Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?
Payızı sevmək yaşamağın özünü sevməkdir. O qızıl paltarında, ağacların dilində bir həzin nəğmə oxuyaraq gəlir. Tökülən hər yarpaq bir xatirə kimi uçub gedir, ömrün təqvimlərini xatırladır insana. Elə düşünürəm ki, payız bizə gözəllik sona çatanda belə ona heyran olmağı öyrədir, məhz bu itkinlikdə, bu rənglərin solğunluğunda həyatın, ölümün dərin mənası gizlənir.
Payızı sevmək bəzən dəyişməyin gözəlliyini qəbul etməkdir. Yarpaqlar əbədi yaşamadıqlarına görə əslində bizi hər il yenidən valeh edir. Bu fəsil bizə sakitləşməyi, özümüzə qayıtmağı, həyata müxtəlif pəncərədən baxmağı öyrədir. Payız gələndə insan sanki yenidən doğulur, yenidən düşünməyə başlayır. Baxırsan ki, təbiət özünü dəyişikliyə təslim edir, heç bir etiraz etmədən yarpaqlarını tökür, öz dövrünü tamamlayır. Biz insanlar da bəlkə elə olmalıyıq keçmişi buraxıb, yeniliyə qucaq açmalıyıq.
Payızın xüsusi bir cazibəsi var. Səhər gəzintilərində ayaq altında xışıldayan yarpaqların səsi, buludlu səmaya baxıb düşüncələrə dalmaq... Bunların hamısı payızın bəxş etdiyi sadə, amma əvəzolunmaz məqamlardır. Payız romantikadır, payız poeziyadır. Şairlər boşuna yazmayıblar bu fəsil haqqında - payızda hər şey şeir kimi axır.
Amma.. payızı belə sevdiyimiz kimi, sevməmək də mümkündür. Çünkü o, acı həqiqətlərlə gəlir. Gündüzlər qısalır, işıq azalır və havadaki soyuqluq sümüklərimizi belə titrədir. O bizə heçnəyin əbədi olmadığını xatırladır, bəzən sevdiyimiz şeylərlə vidalaşmağı bacarmalıyıq. Hər axşam erkən qaralmağa başlayan göy üzü sanki ümidlərimizi də qaraldır. Günəş tez batır, qaranlıq tez çökür və insan özünü tənha hiss edir bu qaranlıqda.
Yağan yağış damcıları da insanın boğazında düyünlənən kədərə çevrilir. Pəncərəyə dəyən yağmur səsi bəzən sakitləşdirici olsa da, bəzən içindəki kədəri daha da dərinləşdirir. İtirdiyimiz şeylərə ağlamaq, qaranlığa qorxu ilə baxmaq payızı sevməməyin bir parçasına çevrilir. Payız bizi öz-özümüzlə qalmağa, tənhalaşmağa, suallar içində itib-batmağa vadar edir. O suallar ki, bəlkə də biz onlardan qaçmaq istəyirik - harada səhv etdik, nəyi itirdik, nə qazandıq bu həyatda?
Mənə soruşsanız, mən payızı bütün fəsillərdən daha çox sevirəm. Bəlkə də məhz onu sevməmək üçün olan hər səbəbə görə. Çünki həyat məhz belədir - gecə və gündüz, sevinc və kədər, həyat və ölüm yan-yanadır. Payız mənə öyrədir ki, gözəlliyi qiymətləndirmək üçün itkini də yaşamalısan. Xoşbəxtliyi anlamaq üçün kədəri də tanımalısan. Payız həqiqətdir, yalan deyil. Və mən nə qədər acı olsa da həqiqəti sevirəm. İndi isə həqiqəti sevdiyim kimi, payızın qarışıq ahəngində olan qəzəlimi təqdim edirəm..
Şimşək kimi birdən yerə çaxmaq nə gözəldi,
Göylərdən enib göylərə baxmaq nə gözəldi.
Al-pəmbə buludlar təki dolmaq və yorulmaq,
Coşqun dəli çaylar kimi axmaq nə gözəldi.
Dərdin dolanıb boynuna kəndir kimi olmaq,
Boğmaq, yapışıb boynunu sıxmaq nə gözəldi.
Məndən necə sormaz səni, sevdalı əsən yel,
Sevdalı əsən yellə darıxmaq nə gözəldi.
Nail, sənə yerlərdə sürünmək yaraşarmı?
Hər gün yeni bir zirvəyə çıxmaq nə gözəldi.
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


