həyatın hər üzünü görmüş müasir insanın ürəyini belə riqqətə gətirəcək bir film çəkərdi və bu film rekordlar qıracaq qədər pul qazandırardı - həm rejissora, həm də müəllifə.
Təəssüf ki, adını böyük sevgiylə andığım yazdığım Nisəbəyim xanım, artıq bu dünyada yoxdur… Azərbaycan ədəbiyyatı noyabrın 26-da çox istedadlı bir yazarını itirdi.
Amma inanıram ki, onun ruhu əsərləri ilə birlikdə yaşayacaq, ürəklərdə əbədi iz qoyacaqdır.
Ruhun şad olsun, əziz Nisəbəyim!
“Ədəbiyyat və incəsənət”
(01.12.2025)


