Toxuna bilmədiyimiz anlar – ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Necə ki, bəzi həyatlar insanı naşükürlüyə sürükləyir, elə bəzi həyatlar da insana şükür etməyi öyrədir. Hər insan kimi, hər yaşam da fərqlidir. Bu fərqli yaşamın içində hər şey çox tez dəyişikliyə uğrayır. Dünən xəyalını qurduğun arzunu bu gün arzulamırsan. Bu gün xoşbəxtlik adlandırdığın sabah səni darıxdıran bir adətə çevrilə bilər.

 

İndi insan həyatlarını, onların yaşam döngüsünü görmək daha asandır. Bir zamanlar sadəcə yaşadığımız toplumun içindəki insan həyatlarından xəbərdar ikən, indi kütləvi şəkildə inkişaf edən sosial media platformaları dünyanın hər yanındakı yaşam şəklini əlimizin altına gətirib.

Bu görüntü bəzən şükür, bəzən də narazılıq doğurur. Bəzən əlimizdəkilərə möhkəm sarılmağımıza, bəzən isə əlimizdəkilərin ovucumuzdan süzülüb getməsinə səbəb olur. Hər ikisi bir seçimdir. Hər ikisi seçimlərimizin yaratdığı bir həyatdır.

Tezləşən zaman axınıyla bir yerdə insanların duyğuları, arzu və istəkləri də dəyişir. Bu sürətli yaşam bəzi anlara kölgə salır. Heç xəbərimiz olmadan, anidən əsən xəfif bir külək kimi önümüzdən keçir o anlar – toxuna bilmədən, dəyərini anlamadan.

Sonra isə geriyə dönüb baxanda anlayırıq ki, həmin külək əslində bizə xoşbəxtliyi hiss etdirən nəfəs imiş. Hər şey keçir, amma hər şey geri qayıtmır. Gec qaldığın şeylərə bir daha yetişə bilməzsən. Çünki bəzi şeylər bir dəfə yaşanır.

Nə o külək yenidən əsər, nə də sən əvvəlki sən olarsan. Hər şey vaxtında yaşananda yox, vaxtında dəyər görəndə gözəldir. Dəyərlərə sahib olmayan bir cəmiyyət bu dünyada nə üçün var olduğunu hiss etməz. Nə əsən küləyin, nə yerə düşən yarpağın, nə də səmada süzən buludların nə gətirdiyini heç zaman bilməz. İnsan yalnız o zaman xoşbəxtdir ki, həyatına dəyər qatır və o dəyərin toxumlarını getdiyi hər yerə səpir.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.