Tələbə yaradıcılığı - Yusif Əhmədin hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə NDU-nun Jurnalistika ixtisası üzrə I kurs tələbəsi, TEC Yazarlar klubunun üzvü Yusif Əhmədin “Son anımın rəngi al” adlı hekayəsi təqdim olunur.

 

 

YUSİF ƏHMƏD

SON ANIMIN RƏNGİ AL

 

Hava al qırmızıya boyanmışdı. Saat 6-ya qalırdı. Sentyabr artıq çoxdan gəlmişdi. Günlər qısaldıqca qısalırdı. Bakının küçələrində işdən evə yorğun gələnlərə, belində ağır yük daşımaqdan birtəhər olmuş abituriyentlərə daha çox rast gəlinirdi. Amma ilin hansı fəsli olmasına baxmayaraq, o, hər zaman Bakı küçələrində fəaliyyətdə idi. Maşınında oturub siqaret tüstülədirdi. Ətrafdan soyuqqanlı görünsə də, əslində onun içində çılğın bir adam yatırdı. Əlbəttə, o, iş rejimində soyuqqanlı görünməli idi. Çünki işi ondan soyuqqanlılıq və yüksək zəka tələb edirdi.

O, Prokurorluğun kiçik ədliyyə müşaviri, 27 yaşlı İskəndər Kaplanov idi. Bu gün o, tək deyildi. Yanında araşdırmaçı jurnalist dostu Artur Cabbarov da var idi. Onlar birgə əməliyyatda idilər. Maşında oturmaqlarının səbəbi onlara tapşırılan adamı izləmək idi.

    Fikrin nədi, rəis? — deyə Artur uzaqlara tamaşa edərək dilləndi.

    Hələlik bizə izləmək tapşırılıb. Bu adamın işdə əli olmağına inanmıram. Bir də ki, axı bu işi mən iki gündü götürmüşəm.

    Əvvəldən götürsəydin, tapmışdın, hə? — deyə Artur güldü.

    Mən elə şey demədim, — İskəndər də güldü. — Bu nə qədər qumar oynayır… Deyim ki, külli miqdarda pul udur, yox. On dəfə oynayır, bir dəfə udur, — deyə bir az oturacaqda yerini rahatlayıb ətrafa nəzər saldı.

Gözünə dayanacaqda bir cütlük dəydi. Bir müddət acı-acı bu cütlüyə tamaşa etdi. Uşaq yaşlarından onunla oynayan, küsəndə günlərlə danışmayan, aldığı yeməkləri hər zaman onunla bölüşən və artıq son yeddi ildə onu görməyən Saranı görmüşdü bu gün. Necə də dəyişmişdi… Əslində içində sevinirdi Saranı görməyinə. Əgər Sara tək olsaydı, heç tərəddüd etmədən ona yaxınlaşardı. Çünki içində bu qıza qarşı hissləri hələ də ölməmişdi. Bir tərəfdən də ona baxdıqca peşmançılıq hissi keçirirdi.

Kaplanov maşından düşüb damağına bir siqaret qoydu. İstəyirdi ki, Sara onu görsün, heç olmasa bircə dəfə olsa belə onun gözlərinə baxsın, uzaqdan-uzağa onunla danışsın. Heç olmasa indi ona “Mən hələdə səni sevirəm” sözünü desin. Gözlədikləri marşrut gəldi. Sara və həyat yoldaşı marşruta minərək getdilər. İskəndər özündən asılı olmayaraq cəld maşına əyləşib Artura tərəf döndü:

    Artur, düş, sən izlə bunu. Mən gələcəm indi, bir az tez.

    Nə olub?

    Düş, gələcəm birazdan.

Artur maşından düşdü. İskəndər yüksək sürətlə birbaş onların mindiyi marşrutu izləməyə başladı. İndi ona yalnız və yalnız Sara maraqlı idi. Bircə evinin yerini bilsəydi, hər gün onu görməyə gələrdi. Ən azından onu bircə dəfə görüb illərdir içində daşıdığı o acını,  peşmançılığını ona deyəydi.

Marşrut Saragilin düşdüyü dayanacaqda saxladı. Onlar piyada deyəsən evlərinə tərəf gedirdilər. İskəndər maşından enib onları izləməyə başladı. İçində qorxu, həyəcan, sevgi, boşluq hissləri bir-birinə qarışmışdı. Axı asan deyil — neçə il gözünə görsənməyən sevdiyi qadını uzun aradan sonra görmək.

Evlərinin yerini artıq öyrənmişdi. Yəqin ki, səhər tezdən gələcəkdi Saranı görməyə. Maşına əyləşib Arturun yanına qayıtdı. Amma Artur yox idi. Deyəsən, izlədikləri adamın izinə düşmüşdü. Zəng vurdu Artura:

    Alo, hardasan?

    Bayaq hansı yönə getmişdinsə, o yönə tərəf gəldim.

    Niyə?

    Çünki izlədiyimiz adam bu yönə doğru istiqamət aldı.

    Yaxşı, hansı tərəflərdəsən, de, gəlim.

    Əslində gəlməyə ehtiyac yoxdu, görüm nə baş versə, yığaram sənə.

    Nə deyirəm, yaxşı.

    Yaxşı.

    Artur…

    Buyur.

    Sən Allah, incimədin?

    Yox, əşi, nə incimək.

    Çox sağ ol.

    Sən sağ ol.

Səhər tezdən Saranın yaşadığı binanın təxminən 100 metr aralığında qara “Mercedes” dayanmışdı. Hava yenə al qırmızı idi. Eynən ona kəndlərindəki havanı xatırladırdı. Əslində İskəndər gecə yarısı Arturu evinə qoyduqdan sonra elə Saragilin yaşadığı yerə gəlmişdi. Çox həyacanlı idi. Tutaq ki, Sarayla qarşılaşsa ona nə desin axı? Bir anlıq uşaqlıq xatirələri canlandı beynində.

    İskəndər, anam yemək bişirib,  gəl, gedək bizə.

    Nə tez acdın, indi meyvə yedik də.

    Sənə nə var e, dedim, gedək də.

    Deyirəm, Sara, nə tez böyüdük, o gün hələ təzəcə məktəbə gedirdik, indi isə bu il məktəbi bitirəcəyik.

    Hə, ay İskəndər, həə… Bu kənddə nə qədər xatirələrimiz oldu. İndi dağılışacağıq, hərəmiz bir yönə gedəcəyik. Prokuror olacaqsan sən, hə?

    Allah qoysa, hə. Bilirsən də, uşaqlıq arzumdu.

    Bilirəm. Qorxuram ki, prokuror olandan sonra bizi saymayasan.

    Elə şey olar? Sən gəlməyəcəksən Bakıya?

    Nə bilim, əsas odu, sən get. Sonra bizi də apararsan, — deyə gülüşdülər.

    Ancaq heyif, heyif ki, atam oxumağıma icazə vermədi.

    Həə, — deyə İskəndər təəssüflə dedi.

    Cəmi ikicə ay qalıb məktəbi qurtarmağımıza.

    Ay elə demə, darıxıram.

    Mənə kim tort bişirəcək?

    Bax, ağladacaqsan indi məni. Elə danışırsan ki, elə bil heç qayıtmayacaqsan buralara.

    Həyatdı da, ola bilər də.

    Nəhs-nəhs danışma, gəl gedək yeməyə.

İskəndər bu xatirələri yadına saldıqca gözləri dolurdu. Bu bir gündə içini necə ağır boşluq hissi tutmuşdusa, siqareti siqaretə calayırdı. Görünür, peşmançılıq çəkirdi. Nəyə görə peşman olmuşdu görəsən? Hə, onu da xatırladı.

İskəndər artıq sevdiyi peşəsinə qəbul olmuşdu. O, iki gün sonra oxumağa Bakıya getməli idi. Sara ilə kənddə həmişə birgə oturduqları bir yer var idi. Bu yerdən gün batımı olduqca aydın və gözəl görünürdü. Onlar həmişə bu gün batımını birgə izləyərdilər.

Həmin gün İskəndər yenə Sara ilə bu yerə gəlmişdi.

    Çox gözəldi, hə? — Sara İskəndərə günəşi işarə edərək dedi.

    Bu gün yox, — deyə kədərli şəkildə İskəndər Saraya baxdı.

    Niyə?

    Çünki mən gedirəm. Bu gün batımını orda görəndə biz gələcəyik yadıma və mən darıxacam.

    Mən də darıxacam. Amma qayıdacaqsan da sən?

    Əlbəttə qayıdacam.

    Sən Allah, düzünü de, Bakıda qızları görüb yaddan çıxarmayacaqsan məni?

   İskəndər laqeyd halda onun üzünə baxıb dedi:

    Yox, ay qız, mən heç qız görəcəm ki, səni yaddan çıxarım?

    Yəni demək istəyirsən ki, əgər görsən, yaddan çıxaracaqsan da?

    Yox, əlbəttə ki.

    Yaxşı da, İskəndər, — deyə Sara güldü.

   Sara bir az İskəndərə doğru əyildi:

    Sevirsən məni?

İskəndər bu sözdən tutuldu. Uşaq yaşından bu qızla böyümüşdü. Günü-gündən ona olan sevgisi daha da artırdı. Amma bircə dəfə belə olsun, bu 11 ildə ona “Səni sevirəm” sözünü deməmişdi. İndi nə deyəydi axı ona? Fikirləşirdi ki, bəlkə indi artıq hər şeyi kənara qoyub desin: “Hə, Sara, mən səni sevirəm. Özüm də çox, lap çox — uşaqlığımdan sevirəm səni. Amma özümdə o cəsarəti tapa bilmirdim.”

Qərar verdi — deyəcəkdi indi ona. Və dedi də:

    Gör neçə ildi sevirəm səni.

    Neçə ildi?

    Düz 11 ildi.

    Pahh!

    İnanmırsan mənə?

    Bəs niyə demirdin?

    Fikirləşdim ki, bəlkə hələ tezdi, ya da nə bilim…

    Bunu gedənə yaxın deyirlər, İskəndər? — Sara kövrəlmişdi. Sonra özünə əsəbləşirdi ki, axı niyə o sualı verdi İskəndərə?

Heç bir söz demədən ayağa durub evlərinə tərəf üz tutdu. İskəndər isə sadəcə bu gün batımını izləyib iliyinəcən darıxırdı. Uzaqdan çobanın qoyun sürüsü gəlirdi. Havada isə qaranquş dəstəsi uçurdu. Deyəsən, onlar da yavaş-yavaş buradan köçüb gedirdilər. Hələ məhəllədən uşaqların oynayarkən qışqırıq səsləri də gəlirdi. Əslində bu, həmişə baş verən hadisələr idi. Amma bu gün nədənsə ona hər şey darıxdırıcı gəlirdi. Ayağa qalxıb o da evlərinə tərəf üz tutdu.

Bir siqaret yandırdı. Hələ də Sara evdən çıxmamışdı, çünki hələ tez idi. Siqareti tüstüləyərək yenidən xatirələri canlandı.

***

Kənddən gedən günü məhəllədəki dostlarıyla, ailəsiylə, Saranın valideynləri ilə görüşdü. Amma Sara yox idi. Bildi ki, Sara həmişə gün batımını birgə izlədikləri yerdədir. Getdi ora. Sara orda idi. Heç yanına oturmadı, ayaq üstə ona səsləndi:

    Bağışla, Sara. Bilirəm, gecikdim, amma mən qayıdacam. Səni evimizin gəlini edəcəm. Səni çox sevirəm.

Əyilərək onun başından öpdü. O isə göz yaşlarına hakim ola bilmirdi. Ayağa qalxıb İskəndəri bərk-bərk qucaqladı. Beləcə İskəndər çıxıb Bakıya gəldi.

Bura gəlməyi ilə artıq onun hisslərində dəyişiklik baş vermişdi. O kövrək, fədakar İskəndərdən əsər-əlamət qalmamışdı. O, çox soyuqqanlı adama çevrilmişdi. Tətillərdə belə evə az-az gəlirdi. Sara heç onun yadına belə düşmürdü. Sonra necə oldusa, bir gün Saranı xatırlamağa başladı.

Yaxın günlərdə gələcək tətildə kəndə getməyi qərara aldı. Kəndə gələrkən elə acı bir mənzərə ilə rastlaşdı ki… Çox pis zamanda gəlmişdi. Saranın toyu idi. Onu evləndirmişdilər. İmkanlı bir şəxslə özü də. Əlbəttə, Saranın valideynləri bu şansı əldən vermək istəmədikləri üçün onun yerinə qərar vermişdilər.

Siqaret közü əlinin üstünə düşərək onu acı xatirələrdən ayırdı. Düşündü ki, elədiyi hərəkət heç də düzgün deyil. Sara ailəlidir. Belə bir vaxta onun qarşısına çıxmaqla, keçmişi oyadaraq  nə Sara üçün nə də onun üçün yaxşı nəticə verərdi.

Maşını işə salıb geri dönərək yola çıxdı. Birdən əyləcə basdı. Maşının şüşəsindən baxaraq arxadan illərdir üzünə həsrət qaldığı qadının gəldiyini gördü. Tərəddüdü an çəkdi. Yüksək sürətlə qaza basdı. Maşının təkərləri küçədə əks- səda verdi. Sonra isə gözdən yox oldu…

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.