Dəyişdirilmiş bir tarixdə, dəyişməmiş insanların içində yazmaq çox çətindir -ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Yazmaq istəyirəm. Yəni istəmək də deyil, yazmalıyam. Çünki yazmaq, psixoloqa getməyin ən ucuz, amma ən keyfiyyətli variantıdır. Yazmamaq passiv ölüm kimidir. Səni fiziki olaraq görmürlər amma canlı-cansız arası bir yerdə sürünürsən.

 

Hamı yazır. Kimisi gündəliyinə, kimisi qeydlərinə, kimisi "tərbiyəsiz sözlər yazmaq olmaz" filtiri keçməyən sosial mediaya. Amma yazır. Çünki yazmaq, susmağın estetik versiyasıdır. Mən də yazmalıyam. Mövzu axtarıram. Olmazmı, sadəcə oturum, nəsə deyim? Xeyr. Gərək "mesaj" olsun. Gərək "ictimai rezonans" doğursun. Gərək "oxucuya bir şey ötürəsən."

Nə ötürüm, axı? Mən özümü belə daşıya bilmirəm. Mövzu tapa bilmirəm. İnsanın başına bu qədər iş gəlib, amma hələ də yazı çıxmırsa demək ya həyat çox mənasız yaşanıb, ya da adam yazmaq istəmir. Mən ikisini də yaşayıram. Uşaq vaxtı həyətdə daşları qaldırıb qurd yığırdım. İndi isə buna "ekzistensial böhran" deyirlər. Atamla dalaşırdım, anamsa döyürdü. İndi onlara "toksik şəxsiyyətlər" deyirlər. Məktəbdə müəllim acıqlanırdı, mən susurdum, indi buna "emosional dissosiasiya" deyirlər. Yəni nə baş veribsə, sonradan adına termin çıxıb. Amma bu terminlərdən hələ bircə cümləlik yazı da düzəldə bilməmişəm.

 Sən deyəcəksən, dostum "Mövzu yoxdursa, yazma da!". Doğrudur. Amma sən "musiqi" dinlədiyin üçün musiqiçi olmursansa, "kitab" oxuduğun üçün yazıçı deyilsənsə, niyə "mövzu" tapmadığın üçün yazmamalısan? Mövzu olmamaq da bəlkə bir mövzudur? Bəlkə də bu yazı yazılmamalı idi. Digər bütün yazılar kimi.. Bəlkə də bu yazını oxumağa vaxt ayıran sən, daha faydalı bir iş görməli idin. Amma artıq gecdir. Mən başladım, sən davam elədin. İndi ikimiz də bu absurda ortaq olmuşuq. Və bu absurda ortaq olmaq, insan olmağın yeganə təsdiqidir..

 Bəs nə qədər "mövzusuzluq" yaşamalıyam dostum?

Ailəmi yazsam, deyəcəklər ki, "Dram axtarır."

Özümü yazsam, deyəcəklər ki, "Narsistdir."

Cəmiyyətə girsəm, deyəcəklər ki, "Bir də bu çıxdı ortaya."

Heç nə yazmasam, deyəcəklər ki, "Susmaq da mövqe deyil."

Yəni hər halım şərhlikdir. Sonda bir şey aydın olur, sən nə edirsən et, sən yoxsan. Sənin yazdığın haqqında fikir var. Sən isə, sadəcə, baş verən hadisəsən. Mövzu tapmamaq bir növ depressiyanın yazılı formasıdır. Qarşında boş vərəq var, onu da seyr edirsən, sanki sənə nəsə deyəcək. Boş ekrana baxmaq üçün gözümün işığını verirəm, amma ağlıma bir cümlə gəlmir. Sanki beynimdə fikir yoxdur, sadəcə arxivdə səhvən saxlanmış xatirələr var, onların da heç biri yazılacaq qədər maraqlı deyil. Sanki mən varam, amma mənə aid deyiləm.

Yaxşı, bəs bu yazı niyə var?

Yəqin tək səbəb budur ki, yazmaq, həyatda hələ də təslim olmadığının sübutudur. Susmaq isə sadəcə yavaş-yavaş yoxa çıxmaqdır. Mövzu yoxdursa da yazı var. Çünki bu dünyada hər şeylə barışmaq olar. Bir tək, ifadə edə bilməməklə yox. Bu yazı da bir mövzunun yoxluğuna yazılmış ağıdır. Yəni, yazının özü də yazılmağa layiq deyil. Amma yenə də buradadır. Əslində bu sualın cavabı çoxdan verilib, yazmalısan. Çünki yazmırsansa, deməli satılmısan. Bəs kimə? Ən azı düşmənə. Bəlkə də Amerika səfirliyinə. Ən pis halda vicdanına. Halbuki mən sadəcə mövzu tapa bilmirəm. Amma mövzu tapa bilməmək indi "satqınlıq əlaməti" sayılır. Əgər gündə bir dəfə "Vətən sağ olsun" demirsənsə, bu xalqın ölüsünə hörmətsizlik etmiş olursan. Nə olsun ki, özün diri deyilsən.

Vətən… kimə görə? Birinci sual budur, "Vətən kimindir?" Həmişə cavab da hazırdır, "Hamımızındır." Amma bu hamıya mən düşmürəm nədənsə.

Vətəndə işləmək istəyirəm, diplomuma baxmadan deyirlər ki, "təcrübən azdı."

Vətəndə yaşamaq istəyirəm, kirayələr elə bil NASA-nın maaşı ilə ölçülür.

Vətəndə susmaq istəyirəm, deyirlər ki, "niyə susursan, sən də danış."

 Danışıram, deyirlər ki, "yaxşısı sus."

Bəlkə də vətən təkcə torpaq deyil. O həm də daxilində nə desən, səhv çıxacağın məkandır. Sən vətəni sevsən də, vətən səni bəyənməyə bilər. Əsgər olsan, qürur. Əsgərlikdən qorxsan, biabırçılıq. Əsgərlikdə ölsən, şəhid.  Amma sağ qalsan, soruşurlar, "Nə xeyrin dəydi?"

Bayrağı da sevməlisən. İndi bayraq artıq sadəcə bayraq deyil, testdir. Sevirsənsə, düzgün insansan. Sevmirsənsə, yoxlama gələcək. Amma bəlkə də mən bu sevgini içimdə yaşayıram, çöldə musiqi fonunda "Bayrağım, sənə qurban" deyə hekayə atmıram. Demək, sevgi yetərli deyil. Sevgini performans şəklində göstərməlisən. Yoxsa sayılmır. "Vətən sağ olsun", amma kim üçün? Bax, bu ən ironik yerdir. Hamı deyir, "Vətən sağ olsun." Amma kimin sağlam qalacağı heç də dəqiq deyil. Şəhid ailəsi olursan, 40 kamera qabağında "göz yaşını tutma, ana, biz səninləyik" deyirlər. Sonra? Sonra sən tək qalırsan. Sonra sən bəzi insanlar üçün "əlaqəsi kəsilən dosye"yə çevrilirsən. QR kodun belə yoxdur. Vətəni sevirsən, amma onun səni sevməsi üçün nəyisə sübut etməlisən.

– Nəyi sübüt etməlisən?

+ Onlar deyəcək.

– Nə vaxt?

+Bilinmir.

– Nə qədər?

+ Son nəfəsə qədər.

Vətən mövzusuna toxunan kimi iki cür reaksiya alırsan:

1. "Caaan, qurban olum bu uşağa, necə vətənpərvərdi."

2. "Bunun ünvanını tapın, bu xəyanətkardı."

Ortası yoxdur. Vətəni sevirsənsə, ağlamağını çəkməlisən. Yoxsa təbliğat yetərli sayılmır. Yəni içindən yox, kamerasından sevməlisən. Bəlkə də vətən sadəcə bir yer deyil. Bir fikirdir. Bəlkə də vətən, heç vaxt sənə aid olmayan, amma uğrunda bütün həyatı boşa verdiyin ilğım kimidir. Sən ona can verirsən, o sənə sms belə atmır. Sən onun üçün ölməyə hazırsan, o sənin üçün iş yeri tapmır. Sən onun üçün göz yaşları tökürsən, o sənə "niyə ağlayırsan, bəlkə sənsən problem?" deyir. Və nəticədə... Vətən haqqında yazmaq, ya çox təhlükəlidir, ya çox gülüncdür. Hər iki halda sən uduzursan. Ona görə də yazmıram. Yaxud bəlkə yazıram. Yəni yazıram ki, yazmadığımı izah edim. Ən azı bu, emosional şantajdan azad bir ifadədir. Heç olmasa "Vətən sağ olsun" demədən yazı yaza bilirəm. Bu da bir irəliləyişdir.

 Bəlkə Millətdən yazım? Yəni "millət olaraq belə birik" tiplilərin milləti. O cür paylaşımlarda sanki hamımız eyni filmin personajlarıyıq. "Zəhmətkeşik.""Qonaqpərvərik." "Tariximiz şanlıdır." "İrəliyə gedirik." "Birliyimiz tükənməzdir."

Əslində isə biri maşın sürür, biri söyür, biri qarşıdakı adamın cinsinə, yaşına, dininə, hətta nəfəsinə belə dözmür. Və bütün bu xaosun içində biz özümüzə "millət" deyirik. Bəlkə də bu elə Stokholm sindromunun kollektiv versiyasıdır. "Birlikdə güclüyük", amma Zoom-da belə birləşə bilmirik. Biz ancaq şüar səviyyəsində birlikdəyik. Konkret həyatda isə..

Toyda biri yer tutubsa, artıq düşmən sayılır. Taksidə 2 manat artıq alırlarsa, bu artıq xalqa "xəyanətdir". Kassada növbəyə girmədən qabağa keçən adam "tülkülük" edir. Səhvini deyənə "sən özün kimsən axı?" deyirik. Biz birlik deyilik. Biz sadəcə tək-tək qalanların kütləsiyik. Yan-yana düşmüş, amma heç vaxt eyni yerdə olmayan varlıqlar. Yaxşı bəs, millət necə tanınır? Ən çox reaksiya verdiyi şeylə. Bizim millət də linçlə tanınır. Kiminsə bir sözünü kontekstdən çıxarıb, linç eləməkdə ustayıq. O adam pis olsun, ya olmasın, biz onsuz da çoxdan onun qəlbindəki taxtı yandırmışıq.

Bir qadın açıq geyinibsə, "şərəfimizə ləkə"

Bir kişi ağlayıbsa, "əə bu nədi, kişiyə yaraşır?"

Bir uşaq nəyisə soruşursa, "sus, böyüyün sözün kəsmə"

 Kimsə susursa, "bu da yuxarıdan danışır."

Yəni səssizliyin də, səsin də, mövqenin də, mövqesizliyin də cəzası var. Millətin gözü qarşısında yaşamaq üçün ya təsdiq qazanmalısan, ya da təslim olmalısan.

"Xalq nə desə, odur?", çox gülməlisən dostum.

Çünki xalq nə desə, o olmur. Xalq hər gün sosial mediada kimisə "bitirir", sonra həmin adam TV-də veriliş aparır. Xalq hər il eyni mahnıya səs verir, sonra həmin mahnını söyür. Xalq şikayət edir, amma özünün də niyə şikayət etdiyini bilmir. Bir gün birinə heykəl qoyuruq, ertəsi gün heykəlini söyürük, sonra da deyirik ki, "gör bir bu millət nə qəribə millətdi." Sanki kənardan kimsə danışır. Halbuki o cümləni deyən, o millətin özüdür.

Bəs millət deyəndə nəyi nəzərdə tuturuq?

Yəqin ki, müharibə başlayanda cəbhəyə gedən, qələbə olanda bəyənmələrdə birinci dayanan, oğlunu şəhid verib, amma oğlunun borcuna görə bankdan zəng alan, Ədəbiyyat oxumayan, amma "bizim klassiklər" deyə fəxrlə danışan, öz dilində danışıb, öz dilinə hörmət etməyən....

 Qəribədir. Hamımız bir-birimizə oxşayırıq, amma heç kim bir-birini bəyənmir. Niyə? Çünki özümüzü də bəyənmirik. Millət olmaq, hiss yox, KİV materialıdır. Millət anlayışı reklam çarxlarına düşəndən bəri hiss yox, brend olub.

Milli kimlik, mövsümlük məhsuldur.

Milli qürur, tədbirdən tədbirə aktivləşir.

Milli birlik, ancaq başqasına nifrət etməyə gələndə ortaya çıxır.

 Yəni biz birləşirik… amma qarşı çıxdığımız şey ətrafında. Sevdiyimiz şey ətrafında yox. Və nəticədə ortaya "millət" deyil, onlayn klaviatura ordusu çıxır. Son olaraq... Millətdən yazmaq da çətindir. Çünki ya yaltaqlanırsan, ya da "xalq düşməni" elan edilirsən. Amma mən yazıram. Çünki yazmasam, sanki bu yerdə şəriksiz qalmış olacağam. Və deyim sənə dostum, ən tək qalmaq, millətin içində ola-ola təklik hiss etməkdir. Bax, bu hiss millət sevgisini doğurmur. Sadəcə... boğur.

Bəlkə? Bəlkə tarixi dəyişən şəxslərdən nə isə yazım?

Bəli, dəyişiblər. Hamısı. Amma məsələ burasındadır, hansı tarixi?

Mənim yaşadığım tarixi yox. Sənin gündə bir şikayət etdiyin, axşam "şükür elə!!" deyə bitirdiyin günü yox. Mənzil növbəsinə düşməyən, kreditə keçməyən, avtobusa minməyən tarix.

Bax, o tarixi dəyişiblər. Onlar dəyişdilər, biz qaldıq. Napoleon Avropanı dəyişdi. Çingizxan yarım qitəni. Qarabağda igidlər tarix yazdı. Mən isə evdə oturub düşünürəm. "Əgər bu qədər adam tarixi dəyişibsə, niyə hələ də eyni ayın sonunda maaşım çatmır?" Bəlkə də tarix dəyişib, sadəcə biz tarixin kontakt siyahısında blokdayıq. "Dahi" anlayışının instaqram versiyası, əvvəllər dahi olmaq üçün 40 il yazmalıydın. İndi isə 40 saniyəlik video bəs edir. Əvvəllər biri tarixə düşürdü. İndi biri "reels"lərə düşür. Eyni prinsipdir, görüntü var, real təsir yoxdur. Səncə, Sokrat TikTok-da yaşasaydı, susardı? Yoxsa "Qısa fəlsəfə videoları. part 3"çəkərdi?

Tarixi şəxsiyyətləri sevirik... çünki onları şəxsən tanımırıq. Kiminsə heykəlini sevirsən, çünki onun səsini eşitməmisən. O sənə "bəsdir ağladın", "özünü qurban eləmə", "nəylə məşğulsan?" deməyib. Tarixi şəxsiyyətlər, romantik, məsuliyyətsiz sevgilər kimidirlər. Xəyali və ideallaşdırılmış. Amma o adamlar indi yaşasaydı, bəlkə də uyğun olunmamışdılar. Biri "diktator" deyərdi onlara, biri "seksist." Biri "qətliam etdi" yazardı, biri "əslində yaxşı idi, amma çox sərt idi" deyib, arada qalardı. Bizim dövrün tarixi yaddaşsız bir ekrandır. Tarix bizə tarix kimi yox, məzmun kimi təqdim olunur.

"Bu gün filankəsin doğum günüdür.""Bu gün filan savaş oldu." "Bu gün filankəs belə dedi." Amma bizə nə? O tarix bizim yataqxanamızı isitməyib. O şəxsiyyət bizim sənədlərimizi imzalamayıb. O qəhrəman bizim üçün şəhid olub, amma biz adını bilmirik. Tarix, paylaşım üçün maraqlı, amma yaşamaq üçün həddindən artıq uzaqdır.

Qəhrəmanlıq, KİV-dən əvvəl mövcud idi. İndi qəhrəman olmaq üçün kimisə xilas etməyə ehtiyac yoxdur. Sadəcə düzgün musiqi fonunda videonu montaj elə. Uzaqdan birinə bax, sonra əlini uzat, kamera səndə qalsın "insanlıq ölmədi" yaz. Budur, sən də tarix oldun. Əsl qəhrəmanlar? Onlar bu cür montajları görsə, bəlkə də şəhid olduqlarına peşman olardılar. “Tarixi dəyişənlər” və mən. Onlar dünyanı dəyişdi. Mən isə bu gün marketdən "yanlışlıqla" alınmış vaxtı keçmiś məhsulun pulunu geri ala bilmədim.

Tarix öz axarı ilə gedir, mən isə vaxtı keçmiş məhsulun içində həyatın mənasını axtarıram. Onlar "manifest" yazdı. Mən "reklam blok et" düyməsinə basıram. Onlar "xalqı oyatdı." Mən isə mürgülə düyməsinə basdım. Və nəticə... Tarixi dəyişən insanlardan yazmaq? Bəlkə. Amma dəyişdirilmiş bir tarixdə, dəyişməmiş insanların içində yazmaq çox çətindir. Bu günün qəhrəmanı susur. Çünki qəhrəmanlıq indi alınmayan kreditlə yaşamaqdır. Və onu heç kim tarixə yazmayacaq.

 Efirdən də yazmaq olar əslində. Efir açılır. Studiyada süni işıq. Par-par parlayan bir masa. Bir aparıcı, sifətində dəhşətli miqdarda botoks, daha dəhşətli miqdarda saxta kədər.

Deyir ki, "Canım qardaşım, sənə Allah kömək olsun." Yanında skripka səsi. Arxa planda zümzümə qoxulu bir dua musiqisi. Ağlayan bir qadın. Gülən bir operator. Rejissor pıçıltı ilə deyir, "Keçdi 30 min baxışı."

Xoşqədəm, Zaur, Elgiz və s... Bunlar göz yaşı satışı üzrə ixtisaslaşmış efir dırnaqarası qəhrəmanlarıdır.

 Kimsə itkin düşüb? Onlar üçün kontentdir.

 Kimsə evdən qaçıb? Elə bil serialın yeni sezonudur.

 Ər arvadını döyür? Mövzu çox aktualdır.

 Uşaq anasını tanımır? Bu həftənin finalıdır.

Efirdə tək bir prinsip var, "Məzlum varsa, kontent var." İnsan dramı, onların produksiyasıdır. Dərd satışı, onların reytinq silahıdır. Empatiya? O, montaj otağında əlavə olunur..

"Canım, sən danış, biz sənə dəstəyik" Yox, əslində dəstək-filan yox. Sadəcə kameraya baxıb ağlayan adam görmək istəyirlər. Studiyadakı "qurban" danışır, aparıcı sözünü kəsir, deyir:

– Deməli... sən bu kişini 3 dəfə bağışladın?

Qadın göz yaşı içində cavab verir. Tamaşaçı baxır və "nə qədər axmaqdı bu qadın" deyir. Reytinq qalxır. Sistem qazanır. Qadın isə növbəti həftə yenə oradadır. Onlar üçün insan, ətdir. Sadəcə kamera üçün doğulmuş ətdir.

 Kimsə başına şal atıb ağlayır? Kadrı zoom elə.

Uşaq əsəbi şəkildə danışır? Səsini bir az ver.

 Tanınmış musiqiçi kiminsə üstünə “balta” atıb? Bu artıq xəbər deyil, reytinqdir.

Tamaşaçı ekranda öz evində olanı görür, amma bir fərqlə, burda musiqi var, işıq var, bir də "analiz edən" aparıcı. Halbuki aparıcının öz həyatında bu analizlərin 3-ü də sınıqdır. Amma yenə də studiyada hislər üstündür. Aparıcılar, məncə akademik Diplomlu Dram Tüpürənlərdir. Onların CV-si belə ola bilərdi:

Adı: Zaur və ya Xoşqədəm və ya Elgiz

İxtisas: Kamera qarşısında empatiya performansı

İş təcrübəsi: 15 il efirdə ağlayanlarla selfi

Bacarıqlar: danışanın sözünü kəsmək, ağlayanın göz yaşına sponsor tapmaq, "Allah özü bilən olar" deyib məsuliyyətdən yayınmaq

Hobbi: real problemi şouya çevirmək

Tamaşaçı da şərikdir. Bəli, təkcə efir deyil. Tamaşaçı da bu sirkə bilet alır. Oturub deyir:

– Ay yazıq qadın.

– Ay Allah, o kişinin bəlasını versin.

Sonra kanal dəyişir. Növbəti gün efirdə yenə başqa yazıq var. Serial davam edir. Reytinq od kimi. Efir hal hazırda, real həyatın tik-tok versiyasıdır. Real problem 3D-dirsə, efirdə bu 1D göstərilir. Sadəcə drama. Çünki sistem ağlamağı sevir. Qışqırığı sevir. Bir də... reklam arasından sonra davam etməyi. Əslində isə... Əslində isə o qadının evinə dönmək üçün pulu yoxdur. O kişi studiyadan çıxanda yenə zor tətbiq edəcək. O uşaq böyüyəndə yenə "problemlərin məhsulu" olacaq. Aparıcı isə instaqramda yazacaq:

– Çox ağır bir gün idi... amma haqq yerini tapdı.

Haqq? Tapmadı. Sadəcə reytinq yerini tapdı. Nəticədə isə, efir emosiyaların qəssabxanasıdır. Orda hisslər doğulmur. Sadəcə kəsilir. Sən ağlayırsan, onlar gülür. Sən zülm çəkirsən, onlar montaj edirlər. Sən həll axtarırsan, onlar ssenari yazır. Amma nə olsun? Sonda deyirlər:

– Allah hamının köməyi olsun.

Ən universal yalan budur. Studiyada deyilir, amma heç bir kamerada görünmür.

 Yazım cinayətdən? Yox e, ayıbdır. Axı "xəbərlər" onu onsuz da şirin paketdə verir.

– 18 yaşından kiçik qıza yaxınlıq edən şəxs saxlanılıb.

Yaxınlıq? Yəni yanına oturub çay içib? Yoxsa “cinayəti sən demə, romantik jest kimi” təqdim etmək daha çox klik gətirir? Adını demirlər. Üzünü göstərmirlər. Bir tək qurban bütün kameralara açıqdır.

Ənənəvi resept budur, cinayət, musiqi fonu, efirdə müzakirə,  reklam və verliś bitdi. Amma pedofil hələ də küçədədir. Ona "psixoloji problemləri var" deyirlər. Yəni bu ölkədə kiminsə əxlaqsızlığı məhrumiyyət yox, diaqnoz sayılır. "Bu mövzuları danışmaq olmaz, ayıbdır” Amma yaşamaq olar. Qarşındakı uşaq məhv olur, amma sən deyirsən:

– Qonşu danışmasın deyə bir şey eləmədik.

– Onsuz da polis heç nə etmir.

– Ailə məsələsidir, qarışmaq olmaz.

İnsan canavar olanda, cəmiyyət onu gizlətməyə çalışır. Niyə? Çünki “ayıb olar.” Ayıb. Ayıb. Ayıb. Əxlaqsızlıq bu qədər “əxlaqlı” olar, Pedofil gizlənmir. Sadəcə cəmiyyət gözünü yumur. Məktəbdə müəllim, Qohum içində bir “dayı”, Qonşunun tərbiyəli oğlu və ya öz atan, əmin, böyük qardaşın, Hamı tanıyır. Heç kim demir. Niyə? Çünki ailə parçalanar. Yəni bir uşaq məhv olar, amma "ailə" qalsın. Bu məntiq səni də, ailəni də çoxdan çürüdüb. Xəbərin yoxdu, ay bədbəxt.

Bəlkə polisə getsinlər?  Polis?

Sübut var? Uşaq danışır. Deyirlər, "uşaqdır, nə danışdığını bilmir." Cinayətkar danışır. Deyirlər, "Sakitdir, peşman olub." Peşmanlıq bu ölkədə zamin kimidir. Uşağın həyatı çökür, pedofilin qohumları xahişə gəlir. Və deyirlər:

– Bağışlayaq, bu da bir insandır.

 Hə, insandır. Sadəcə insanlığın dibində sürünən forması.

 Efir? Efir belə şeyləri ya musiqi ilə yumşaldır, ya da xəbərdən sonra hava proqnozu ilə keçir. Sanki bir can yanır, söndürməyə yağış yağacaq. Bir dəfə belə bir anons eşidə bilərsən, "6 yaşlı qız zorlandı... sabah 25 dərəcə isti olacaq." Buyur burdan yandır içini. Yandır, amma çox yox, çünki gündəm dəyişəcək. Kiminsə nişanlısı, kiminsə əri başqa qadınla tutular. Cinayət "kontent deyil" deyə unudular. Cəmiyyətin əli qanda deyil, amma qanlı əli gizlədir Hamı bilir. Amma sən susursan. Susduqca o böyüyür. Əvvəl qohumunu qoruyursan, sonra ailəni, sonra kəndini, sonra bütöv ölkəni. Nə uğrunda? Şərəfsizliyin reputasiyasını qorumaq uğrunda. "Sosial şəbəkədə paylaşdım, ürəyim boşaldı" Yəni sən hashtag atdın ki, #uşaqlarımızıqoruyaq. Ertəsi gün sən də bir yetim uşağa “qulağının dibinə birini ilişdirdin.” Sosial şəbəkə vicdanı yuyur, real həyatda əxlaqı itiririk. Çünki burda qorumaq yox, görünmək daha vacibdir. Və nəticə, dostum? Cinəyət və pedofiliya haqqında yazmaq çətindir. Çünki bu cəmiyyətin əsas qorxusu, qurbanın səsi deyil, cinayətkarın adı çıxmasıdır. Amma yenə də yazıram. Çünki yazmaq, susmaqdan yeganə fərqli şeydir bu ölkədə. Qalan hər şey, "ayə biabır olarsan" qorxusunun içində çürüyür.

 Bəs sadəcə içini yazmaq?

 Onsuz da Hər Şey Yazılıb, Nəyə Lazım?

Dostoyevski yazıb. Tolstoy bitirib. Kamyu içindəki boşluğa izah verib. Nitşe isə "Allah ölüb" deyib, təpəsini örtdü. Və indi mən gəlirəm. Çayım soyuq, fikrim dağınıq, mövzum yox. Və soruşuram: Mən niyə yazmalıyam axı? Yazmaq istəyirəm, amma... yazılacaq nə qalıb?

 Hər kəlmə sanki artıq haradasa işlənib.

Varoluş? Sartre yazdı.

 Absurdluq? Kamyu dartan kimi ortaya atdı.

Ruhun zibilxanası? Dostoyevski ora 5 mərtəbə bina tikdi.

Tanrının sükutu? Kierkegaard eşitdi, Heidegger dərinləşdirdi.

 Mən? Mən sadəcə susuram. Və susduğumu yazıram. Yazmaq istəyirəm, amma... kim oxuyacaq? Məqaləni qoyuram, 4-5nəfər oxuyur:

Biri Varis bəydir (çünki o sadəcə qeyd şərtsiz oxuyur)

Biri portalın redaktorlarıdır (onların işi budur məncə)

Biri sevgilimdir (çünki məcburdur)

Biri də mən özüməm (çünki gərək göstərim ki, "nəysə alınır")

Qalanlar Zaurun verilişində ərindən şikayət edən qadının videosunu izləyir. Və deyirlər:

– Ədəbi yazılar oxunmur axı.

Ədəbi? Bəlkə də ədəbsiz bir dünyanın içinə ədəb qatmağa çalışıram. Yazmaq istəyirəm, amma... bəlkə bu da travma kapitalizmidir? Hər yazı, travmanın satışıdı? Duyğu çörəyə çevrilib?

Bəlkə mən də ağrımı monetizasiya edirəm? Mən də yazıb, içimi bölüşüb, izlənmə istəyirəm? Onda nə fərqim qaldı efirdə ağlayan "qonaq"dan? Heç nə. Fərq sadəcə budur, onlar kamera üçün ağlayır, mən ölməmək üçün.

Yazmaq istəyirəm, amma... yazsam da dəyişməyəcək.. Cinayət yenə olacaq. Pedofil yenə evdə oturacaq. Zaur yenə qadını efirdə ağladacaq.  "Millət olaraq birlikdəyik" hekayəsi yenə sosial şəbəkələrə düşəcək. Vətənpərvərlik "səs tonu"yla ölçüləcək. Mən isə bir cümlə yazacam. "Bəzən yazmaq, susmaqdan daha gurultusuz olur." Heç kim eşitməyəcək. Amma özüm eşidəcəm. Bəs bəlkə bu yetər?

Yazmaq, bəlkə də dua deyil, söyüşdür Sənə heç cavab gəlməyəcək. Amma ürəyindəki bataqlıqdan bir az palçıq çıxacaq. O palçıqla cəmiyyətin üzünə yazacaqsan ki, "Mən sizə bənzəmədim." Bəziləri oxuyacaq, bəziləri yazını report edəcək. Amma sən biləcəksən ki, yazdın. Və bu ölkədə bəzən yazmaq, əsl müqavimətdir. Nəticədə isə, mən yazmıram, çünki deyəcək sözüm yoxdur. Mən yazıram, çünki söz deyilməyəndə içim çürüyür.

Bu yazı, digərləri kimi heç bir dərdi sağaltmadı. Heç bir pedofiliya dayanmadı. Heç bir aparıcı efirdən getmədi. Heç bir millət dəyişmədi. Vətən məni qucaqlamadı.

Amma sən oxudun.

Və bu, hər şeyin əvvəlidir.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.