Şairə Epitafiya Featured

 

Afaq Şıxlı,

həkim, şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin məsul katibi, “Ədəbiyyat və incəsənət” üçün

 

Böyük şairimiz Məmməd İsmayılın ölümü sadəcə bir son deyil, xatirələrin, düşüncə selinin və möcüzələrin də başlanğıcı oldu.

 

O, özünü həmişə kəndlərindəki tənha,amma möhtəşəm dağdağan ağacı ilə müqayisə edərdi. Şairin qızı Gülzar İsmayıl xatırlayır: "Atama baxanda, mənə doğma kəndimiz Əsrikdə, Kəmər-qayanın ətəyində kökləri daşlara keçmiş, təkbaşına, heç bir dəstəyi olmadan, gurultulu tufanlara və şimşəklərə mərdliklə sinə gərən dağdağan ağacı yadıma düşürdü. Ətrafında nə bir ağac, nə də bir kol yox idi ki, dəstək olsun, ya da göz oxşasın. Atam da elə o dağdağana bənzəyirdi.  Tale ilə, dünya ilə, həyatın çətinlikləri ilə təkbaşına mübarizə aparıb özünə yol açırdı. Atam hətta o uca ağacla müqayisəsini misralara da çevirmişdi…"

Və mən dostlardan eşitdim ki, şair xəstələnəndən bəri ağac da solmağa başlayıb, onun qədərini paylaşıb.

***

Ümumi dostlarımızla söhbət əsnasında öyrəndim ki, Məmməd müəllimin dəfn mərasimi günəşli, isti bir günə rast gəlibmiş. Və o zaman ikinci bir möcüzə baş verib – ağ bir bulud günəşi örtərək matəmdə olanları qızmar şüalardan qoruyub və sazın sədaları altında şairlə layiqincə vidalaşmağa imkan yaradıb.

Bu, sanki təbiətin özündən bir hörmət, bir şəfqət təzahürü idi ki, qəlblərdəki itki ağrısını yüngülləşdirmişdi.

***

Şairin dəfnindən bir neçə gün sonra mən Moskvadan gəlib, onun evini və məzarını ziyarət etmək üçün Əsrikə yol aldım. Müəllimimin məzarı başında durub keçmişləri andım, özlüyümdə ruhu ilə halallaşdım. Hətta bizə yolçuluq edən Bayram adlı şəxs "ağacdələn" şeirinin yaranmasına səbəb olan taxta dirəyi də göstərdi. Özümdən asılı olmayaraq gözlərimdan yaş axa-axa o şeiri söylədim. O istidə, bürküdə haradansa sərin meh əsdi... Sanki bir rahatlıq hiss etdim, toxdadım...

***

Qazaxdakı ata ocağımıza geri qayıdanda isə üçüncü, inanılmaz bir möcüzə baş verdi – ağacda bir ağacdələn gördüm. O, dimdiyi ilə, Morze əlifbası kimi, sanki sevimli şairimdən təşəkkür sözləri ötürürdü. Bu ritmik tıqqıltı təsadüf deyil, onun ruhunun var oluşunu, görüşünə gəlişimi qiymətləndirdiyini təsdiqləyən bir mesaj kimi görünürdü.

***

Mənim üçün bu üç hadisə Məmməd İsmayılın möcüzələri oldu. Onlar göstərdilər ki, insan, təbiət və sənət arasında əlaqə ölümlə qırılmır, sadəcə transformasiya olunur.

Ağac, bulud və ağacdələn xatirənin, hörmətin və minnətdarlığın simvolu oldular. Onlar bizə xatırlatdılar ki, Məmməd İsmayılın ruhu onu unutmayanlarda, sənətini qiymətləndirənlərdə, dünyanın gözəlliklərini görənlərdə yaşamağa davam edir. O, bizə insan ruhunun gücünü, dünyanın gözəlliyini və ətrafımızda mövcud olan möcüzələri (əgər onu görməyi bacarırıqsa) xatırladır.

                                        Qazax-Bakı

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.