İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
”Koroğlu” dastanı türk xalqları arasında ən çox yayılmış ortaq abidələrdəndir. Bu eposun türkmən-özbək və Azərbaycan-Anadolu versiyaları daxilində 500-dən artıq varantı vardır. “3500-3000 il öncə miflərdən folklora keçid aşamasında yaranan” dastanın mövcud variantlarında onun baş qəhrəmanının Goroğlu/Koroğlu/Qoroğlu və s. adlanması isə eyni semantik kodun mifoloji səviyyədə ayrı-ayrı yönləri ilə təqdimatıdır. On beşdən çox xalqın (o cümlədən qeyri-türk xalqlarının) şifahi və yazılı irsində öz həyatını yaşamağa davam edən, yayılma arealına görə qarşılığı olmayan və mifdən formalaşan dastanın motivləri dünya xalqlarının folklorunun da oxşar motivlərlə zənginləşməsinə öz təsirini göstərmişdir.
Şifahi ifa ilə Mərkəzi Avropaya - Dunay çayı sahillərinə, bütöv Avrasiyaya, Sibirdən Afrikaya - Aralıq dənizi sahillərinə qədər geniş ərazilərə yayılmış Goroğlu/Koroğlu motivləri qədim Avropa xalqlarının da mifologiyasında təzahür etmişdir. Digər xalqlar kimi yunan və latın xalqları da bu mötivlərdən bəhrələnmiş, Goroğlu/Koroğlu Herakl-Herkul obrazında yeni çalarlar qazanmışdır.
Görkəmli türkoloq, filologiya elmləri doktoru,professor F.Ağasoylu özünün “Goroğlu necə Herakl oldu” kitabında (səh:12-13) yazır ki, “...Ön Asiyada ortaya çıxmış Goroğlu mifi m.ö. II minilin başlarında Anadolunun Tuman, Kaşkay, Palu (Bolu) adlanan orta bölgələrini və Azərbaycanın batı bölgələrini də... içinə alan geniş alanda yaranıb zamanla epos formasında gəlişmiş, bütöv Anadolu ilə Azərbaycana yayılmışdır. Sonralar bu epos türklərlə qonşu olan xalqların folkloruna keçmiş, onun qədim variantını 3500-3000 il öncə Anadolu üzərindən pelasklar və etrusklar (onlar türk mənşəli hesab olunurlar, etruskların üç min il öncə Anadoludan Etruriyaya getməsini DNH testləri də təsdiq edir-İ.V.) Yunan və İtaliya bölgələrinə...aparmışlar...Goroğlu ilə bağlı qədim motivlər Anadolu və Azərbaycanda pozulsa da, buradan batıya və doğuya aparılan variantlarda ilkin süjet və elementlərin önəmli hissəsi saxlanmışdır”. Türk araşdırmaçı, professor O.Karatay da bu fikri təsdiqləyərək “İran ile Turan Hayali Milletler Çağında Avrasya ve Ortadoğu” (Ankara-2003, səh:159) əsərində yazır: “…Türkçe ile akraba bir dil konuşan etrüsklerin mühtemelen asıl yurtları olan Azerbaycandan alıb Batı Anadoluya, oradan İtaliyaya götürdükleri Hekül/Köroğlu dastanı, başka bir koldan kuzeye gitmiş, sakaların hafizasında yüzyıllarca yaşamış, nihayət raviler (rəvayət söyləyənlər-İ.V.) onu Herodotosa anlataraq ebedileşməsini sağlamışlar”. Böyük ehtimalla Göroğlu/Koroğlu haqqında Herodota anladılanlar hələlik dastana çevrilməmiş miflər olub. Çünki filologiya üzrə elmlər doktoru, professor R.Qafarlının da yazdığı kimi, “Koroğlunun Herakl...ilə bağlanan kökləri çox dərin qatlarda yerləşsə də, mif motivin eposlaşması sonrakı dövrlərə düşür”. (https://mifologiya.az/wp-content/uploads/2021/05/ mifologiya_1.pdf)
Göroğlu/Koroğlu-Herakl bağlılığı hələ XIX yüzillikdə Avropa alimlərinin diqqətini özünə cəlb etmişdi. Həmin əsrdə indiki Yunanıstan ərazisində arxeoloji tədqiqatlar aparmış ingilis arxeoloqu L.Vulli bölgənin yunanlardan öncə yaşamış qədim əhalisi olan pelasklıların proto türk mədəniyyətinin daşıyıcıları olmasını yazmışdır. L.Vulli hətta əski yunan mədəniyyətində, o cümlədən mifik təsəvürlərinin formalaşmasında pelaska türklərinin izlərinin olmasından da bəhs etmişdir. Herodota görə də, yunanlar böyük millət halına gəldikləri üçün pelasklara borcludurlar. (https://www.angelfire.com/tn3/tahir/trk35.html).
Bu baxımdan qədim yunan mifologiyasının qəhrəmanı Herakl obrazının mənşəyinin də prototürk tayfalarına bağlanması təəccüblü gəlməməlidir. Tarixin atası adlandırılan Herodotun saqaların (skitlərin) soykökü barədə Qara dənizin quzey sahillərində yunan kaloniyalarından topladığı mifdən aydın olur ki, Herakl saqaların ulu babası olan Skifin atasıdır. Herodot saqaların özlərindən topladığı mifdə isə Targitayı onların əcdadı kimi təqdim edır. O, Heraklın saqaların - skiflərin əcdadı Targitayın yunanlaşmış variantı olduğunu da qeyd göstərir. (Çox güman ki, bu, deyildiyi kimi, Herodotun Targitayı daha qədimdən Yunanıstana gedib çıxan, orada çox yayğınlaşan, Goroğlu və ya Koroğlunun yunan mifologiyasında Herakla çevrilmiş obrazı ilə müqayisə və izah etmək cəhdindən irəli gəlir.) Deməli, yunanlar Targitay adını Herakl şəklinə salmışlar. Yəni yunan miflərindəki Herakl elə Targitaydır. Bu faktları artıq bir çox alimlər də etiraf etmişlər. B.N.Qrakov yazırdı ki, “yunanların Targitayı Herakla çevirmələri üçün o qədər də böyük əziyyət çəkməyə ehtiyac olmamışdır”. Qeyd edilənlər avropalı araşdırmaçıların “Herakl yunan mifologiyasına dışarıdan gəlmişdir” sözlərində haqlı olduqlarını göstərir. Tanınmış mifologiya tədqiqatçı M.Eliade də yazır ki, Heraklla bağlı süjetlər “doğu mənşəli görənəkləri daşıyır”.H.Qrets isə deyirdi: “Herakl yunanların mifik qəhrəmanı deyil, Turan ordularının alpıdır”. Bu baxımdan O.Karatayın “Sakaların Herkülün milleti olduğunu söylemek gayriciddi bir tespih deyildir” fikri də özünü tamamilə doğruldur. Miflərin həm Targitayı, həm də Heraklı tanrı oğlu kimi təqdim etməsi də deyilənlərə haqq qazandırır. Targitay Ulu Baba (Göy) ile Ulu Ananin (Yerin), Herakl isə tanrı Zevislə gözəl Alkmenanın izdivacından doğulub. Koroğlu rəmzi – sufizmdə “Qor Oğlu” kimi açılır ki, bu da Herakl rəmzi kimi “Qor-İlahi”, yəni qədim...Qor Allahı mənasındadır. Qor Allahı isə elə Ra-Amon, yəni Rəhman Allahdır (Firudin Gilar Bəg).
Zənnimizcə, Targitay da, Herakl da elə Goroğlu/Koroğludur. Onların adlarının etimologiyası da eyni ismi daşıdıqlarını ortaya çıxarır. O.Karatay yuxarıda adı çəkilən əsərində qeyd edir ki, “Yunanca Her-akle(s) keliməsi, etrükskçede Kher-okle biçimində keçər. Latince Her-kul(s) bundan gəlmiştir”. Hörmətli alimimiz F.Cəlilov da Britaniya müzeyində saxlanan və etrusk dilində olan bir metal lövhə (Taboba Oska) üzərində iki dəfə Goroğlu adının Hereklu şəklində verildiyini qeyd edir. “Koroğlu ilə Herakl adları eyni adın, yəni “Gor-oqulu” praformasının sonrakı fonetik dəyişmələrə uğramış və çox asan bərpa olunan formalarıdır” (F.Cəlilov). Tarix üzrə fəlsəfə doktoru Ə.Ələkbərov özünün “Türk tarixinin gizlədilmiş səhifələri” məqaləsində yazır ki, yunan dil qaydalarına uyğun olaraq isə Zevsin“oğlu” “Əroqlu /' Ήρακλης ” sonralar “Herakl / Herkules” adlandırıldı. Bir sözlə, Göroğlu da, Koroğu da, Herakl da əslində müxtəlif cür səslənib, mənaca eyni adı daşıyan bir şəxsdir.Tanınmış şair-araşdırmaçı Namiq Hacıheydərli demişkən, “Bizim Koroğlu dediyimizə antik dönəmdə yunanlar Herakl deyirdi”.
Filologiya üzrə elmlər doktoru İ.Sadiq “Şumer və türk dastanları” əsərində yazır ki, italyan və yunanlar Herakl (Goroğlu/Koroğlu) adı ilə birlikdə onunla bağlı süjet və motivləri də skiflərdən götürmüşlər. M.Hacıyevin söylədiyi kimi, özününküləşdirdikləri əfsanələrdən başlıcası isə Goroğlu əfsanəsi olmuşdur. Amma Gerkules, Herkules kimi. Və bir də öz tanrı və tanrıçalarıyla kifayət qədər bəzək-düzək qoşaraq, cürbəcür macəralar əlavə edərək. Ona görə də romalıların Herkulesi ilə yunanların Heraklı eyni şeydir, çünki ikisini də Orta Asiyadan Balkan və Apennin yarımadalarına türkdillilər gətiriblər. Həm də mifoloji qəhrəman Göroğlu/Koroğlu kimi. (https://modern.az/ news/67904/)
Buna görə Herakl hekayələri də Goroğlu/Koroğlu mötivləri ilə bağlanır. Herakl və Goroğlu/Koroğlu eyni mifik motivlərin qəhrəmanlarıdır. Üstəlik “Heraklın 12 qoçaqlığı” “Goroğlu” dastanının 12 qolu (ilkin variantda) ilə say bağlantısını da saxlayır.
Diqqəti cəkən digər bir məsələ də Herakla verilən 12 tapşırıq sırasında Erimant (Ağrı) dağı, Troya (Marmara bölgəsii, Çanakqala rayonu) və Amazonlar yurdu (Albaniya, Qafqaz dağının ətəkləri...) kimi adı keçən yerlərin yunanlardan doğuda, Anadolu və Qafqazda olmasıdır. Hətta Heraklın on ikinci qoçaqlığının Türkiyənin Zonguldak rayonundakı “Cehennem Ağzı Mağaraları”nda baş verdiyi söylənilir. Üstəlik Antalya bölgəsində 1980-cı ildə qazıntılar zamanı 1800 illik tarixi olan “Yorğun Herakl” adı verilmiş heykəl tapılmışdır. Atropatenadakı Kerefto dağlarında yerləşən qaya məbəd tikilisində isə yunan dilində belə bir yazı vardır: "Herakl burada məskundur, pis şey olmaz" (http://elibrary.bsu.edu.az/files/ books_460/N_253.pdf. Səh:198). Herakl həm də Qafqaz dağlarında qayaya zəncirlənmiş Prometeyi azad etmişdir. Professor R.Qafarlı isə “Azərbaycan türklərinin mifologiyasında dünya dağına inam” məqaləsində yazır ki, “Qaf dağının qoruyucusu Hərkayıl yunanlara saklardan keçən mifik mədəni qəhrəman Heraklı xatırladır”.
Araşdırmaçıların Heraklla bağlı mif, əfsanə, rəvayət və hekayələrlə “Goroğlu”/”Koroğlu” miflərindəki (dastanlarındakı) bir sıra motivlərin (tanrı və tanrıçalarla kifayət qədər bəzək-düzək qoşulmuş hallar və əlavə edilmiş cürbəcür macəralar istisna olmaqla) paralelliyibarədə söylədikləri də Göroğlunun/Koroğlunun Heraklın prototipi olduğuna inandırır.
Əvvələn, qəhrəmanların hər biri iki adlıdır. Onların əvvəlki adları Rövşən və Alkid olub. Koroğlu və Herakl (Heraklus, Herkules, Herekle, Hereklu) adları onlara sonradan verilən ikinci adlardır. Yuxarıda qeyd etdiklərimizdən də məlum olduğu kimi, sonradan verilən adların ikisi də “Gor-oqulı” praformasından yaranıb. Deməli, türklərin mifik qəhrəmanının adı da dəyişməyib, sadəcə kiçik fonetik fərqlərə uğramışdır.
Bir başqa motivə-süd içməklə uzun yaşam imkanı qazanmaq motivinə baxaq. Qəbirdə doğulan Goroğlu kiçik bir deşikdən çıxaraq keçidən, Herakl isə yatmış Heradan süd içərək “ölümsüzlük” qazanırlar. Azərbaycan variantında isə Koroğlu Qoşabulaq suyundan içib yenilməz bir qəhrəman, həm də aşıq olur. Ümumiyyətlə, süd, dirilik suyu və ya adi su içməklə həyatda qalmaq, igid, aşıq, şair və ölümsüz olmaq türk mifologiyasında geniş yayılmış motivlərdəndir.
Və yaxud onların doğulacaq övladları (xüsusən oğlanları) üçün əmanət qoyma mötivlərini götürək. Dastanın Azərbaycan variantında (“Koroğlunun Dərbənd səfəri”) Koroğlu Ərəb paşanın qızı Möminə xanıma bazubənd, “Herakl və skiflər” adlı mifdə də gördüyümüz kimi, Herakl isə İlan-qız cildində olan pəriyə (Apa (Ana) ilahəyə) yayını və kəmərini əmanət qoyur.
Hətta Goroğlu (Koroğlu) ilə Heraklın ilk xanımlarının adları da çox oxşardır: Nigar və Megara. Hər iki xanım da əsilli-nəsilli xanımdır. Nigar xanım İstanbul sultanının, Megara isə Fiv kralı Kreonun qızıdır.
O da maraqlıdır ki, qəhrəmanların doğulan övladları hamısı oğlandır. Yəni onların qız övladları yoxdur. (Heraklın Apa tanrıdan olan övladları nəzərdə tutulur.)
Bu paralellər sırasına hər iki qəhrəmanın - həm Koroğlunun, həm də Heraklın atlarının itməsi; hər ikisinin də övladlarının yad yerdə doğulması; hər ikisinin də oğulları doğulmamış o məkanı tərk etmələri, hər ikisinin də əmanətləri oğullarını gələcəkdə tanımaq məqsədi ilə qoyması; xilaskarlıq missiyası daşımaları və digər mötivləri də aid etmək olar.
Belə paralellərin sayını artırmaq da olardı. Amma tədqiqat nəticələrinə istinadən yazıda qeyd etdiklərimizın Goroğlu/Koroğlunun Herakl olmasını, onların ən azından Herakl haqqında mif, əfsanə, rəvayət və hekayələrin formalaşmasına təsir etdiyini sübut etmək üçün yetərli olduğunu zənn edirik. Ola bilər ki, bəziləri bu oxşarlıqların təsadüfi olduğunu düşünürlər. Belələrinə demək istərdik ki, bunların təsadüfi oxşarlıq sayılması mümkün deyil. Təsadüf bir olar, iki olar, lap üç olar. Onlarla oxşarlıq təsadüfi ola bilərmi?! Bir də ki, bəs siz bunların təsadüf olduğunu hardan bildiniz?! Axı “təsadüfi surətdə baş vermiş şeyləri Allahın özü də bilməz” (M.T.Siseron).
Uzun sözün qısası, Herakl Goroğludur/Koroğludur. Başqa sözlə, Heraklın parolu “türk bədii-estetik təfəkkürünün və milli-mənəvi özünüifadəsinin yaratdığı” Goroğlu/Koroğludur.
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


