TƏLƏBƏ YARADICILIĞI – Nuray Fərrzəliyevanın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Dövlət Ssoial-İqtisad Kollecinin tələbəsi Nuray Fərzəliyevanın

“Bir fincan tut” hekayəsi təqdim edilir.

 

 

Mən hər zaman qaçmışam. Uşaqlıqdan bəri insanlardan, sevgidən, kədərdən, hətta xoşbəxtlikdən belə. Çünki içimdə qəribə bir qorxu vardı: əgər bir şeyə çox bağlansam, bir gün onu itirəndə dayanılmaz ağrı yaşayacağam. Ona görə də özümə kiçik, soyuq, amma güvənli” bir dünya qurmuşdum.

 

Günlərim təkrara çevrilmişdi. Hər səhər eyni küçə ilə işə gedirdim, hər gün eyni qəhvəxananın eyni küncündə otururdum. Orada insanlar gəlir, gedir, gülür, danışır, amma mən onların heç birinə qarışmırdım. Sanki şüşənin arxasında yaşayırdım: görünməz, toxunulmaz, amma içdən tükənmiş. Axşamlar isə eyni səssizliklə evə qayıdırdım. Həyat mənim üçün bir film idi. Ssenarisi əvvəldən yazılmış, sonu bəlli, dəyişməyən bir film. Və mən o filmin əsas qəhrəmanı deyildim sadəcə tamaşaçısı idim. O gecə şəhərin gurultusundan qaçmaq üçün addımlarım məni kənara apardı. Ayaqlarımın məni hara gətirdiyini bilmirdim, sadəcə gedirdim. İçimdə elə bir yorğunluq vardı ki, elə bil çiyinlərimdə bütün dünyanın ağırlığını daşıyırdım.

Nəhayət, köhnə bir tut ağacının altında dayandım. Səssizlik vardı. Külək budaqları titrədirdi və mənə elə gəlirdi ki, ağac özü mənimlə danışır. Qaranlıqda budaqlara baxanda, qəribə bir dəvət hiss etdim, elə bil ağac mənə pıçıldayırdı: yuxarı qalx…”

Və mən qalxdım.

Tut ağacının gövdəsi qaba və soyuq idi. Barmaqlarımı qabıqlı budaqlara keçirib yavaş-yavaş yuxarı dırmaşırdım. Ayaqlarım sürüşürdü, amma dayanmaq fikrim yox idi. İçimdə elə bir qərarlılıq vardı ki, sanki bədənim artıq özümə aid deyildi. Mən yalnız sonu görmək istəyirdim. Hər addımda ürəyim daha sürətlə döyünürdü. Döyüntülər boğazıma yığılır, nəfəs almağımı çətinləşdirirdi. Qulaqlarıma yalnız bir səs gəlirdi: bitir… bitir… bitir…”

Yuxarı qalxdıqca şəhərin gurultusu zəifləyirdi. Mənim üçün dünya yalnız o ağac və onun kölgəsinə bürünmüş qaranlıqdan ibarət idi. Nəhayət, ağacın ən hündür budaqlarından birinə çıxdım. Aşağıya baxdım. Şəhərin işıqları uzaqda xırda ulduzlar kimi titrəyirdi. İnsanların həyatları davam edirdi gülüşlər, söhbətlər, sevgilər, kədərli anlar… Amma mənim üçün bunların heç bir mənası qalmamışdı. Mən öz filmimin   son səhnəsini oynamağa hazır idim.

Bir anlıq gözlərimi yumdum. Tək bir addım yetərli idi. Bütün bu yorğunluq, bütün bu boşluq yoxa çıxacaqdı. Amma o an, gözlərim qapalıykən qəribə bir səs eşitdim. Zəif, amma aydın idi. Qəhqəhə ilə qarışmış uşaq səsi.

Gözlərimi açdım.

 

Aşağı baxanda bir neçə uşağın ağacın altında olduğunu gördüm. Onların əlində balaca fincanlar vardı. Budaqlardan tutları yığır, sonra bir-birinə göstərib gülürdülər. Sanki onlar üçün həyatın ən böyük sərgüzəşti elə bu an idi ağacdan tut toplamaq, barmaqlarını bənövşəyi rəngə boyamaq və sonra gülərək bölüşmək idi. O an özümü qəribə hiss etdim: ağacın yuxarısında yoxluq” axtaran mən, aşağıda isə sadəcə var olmağın sevincini yaşayan uşaqlar.

Onlara baxdıqca boğazımda düyün əmələ gəldi. Mənim üçün həyat heç bir dəyəri qalmamış boşluq idi. Onların isə hər biri sadə bir tut dənəsinin dadında xoşbəxtlik tapırdı. Ağacın ən uca budağında oturmuşdum. Əllərim titrəyirdi, ayaqlarımın altında dünya kiçik və əhəmiyyətsiz görünürdü. Amma baxışlarım yenə də aşağıya, o uşaqlara kilidlənmişdi. Onlar sanki başqa bir aləmdən gəlmişdilər. Sadəliyin, saflığın təcəssümü idilər. Bir qızcığaz, qıvrım saçları alnına yapışmış halda, əlindəki fincanı ehtiyatla tutub diqqətlə tumurcuqlara baxırdı. Bir oğlan uşağı isə hər dəfə daha böyük tut tapanda sevinir, ucadan qəhqəhə çəkir, digərlərinə də göstəriridi. Mən hərəkətsiz qalmışdım. Sanki daşlaşmışdım. Amma elə bil içimdəki sükut çox uzun sürmüşdü, çünki birdən uşaq səsinin incə titrəyişi eşidildi:

– “Orda kim var?”

n istəmədən budağı azca tərpətmişdim və yarpaqlar xışıltı ilə səs çıxarmışdı. Uşaqlar başlarını yuxarı qaldırdılar. İndi onların gözləri məni görürdü. Mənim varlığım - illərlə gizləndiyi, heç kimin fərqinə varmadığı bu adam indi bir neçə balaca gözün diqqətində idi.

Qıvrım saçlı qız əlini gözlərinin üstünə qoyub diqqətlə baxdı. Sonra asta səslə dedi:

– “Oturub orda… ağacın başında.”

Digərləri də bir-bir boylanmağa başladı. Mənimlə göz-gözə gələndə, onların baxışında qorxu yox, təəccüb və maraq vardı. Mən özümü elə bil bir güzgüdə görürdüm, illərlə gizlənən, amma indi birdən-birə ifşa olan bir adam timsalında.

Uşaqlardan biri ucadan səsləndi:

– “Orda nə edirsən? Tut yığırsan?

Mən susdum. Dodaqlarım qurumuşdu, səsim çıxmırdı. cavab verəcəyimi bilmirdim. Mən burda tut yığmaq üçün deyildim axı… Mənim niyyətim tamam başqaydı. Uşaqlar hələ də mənə baxırdı. Sonra qızcığaz, o balaca qıvrım saçlı qız, təmkinlə dilləndi:

– “Tək yemə. Biz də burdayıq. Bizə də kömək elə. Sonda birlikdə yeyək.”

İllərlə heç kim mə “bizimlə paylaş” deməmişdi. Mənim dünyam həmişə “mən” üzərində qurulmuşdu - təkliyim, qorxum, ağrım. Amma indi bir uşaq mənimlə  "biz”dən danışırdı.

Mən aşağıya enib onlara qoşulmaq istədim. Ayaqlarım əvvəlcə əsə-əsə hərəkət elədi, sonra yavaş-yavaş budaqdan budağa enməyə başladım. Onların gözləri mənim hər hərəkətimi izləyirdi. Ağacın gövdəsi kobud idi, dırnaqlarımın altına batan qabıqları hiss edirdim. Ayaqlarım sanki boşluğa düşəcəkmiş kimi əsirdi, amma içimdə qəribə bir təmkin vardı. Nəhayət, ayaqlarım torpağa dəydi. Torpağın qoxusu burnuma doldu, bu qoxu mənə illərlə unutduğum uşaq günlərimi xatırlatdı. Mənim də vaxtilə bu cür ağacların altında oynadığım günlər olmuşdu, amma yaddaşımın dərinliyinə basdırmışdım o xatirələri.aqlar isə gözlərini məndən çəkmirdi. Onların baxışında nə hökm, nə sual vardı. Sadəcə maraq və bir az da səmimiyyət.

Qıvrım saçlı qız qayıdıb əyildi, yerə düşmüş tutları yığmağa başladı. Mənə tərəf baxmadan dedi:

"-Ər hamımız birlikdə toplasaq, daha çox olacaq. Sonra da hamımız yeyəcəyik.”

si sakit idi, amma qəribə bir gücü vardı.

Digər uşaqlar da bir-birinə sözsüz baxıb, başları ilə razılaşdılar. Elə bil onlar arasında onsuz da çoxdan qurulmuş bir anlaşma vardı, paylaşmaq onların dili idi.

Əlimi cibimə atmaq istədim, amma heç nə yox idi. Mənim tutum yox idi, fincanım yox idi. Hətta paylaşmağa hazır bir şeyim belə yox idi. Düşündüm: Mənim onlara qatılmağa haqqım varmı? Mən burda başqa niyyətləydim axı…”

Amma uşaqlar sanki düşüncələrimi oxudular. Onlardan biri - balaca, üstü palçığa bulaşmış köynəkli oğlan – əlindəki fincanı götürüb mənə tərəf uzatdı.

– “Götür. Tutları Bunun içinə yığ.”

Bir uşaq heç tərəddüd etmədən özünə məxsus olanı mənimlə bölüşürdü. Əlimi uzadanda barmaqlarımız bir-birinə toxundu. Onun əli balaca idi, amma istiliyi sanki donmuş qəlbimi isidirdi. Mən o fincanı götürdüm. Sonra ağaca yaxınlaşdım. İlk dəfə budağın üzərindən bir tut dənəsini qopardım, fincanın içinə qoydum. Uşaqlar mənim tərəddüdümü hiss etməsinlər deyə, daha çoxyığmağa başladım. Onlar gülə-gülə öz aralarında danışırdılar, mən isə çoxdan unutduğum bir şeyin dadını hiss edirdim -insanlar arasında olmaq.

 

Bir azdan fincanlar doldu. Onların əlləri bənövşəyi rəngə boyanmışdı, mənim də barmaqlarım eyni rəngdə idi. Bir oğlan sevincdən ucadan dedi:

– “sdi artıq! Gəlin yeyək!”

Onlar dairə qurub oturdular. Mən kənarda dayanmışdım, çünki yenə də içimdə o köhnə çəkinmə vardı. Amma qızcığaz başını qaldırıb mənə baxdı:

– “Gəl. Tək yemək olmaz. Hamımız bir yerdə yeməliyik.”

Heç nə demədim. Məndə irəlilədim, onların dairəsinə oturdum. Tutları ortalığa qoydular. Uşaqlar bir-bir götürüb yeməyə başladılar, sonra da mənə uzatdılar. İlk dənəni ağzıma qoydum. Dadı şirin idi, amma o şirinlik təkcə meyvənin deyil, o anın, o paylaşımın dadı idi.

İlk dəfə idi ki, yemək sadəcə doymaq üçün deyildi.

aqlar danışır, gülür, bir-birlərinə zarafatlar edirdilər. Mən isə sadəcə onları izləyirdim. Onların sadə sözlərində, uşaqca səmimiyyətlərində böyük bir həqiqət vardı: həyat çox mürəkkəb görünür, amma əslində çox sadədir. Sadəcə paylaşmaq və birlikdə olmaq.

Gözlərim doldu. Mən illərlə ağlamamışdım. Amma indi sanki içimdəki daşlardan axan su gözlərimdən damcı-damcı çıxırdı. Mən gizlətmədim. Onların yanında özümü gizlətməyə ehtiyac yox idi. Çünki onların gözündə mənim kim olduğum yox, indi yanlarında oturduğum önəmli idi.

 

O gecə mən tut ağacının altından başqa bir insan kimi qalxdım. Mən əvvəlki kimi deyildim. İçimdə uzun illərin qaranlığını deşən işıq vardı. Mən başa düşdüm ki, mənasız görünən günlərimdə belə bir səbəb gizlənirmiş: o uşaqlara rast gəlmək, onların saf baxışlarından dərs almaq.

Şəhərə qayıdanda küçələr mənə ilk dəfə tanış gəldi. İnsanların səsi mənə yük deyil, musiqi kimi eşidildi. Mən ilk dəfə düşündüm: Bəlkə də həyat film deyil. Hər gün yazılan bir hekayədir. Və mən bu hekayəni tək yazmalı deyiləm.”

 

O gündən bəri mən fərqli yaşamağa başladım. Kafedə küncdə oturanda yanımdakı masada əyləşən bir insanın söhbətini dinləmək istədim. Parkda tək oturan bir qocanın yanında dayanıb salam verdim. Küçədə üz-gözündən yorğunluq oxunan bir gəncə gülümsədim. Çünki başa düşdüm: hər kəsin içində bir dünya var, bir əbədiyyət gizlənir.

İllər sonra belə mən hələ də o günün səsini, gülüşlərini, barmaqlarıma bulaşmış tutun qoxusunu xatırlayıram. Həyatım boyu çox şey dəyişdi - insanlar gəldi, insanlar getdi, yollarım ayrıldı, yollarım birləşdi. Amma heç nə o ağacın kölgəsində oturduğum an qədər parlaq olmadı.

Həyat insanın topladığı şeylərlə deyil, bölüşdükləri ilə ölçülür. Tək yeyilən meyvə doyurur, amma dad vermir. Tək gedilən yol aparır, amma iz qoymur.

O uşaqlar mənim müəllimlərim oldu. Onlar məni sözlə yox, sadəlikləri ilə öyrətdilər:

Paylaşanda çoxalırıq. Birlikdə olanda yaşayırıq.

İndi mən hər tut mövsümündə bir az kənara çəkilib öz-özümə gülümsəyirəm. Çünki bilirəm ki, əslində həyat tut ağacının altında başlamışdı.

 

 

“İnsan yaşamaq üçün insana möhtacdır.”

 

Əslində hər birimiz öz tut ağacımızın” ətrafındayıq. Kimimiz zirvədə dayanıb aşağıya baxır, kimimiz kölgəsində oturub gözləyir, kimimiz də meyvəsini toplamaqla məşğuldur. Hər birimiz öz qaranlığımızı daşıyırıq. Kimsə kədəri gizlədir, kimsə yorğun gülüşlərin arxasında əzabını saxlayır. Amma bəzən ən kiçik hərəkət dünyanı dəyişdirir. Tanımadığımız bir insana uzadılan bir gülüş, Bir uşağın öz tut dənəsini bir başqasına uzatması, yaxud çətin bir günün sonunda birinin necəsən” sualı, bir fincan kofe ilə edilən sadə bir jest…

Bunlar çox vaxt görünməz, amma əslində həyatın ən güclü toxunuşlarıdır. İnsanlar bunu dərhal anlamır, amma iç dünyalarında uzun müddət qalır. Həyat  böyük hadisələrdə yox, məhz bu kiçik anlarda, sadə seçimlərdə gizlidir. İnsan hər gün milyonlarla insanla qarşılaşır, amma hər birinə kiçik bir diqqət göstərmək - gülmək, qulaq asmaq, kömək etmək həm bizim, həm də onların həyatında görünməz, amma əbədi bir iz buraxır.

Və bu iz, bəzən illər sonra geri dönüb göstərir ki, həyatın əsl mənası böyük hərəkətlərdə deyil; sadəcə birlikdə olmaqda, bir-birimizin yanında olmaqda və paylaşmaqda gizlidir.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.