İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun yeniyetmə oğlan uşaqlarının ilk sevgisi olması barədə fikri mən özümdən çıxartmamışam, bu barədə oxumuşam. Həqiqətən də 60-cı, 70-cı illərdə bu dünya gözəli kino aktrisası yaratdığı rollarla tək İtaliyada deyil, hətta uzaq Burkino-Fasoda da kişilərin sevimlisi idi. Yeniyetmələrin isə xəyali ilk məhəbbətləri, adətən o olurdu.
İtalyan aktrisası Sofi Loren 20 sentyabr 1934-cü ildə Romada anadan olub. Uşaqlığı və gəncliyi yoxsulluq içində keçib. 14 yaşında gözəllik müsabiqəsində iştirak edərək qalib gəldikdən sonra modellik karyerasına başlayıb. 1950-ci illərin əvvəllərində İtaliya filmlərində kiçik rollarda görünməyə başlayıb. Lorenin beynəlxalq səviyyədə tanınması 1957-ci ildə "Boy on a Dolphin" filmi ilə başlayıb. Daha sonra "The Pride and the Passion" (1957), "Houseboat" (1958) və "It Started in Naples" (1960) kimi Hollivud filmlərində rol alıb.
1960-cı ildə Vittorio De Sikanın "Çoçara" filmindəki performansı ilə Ən Yaxşı Qadın Oyunçu nominasiyasında Oskar mükafatını qazanan ilk qeyri-ingilisdilli aktrisa olub.
1960-cı və 1970-ci illərdə "Yesterday, Today and Tomorrow", "Marriage Italian Style", "Sunflower" və "A Special Day" kimi bir çox uğurlu filmdə rol alıb.
1991-ci ildə Kino Sənəti və Elmləri Akademiyası tərəfindən bu dəfə fəxri Oskar mükafatına layiq görülüb.
Mükafatları
1. Ən Yaxşı Qadın Oyunçu nominasiyasında Oskar mükafatı
2. Kann Film Festivalında Ən Yaxşı Qadın Oyunçu Mükafatı
3. 5 Qızıl Qlobus mükafatı
4. BAFTA mükafatı
5. Fəxri Oskar mükafatı
Bəli, Sofi Lorenin bu gün doğum günüdür, tanrı ona uzun və xoşbəxt bir ömür verib, 91 yaşı tamam olur. Bu halda ona yüz yaşa deməkdən savayı əlacımız qalmır.
P.S. Texniki heyət bu yazıya Sofi Lorenin müasir dövrdəki – yəni qocalıq şəklini qymuşdu. Səs-küy salıb şəkli cavanlıq şəkli ilə dəyişdirdim. Niyə gözəllikdən zövq almayaq ki.
“Ədəbiyyat və incəsənət”
(20.09.2025)