Üçrəngli bayraq – ESSE Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, eyni halda Azərbaycan Respublikasının rəsmi dövlət bayramıdır. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir. Bir sıra qərar və düzəlişlərdən sonra belə qərara alındı: "Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin..."

 

Azərbaycan bayrağının üç rəngi (mavi, qırmızı, yaşıl) və ortadakı ağ rəngli aypara ilə səkkiz guşəli ulduzun hər birinin öz mənası və fəlsəfəsi vardır. Bu rəng və simvollar Azərbaycan xalqının tarixi, dini və mədəni dəyərlərini təmsil edir. Belə ki, mavi rəng türklüyü, qırmızı rəng Azərbaycançılıq məfkurəsini, modernliyi, tərəqqini və insan hüquqlarını, yaşıl rəng İslam dinini tərənnüm edir. Bayraqdakı aypara və ulduz isə İslamı və türklüyü simvolizə edir.

Unutmayaq ki, Azərbaycan bayrağı yalnız sadə bir parça deyil, əslində böyük məna və fəlsəfəni özündə ehtiva edən milli kimlik vəsiqəsidir.

Bayraq hər bir millətin dövlət suverenliyi, milli qüruru və istiqlaliyyətinin göstəricisidir.

Azərbaycan bayrağı milli kimliyimiz və eyni halda Odlar Yurdu Azərbaycanın qədim tarixinin simvoludur.

Bayrağımızda işlənmiş hər bir rəng qədim tariximiz, milli kimliyimiz və ideologiyamızın mənasını bizlər üçün bəyan edir.

Biz müqəddəs Azərbaycan bayrağını əlimizə aldıqda, əslində keçmiş tariximiz, mədəniyyətimiz və milli-mənəvi məfkurəmizi tərənnüm etmiş oluruq.

Bayrağı göz bəbəyimiz kimi qorumalı, onu övladlarımız və gələcək nəslimizə sevdirərək yaşatmalıyıq. Bu, təkcə sadə vətəndaşların deyil, vəzifəsi, fərdi, ictimai və siyasi mövqei və mənsubiyyətindən asılı olmayaraq hər kəsin, bu vətənin suyunu içən və çörəyini yeyən hər bir vətəndaşın vazkeçilməz borcudur. Bayrağa qarşı sayğısızlıq isə tariximiz, mədəniyyətimiz və milli-mənəvi dəyərlərimizə qarşı sayğısızlıqdır.

Əslində hər ilin belə bir müəyyən gününün Dövlət Bayrağı Günü kimi qeyd edilməsi millətin öz milli-mənəvi kimliyinin göstəricisi olan bayraqla yenidən beyət etməsi, onu daim qorumaq və ucalarda zirvələndirməsi üçün əhd-peyman bağlamaq fəlsəfini daşıyır...

 

“Ədəbiyyat və incəsənət”

(09.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.