Mən burdayam və hələ də heç kim görmür – ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Hamınız yazırsız. Danışırsız. Deyirsiz. Paylaşırsız. Tələsirsiz. Gözləyirsiz ki, sizi görsünlər. Mən isə burda, bu vərəqin içində, susuram. Susuram ki, bir gün bəlkə bu sükut səs kimi eşidilər. Amma olmur. Eşidilmir. Mən burdayam. Və heç kim görmür.

 

Mən vaxtsız doğulmuşam. Elə bir ana gəlmişəm ki, bu dövrə aid deyiləm. Bədənim indi burdadı. Amma ruhum hansısa başqa vaxtda itib. Heç bilmədiyim, heç olmadığım bir dövrdə qalıb. Mənim üzərimdən minlərcə gün keçib, amma bir saat keçməyib. Zaman axmır. Hərəkət var, amma zaman yoxdu. Və insan zaman olmadıqda, yaşaya bilmir.

 Yaza bilmirəm. Əlim var. Sözüm var. Təhsilim, az çox savadım, bəlkə də içimdə az qala partlayacaq qədər həqiqətim var. Amma yaza bilmirəm. Və bu, mənim gücsüzlüyüm deyil. Bu, dünyanın korluğu. Bu, dilin özünün xəyanətidir. Mən başa düşürəm ki, nə qədər çox şey bilirəmsə, bir o qədər az şey deyə bilirəm. Çünki sözlər mənim üçün artıq kifayət deyil. Sənin düşündüyün qədər dərin deyil dünya. İnsanlar düşündükləri qədər eşitmir, hiss etmirlər. Onlar səthə öyrəşiblər. Məni isə səth artıq iyrəndirir. Mənim üçün hər şey artıq çılpaq olmalıdır. Bəzək yoxdur. Təsəlli yoxdur. Mən yazmaq istəmirəm. Mən ifadə olunmaq istəyirəm. Və ifadə olunmaq, bu əsrdə ən nadir, ən mümkünsüz ehtiyacdır. Deyirlər ki, xoşbəxtsənsə, yazmazsan. Yalandır. Mən sevirəm. Mən sevilirəm. Mən sevgiyə toxunuram, o mənə nəfəs verir. Bəlkə də məni xilas edit. Amma bu tıxanıqlıq sevgisizlikdən deyil, daxilimdəki mənə çatmamaqdandır. Mən özümə girməyə çalışıram, amma içimdə heç kim yoxdur. Özüm özümə bir xarabam. Qırılmış divarların arasında "mən" deyə qışqırıram. Cavab yoxdur.

  Yazmaq mənim üçün var olmaqdır. Yaza bilməyəndə yox oluram. Və bu yoxluq kimsəyə görünmür. Çünki mən gündəlik həyatdakı rollarımı çox gözəl oynayıram. Söhbət edirəm. Gülümsəyirəm. Fikirlərimi deyirəm. Amma heç biri mən deyil. Heç biri bu içdən çürüyən, bu zamanın içində itib gedən varlığım deyil. Və bəli, qəzəbliyəm. Sizə yox. Dünya da heç vecimə deyil. Mən özümə qəzəbliyəm. Çünki hər gün yazmayıb, sonra özümü günahlandırıram. Sonra bir gün anlayıram ki, bu artıq günah yox, bir həyat tərzidir. Susmaq, vərdiş halına keçib. Mən öz sözümü içinə basdıran bir varlıq olmuşam. Qəbirsiz ölülər kimi. Bəzən beynimdə bir cümlə dolaşır ki, "Bir az sonra yazaram." Bu xbir az sonra" mənim həyatımı yeyib. Hər şeyi təxirə salmışam. Hər şeyi. Düşüncələrimi. Sözlərimi. Səssiz qaldığım bütün vaxtlar da, bir əsər olub və ölüb. Hər susqunluğum, bir ideyanın dəfnidir.

Və siz, oxucular. Bilirəm, bu da sizə qəribə gələcək. Çünki siz oxumağa hazırsınız, amma sırf məni anlamağa yox. Mən sizə qəzəbli deyiləm, amma ümidli də deyiləm. Mən yazıram, sizə yox. Özümə də yox. Sadəcə yazıram. Qoy harasa ilişsin. Qoy kağız da dözsün bu sətirlərə. Çünki mən artıq dözə bilmirəm. Əgər bu sözləri kimsə oxuyursa, unutmasın. Mən sevilirəm. Və yenə də çürüyürəm. Mən hər şeyə sahibəm. Amma yenə də boşluqda qalmışam. Səbəbi isə sadədir. Özümə çatmırdım. Mən burdayam. Və sən görmədin.

Daha danışmıram. Səbəbini belə izah etməyə ehtiyac yoxdur. Susuram. Çünki izah etmək, anlaşıla biləcəyinə inanmaqdır..Mən inanmıram. Susmağın necə vərdişə çevrildiyini bilirəm. Əvvəl fikirləri saxlayırsan. Sonra bir gün danışmalı olduğun bir an gəlir, amma keçirsən. Növbəti dəfə bir az daha rahat keçirsən. Üçüncü dəfə, artıq heç nə demirsən. Səssizlik səni içindən alıb aparır. Sən bunu "hüzur" zənn edirsən. Amma bu öz dilindən, öz cümləndən imtinadır. Və ən sonda, heç kimin içində danışmağa dəyər bir səs olmadığını düşünməyə başlayırsan.

Yəni mən belə başladım bu boşluğa. İndi nə hiss edirəm?  Heç nə. Bu, çox dəqiq ifadədir, heç nə.

 Qəzəb var. Bəli. Amma o da artıq emosional deyil. Qəzəb, sanki sümüyün bir hissəsinə çevrilib. Sən hərəkət etdikcə içində qırılır, qırıldıqca daha da içindəki sükutun sərtləşir. Mən sakit deyiləm.

Mən sadəcə çürüməyi çox sakit yaşayıram. Və bu vaxtsızlıq, bu hər gün içimdə təkrarlanan "bu gün də olmadı" cümləsi məni öldürmür. Yox. Məni adiləşdirir. Mənim faciəm bu deyil ki, yazmıram. Faciə budur ki, mən yazmamağıma öyrəşmişəm. İnsan nəyə öyrəşirsə, o olur. Susmağa öyrəşmişsənsə, susan olursan. Vaxtsızlığa öyrəşmisənsə, artıq heç nə üçün tələsmirsən. Yazmamağa öyrəşmisənsə, artıq yarımçıq doğulmuş olursan. İçindəki fikirlər beyində qalıb abort edilmiş ideyalardır. Və hər kiçik problem, böyük problemlərə hamilədir. Yarımçıq. Doğulmadan boğulmuş.

Mətnlər, artıq yazılmır. Sadəcə ağrılı şəkildə sənin içində sıxılır.

Bəzən bir cümlə gəzir beynimdə, "Əgər yazsam, nə dəyişəcək?".Hər şey. Yəni, heç nə. Yazmaq məni dəyişmir. Məni xilas da etmir. Sadəcə bu dünyada olduğumu sübut edir. Sözüm çıxırsa, deməli varam. Yoxdursa, mən də yoxam. Bu qədər. Bu qədər qaranlıq və bu qədər dürüst. Amma bu qaranlıqda bir şeyi danmıram, sevilirəm. Və sən düşünə bilərsən ki, bu məni qoruyur. Qorumur. Sadəcə daha dərindən çürüməyimi yavaşladır. O yanımdadır, sevgilim. Gözlərimə baxanda orda bir şey görür. Amma o gördüyünü mən içimdə hiss etmirəm. Mən orda deyiləm. Çünki mən.. bu vərəqdə itmişəm. Bu boşluqda donmuşam. Səni sevirəm. Sözsüz, şəksiz, nəfəs kimi.

Bu sualların cavabı yoxdur. Amma mən yazıram. Çünki bu, mənim dirilməyə çalışmaq cəhdimdir. Əgər bir gün dayanarsam, bilin ki, mən getmişəm. Amma hələlik burdayam. Və yenə də qışqırıram:

 "MƏN BURDAYAM. VƏ HƏLƏ DƏ HEÇ KİM GÖRMÜR."

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.