Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?
Niyə hər şeyin ya sevdiyimiz, ya da sevmədiyimiz tərəfi var?
Bəlkə də insan bir şeyi həm sevir, həm də sevmir. Məsələn, payızı...
Payız — çoxunun pəncərə önündə dayanıb ətrafı seyr etdiyi bir fəsildir. Toxunmadan, saçlarını oxşayan xəfif rüzgarı hiss etmədən, yağışın qoxusunu ciyərlərinə çəkmədən, sadəcə uzaqdan baxaraq izlədiyi fəsildir.
Payız — bəzilərinin rahatlıq tapdığı mövsümdür. Yarpaqların xışıltısında sakitlik, yağışın səsində düşüncələr gizlənir. Payızın dəyişkənliyi sanki insanın ruhunu da təzələyir.
İnsan payızı həm sevər, həm də sevməz. Sevdiyi — onun sakitliyi, gətirdiyi rahatlıqdır. Sevmədiyi isə bəzən bu səssizliyin içində öz səsini duymasıdır. Payızın səssizliyi həm rahatlıq, həm də narahatlıq doğurar. Ona görə payız duyğuların fəslidir — o, bizim içimizdəki xatirələrin səsi, yeniliklərin xəbərçisidir.
İnsan bu fəslə baxanda həm gülümsəyir, həm də ah çəkir. Çünki payız, insanın içindəki özüylə rastlaşdığı mövsümdür...
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)


