Payızı sevmək, ya sevməmək ? – EKSPRESS SORĞU Featured

 

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?

 

Mənim bu suala cavabım həm əhatəli, həm də aydındır. Bilirsizmi, fəsillər Ulu Tanrının ilk əzəldən yaratdığı təbiət gözəlliklərindəndir və hər bir fəsilin öz xüsusiyyəti və öz gözəlliyi var. Əgər insanın yaşam tərzi, sağlamlığı və rifahı yerindədirsə, bütün fəsillərin öz gözəlliyi və öz özəlliyi olur.

Məsələn kiminin maddi imkanları azdırsa, təbii ki, yaz və yay fəsillərini daha çox sevir. Çünki bu aylarda kommunal ödənişlər nisbətən azalır. Üstəlik meyvə-tərəvəz də bol olur. Lakin belələri payızı və qışı sevmirlər. Çünki həmin fəsillər maddi durumu zəif olan təbəqə üçün çox çətin keçir. Bu,  ümumilikdə fəsillərə yanaşma məsələsində maddi-məişət faktorunun təsirini göstərir.

Bu arada fəsillərdə baş vermiş hadisələrin də o fəsilləri sevib-sevməməkdə bir-başa təsiri olur. Məsələn payız fəslində həqiqi sevgi yaşayan, həyatına ruhunun əkizi və tən yarısı daxil olmuş insanın sevgi və ehtirası təbii ki, hər ilin payız fəslində coşur və beləliklə də həmin fəsli sevməyə başlayır. Lakin məsələn payız fəslində əzizini itirən və ya sevgilisindən xəyanət görən şəxs hər ilin payız fəslində acı anlar yaşamağa məhkum olur və bir çox hallarda həmin fəsilə nifrət edir ki, bu da uyğun mövzuda psixoloji faktoru önə çıxarır...

Mənə görə, ilin bütün fəsilləri gözəl və sevimlidir. Çünki biz insanlar elə bu fəsillər əsnasında böyüyüb boya-başa çatmış və  kamilliyə doğru irəliləyirik. Fəsillər bizim ömrümüzün bir parçası olduğuna görə onlara nifrət edə bilmirəm. Lakin etiraf edirəm ki, hələ uşaq yaşlarımdan etibarən nədənsə hər ilin payız fəslində kövrəlirəm. Payız fəsli ağacların yarpaqlarının saralması və tökülməsi, havaların soyuması və köçəri quşların qatar-qatar hərəkət etməsi mənim üçün həyatın sanki vidalaşma və ayrılıq nəğməsini tərənnüm edir. Uşaqlıqdan etibarən yaşadığım Cəlilabad şəhərinin üzərindən hər payız fəslində qazlar, ördəklər və durna qatarlarının ötüşməsinin şahidi olmuş, onların hərəkət zamanı həzin, həm də insan qəlbini sızladan səslərinini eşitmişəm. Mən həyatda nə qədər qətiyyətli və əzmkar olsam da hər dəfə bunun şahidi olanda özümdən asılı olmadan kövrəlirəm. Bəzən də bu mənzərənin şahidi olanda Rəşid bəy Əfəndiyevin (1863–1942) "Durna" şeirini xatırlayıb astaca zümzümə edirəm:

Ey havada uçan durna,

Bizi qoyub qaçan durna,

Get, xoş gəldin, səfa gəldin,

Gələcəksən haçan, durna?

Göy çəməndə gəzən durna,

Su üstündə süzən durna,

Gəl, bir gözüm görsün səni,

Al, yaşıla bəzən, durna!

Getmə-getmə, gözüm durna!

Sənə var bir sözüm durna!

Sən gedəndə necə sənin

Həsrətinə dözüm durna?!

Mən elə dünən də gecə saatlarında yaşadığım evin üzərindən durnalar və qazların ötüb keçdiyini duydum. Nə qədər axtardımsa, havanın qaranlığına görə onları görə bilmədim. Amma səslərini aydın şəkildə eşidir və duyurdum...

Bunun sirrini dəqiq bilməsəm də payız öz varlığı, xüsusiyyətləri və təbii olayları ilə vidalaşmadan xəbər verən bir aydır. Amma hər şeyə rəğmən ömrümün şirin və acı, uğurlu və uğursuz olaylarının əsas hissəsi həm də payız fəslində baş verib. Payızda itirdiklərim də olub, tapdıqlarım da. Uğurlarım da olub, uğursuzluqlarım da...

Lakin mən baş verən acı və uğursuz olayların günahını onların baş verdiyi fəsillərdə deyil, daha çox öz həyatımda və öz iradəmlə həyata keçirdiyim əməllərimdə axtarmalıyam. Həyatda məndən asılı olmayan səbəblərin isə tam ayrı hökmü və fərqli mənası var...

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.