Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Bu gün Sumqayıt şəhərində təhsil və şəxsi inkişaf üzrə bir sıra təqdirəlayiq, uğurlu işlərə imza atmış “ELAND” təhsil mərkəzinin təsisçi, direktoru Aytən xanım Abdullayeva ilə həmsöhbət oldum. Müsahibənin təqdiminə keçmədən əvvəl qeyd etmək istədiyim bir məqam var, Aytən xanımla bu qarşılıqlı diskurs inanıram ki, inkişafa yönümlü olan gənclər üçün xeyli motivasiya verəcək. Çünki hər bir gənc istər təhsil, istərsə də, karyera yoluna çıxmadan öncə özündə inam və dəstək gözləyir. Və məhz belə bir məqamda Aytən xanımın söylədikləri sözün əsl mənasında əzmin, çox çalışmanın insan həyatında necə dəyərli olduğunu əsk etdirir.
- Aytən xanım, sizi məhz təhsil inkişafı sahəsinə istiqamətləndirən təşəbbüs nə oldu?
- Mən erkən yaşlarımdan ali təhsil almaq və xarici dil öyrənmək istəyində olmuşam. Lakin həyat yolum məni bu istəyimə zamanında yetməyə imkan vermədi. Obyektiv və subyektiv səbəblər məni erkən yaşda əmək fəaliyyətinə başlamağa vadar etdi. Sonralar düşündüm ki, fəaliyyətimi ali təhsil almaq istəyənlərin arzusuna vasitəçi olmaq və xarici dil öyrənmək istəyənlərə real dəstək göstərmək olsun. Bu istək məni “ELAND” Şəxsi İnkişaf Mərkəzini təsis etməyə ruhlandırdı.
- Erkən yaşlardan əmək fəaliyyətinə başlayan bəlkə də, hədsiz sayda gənclərimiz var. Ki onlar müəyyən zaman sonra artıq təhsil və özünüinkişaf barədə xəyallarından imtina edirlər. Siz onlara necə məsləhətlər verərsiniz?
- Öncəliklə, onu qeyd etmək istəyirəm ki, bizi əslində böyüdən qərarını aldığımız məqamlar deyil, imtina etmək məcburiyyətində qaldığımız və ya təxirə saldığımız arzu və istəklərimizdir. Əgər hər şey, bütün gözəlliklər bizə elə rahatlıqla verilsəydi, dünyada əsrlər boyu bu qədər inkişaf və yenilənmə olmazdı. Tarixə baxsaq, görərik ki, ən böyük fəthləri, yeni kəşfləri edən insanların demək olar ki, hamısı vaxtı-zamanında böyük fədakarlıq etmiş və ya məhrumiyyətlər içində yaşamış insanlar olublar. Çünki Tanrı hər çətinlikdən sonra bir asanlıq və mükafat verir və heç bir zəhmət qarşılıqsız qalmır. Buna görə də gənclər bu gün itirdiklərinə heyflənmək əvəzinə gələcəkdə qazana biləcəkləri uğurlara fokuslansalar, gec-tez yüksək məqamlar onların olacaq.
- Böyük bir komandayla çalışmaq, insanlarla tez-tez kontaktda olmaq və təhsil keyfiyyətinin belə yüksək səviyyədə təşkil edilməsi barədə hansı fikirləri bölüşə bilərsiniz?
- Demək istəyirəm ki, mərkəzimizin əldə etdiyi nəaliyyətlərin əsas səbəbi işimizi sevərək və səmimiliklə yerinə yetirməyimizdir. Çünki insan nə görürsə, onu da götürür. Biz də gün ərzində istənilən yaş qrupunda uşaqlarla, gənclərlə və özinkişafı üçün daim çalışan insanlarla kommunikasiyada oluruq. Biz onlara necə davranırıqsa, onlar da təhsil prosesinə eynilə qarşılıq verirlər. Əsas məqsədimiz insanları uğurun qazanıla biləcəyinə qəlbdən inandırmaq və bu yolda onlara peşəkar yardım etmək və dəstək olmaqdır.
- Və sonda istərdim ki, siz gəncliyi necə görmək istədiyinizi bölüşəsiniz.
- Ən əsası mən gəncliyi özgüvənli və daim çalışqan görmək istəyirəm. Məsələn, elə mən özüm. Həyatda qarşıma qoyduğum əsas məqsəd odur ki, kimsə mənə nə vaxtsa, deməsin ki, Aytən xanım bunu bilmir və ya bacarmır. Tanrı insana ömrü boyu daim fürsətlər verir, əsas bacarıq onu dəyərləndirməkdir. Düzdür, insanı formalaşdıran bir çox faktorlar olur; genetika, ətraf, dost-qohum əlaqələri və sairə. Lakin insanı insan edən öz məni ilə qurduğu bağdır. İradəsini idarə edə bilən gənclər görmək istəyirəm mən. Çünki mən inanıram ki, gələcəyi işıqlı yollarla gələcəyə addımlayan gənclər quracaq.
Beləliklə, Aytən xanımla olan bu danışıq həqiqətən gələcəyi öz əlləri ilə quran bir xanımın əzminin, işinə sevgisinin və səmimiliyinin göstəricisidir. Aytən xanıma, ailəsinə və sevdiklərinə həyatda uğurlar, sağlıq və xoşbəxtlik arzulayıram. Bir gənc müəllim, tədqiqatçı kimi mənə söylədiklərinin nə qədər xoş təsir etdiyini ifadə etməkdən çox məmnunam. Doğulub yaşadığım, mənim üçün əziz Sumqayıt şəhərində şagirdlər, gənclər və ümumiyyətlə, təhsil və elmi sevən insanlar üçün yaradılan belə gözəl təşəbbüsə görə Aytən xanıma təşəkkürümü bildirirəm.
“Ədəbiyyat və incəsənət”
(19.09.2025)