“Düzdür” sözünün özü də bilmir ki, düzdür, ya səhvdir - AKTUAL Featured

 

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Adamlar min sifət olub.

–Düzdür.

Kiminsə sözünü danışmaq yaxşı iş deyil.

–Düzdür.

Elə adamları şişə taxmaq lazımdır.

– Düzdür.

 

Son zamanlar cəmiyyətin aşağı və yuxarı təbəqələri arasında ən çox işlənən üç sözdən biri “düzdür” sözüdür. Söz o qədər yerli-yersiz işlənib ki, özü də bilmir harada düz, harada səhvdir. İnsan öz dəyərini necə qaldıra bilirsə, eyni qaydada sözün dəyərini qaldıra və yaxud endirə bilir.

Səfəvi şahı, dövrünün ən müdrik siyasətçisi və dövlət başçısı Şah İsmayıl Xətai deyirdi: “Söz vardır, kəsər başı, Söz vardır, kəsər savaşı.” Amma indi söz sosial kütlə arasında bir qəpiyə dəymir. Nə su kimi lətafəti qalıb, nə də abır-həyası. Dilin yükünü çəkən sözlər haldan düşüb. İndi əsas olan sözün ağızdan çıxmasıdır, mahiyyəti isə kölgədə qalır. Halbuki söz xalqın mənəviyyatını ifadə edən ən dəyərli vasitədir.

Dilimizin zənginliyi, sözün çəkisi yalnız kitablarda və kitabxanalarda deyil, gündəlik danışığımızda, davranışımızda hiss olunmalıdır. Həmçinin söz insana məsuliyyət yükləyir. Biz onunla tərbiyə edir, yol göstərir, inandırır, eyni zamanda manipulyasiya edirik.

Əvvəl bir “sən öl”ə göz yumub yola düşülürdüsə, indi qəhqəhə çəkib gülünür. Görəsən, harda itirdik içimizdəki o cəsur adamı? Yoxsa it qapdı bizdən xəbərsiz? Sanki hər kəs tezdən evdən çıxarkən “düzdür” butonuna basaraq yola düzəlir, gününü o sözlə başlayıb, o sözlə də bitirir.

İmam Əli deyirdi ki, bir yerdə hər kəs eyni fikirdədirsə, deməli, heç kəs düşünmür. İndi məsələ ona oxşayır: ya davamlı yola veririk, ya da sözsüz-söhbətsiz qəbul edirik bu sözü.

DÜZDÜR!

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.