Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bir şeyin şahidi oldum. Bəzi yaralar heç zaman bağlanmır. İzi ya dərinə batmış gözlərdə, ya da bir toxunuşla alovlanan qəlblərdə gizlənir. Bu, o qədər həssas bir duyğudur ki, onu yazmaq da toxunmaq qədər ağırdır. Yaşamasan belə, yaşamış kimi hiss etdirir.
Daha dərini nədir, bilirsən? İnsan bu yaralarla birlikdə zamanla yarışmağa davam edir. İnsan üçün dəyərli olan zaman indi hər milində bir sızıltı, bir boşluq gizlədib. Hər anı, hər dəqiqəsi, hər günü ağrıdır.
Bu, ilk başlarda daha çox əzab verir, incidər. Zaman keçdikcə isə ağrının şiddətini daha az hiss etməyə başlayırsan. Çünki onunla yaşamağa alışırsan. Amma o, heç vaxt səni tərk etmir. Sən hər zaman o ağrıyla yaşamağa məhkum olursan.
Çünki o, artıq yoxdur. Səndən bir parça kimi qopub ayrılıb və heç vaxt sənə geri birləşməyəcək. Ona görə o yaranın yeri heç vaxt sağalmır. Gedənlər geri dönmədiyi kimi, açılan yaralar da heç zaman sağalmır. Onu sağaldacaq nə bir məlhəm, nə də bir qüvvə var.
Bəlkə də yaşamaq elə bu yaralarla barışmaqdır. Həyat, səncə də həm seviləsi, həm də sevilməyəsi bir hekayə deyilmi? Xoşbəxt anlarda ağrını hiss etdiyin kimi, sevmədiyin zamanlarda da gizli gözəlliyi duya bilirsən.
Bəlkə də həyat bu iki duyğunun arasında, sağalmayan yaraların izində yaşamağı öyrənməkdir.
Bilmirəm…
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


