Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Bayaq bir hekayə oxudum. Oxuduğum andan bəri sorğulayıram. Özümü, üzüldüklərimi, dərdlərimi, həyatı...
Birinci hekayəni danışım sizə.
Yaşlı bir adam buz kimi havada satdığı salfetlərdən birini gənc cütlüyə uzatdı və dedi:
-Alarsız? Siftə belə etməmişəm...
Gənc oğlan: -ehtiyacımız yoxdur, əmi- dedi.
-Salfetə həmişə ehtiyac var, oğlum.
O an gənc qadının burnu qıcıqlandı və asqırdı. Çantasında axtardısa da salfet tapmadı.
Gənc adam ciblərini yoxladı, xırda pul tapmadı. "Nəysə, qalsın, əmi" dedi. Sonra da xanıma çevrilərək:
"Mən belələrinin ciyərini də bilirəm. Siftə eləməmişəm deyirsə xırdamı da qaytarmayacaq" dedi və dönüb getdi. 1-2 addım sonra qız çantasına baxanda salfeti gördü. Adamın xoş niyyətini gec anlamışdılar.
Səhəri gün marketə düşəndə satıcının söhbətini eşitdilər:
-Xəbərin var? Dünən burda salfet satan kişi ölüb.
-Aa, harda? Niyə?
-Qabaqdakı parktda skamyada, aclıqdan.
Qadın donub qaldı. Oğlan ağzını açıb "ciyərini bilirəm" dediyi cümləsini təkrar edə bilmədi...
Oxuduqdan sonra dəqiqələrcə boşluğa baxdım, içimdə sanki şüşədən bir şey qırıldı. Küçədə hər gün yanından keçdiyimiz, əhəmiyyət belə vermədiyimiz insanların nə kimi dərdləri ola biləcəyi gəldi ağlıma. Gözlərim dolu-dolu üzüldüyüm, özümü üzdüyüm hər şey üçün utandım. Bəlkə çox bəsit bir hekayədir, amma həyatımızın nə qədər anlamsız, nə qədər qısa və dəyərsiz olduğunu göstərdi mənə. Bəzən həqiqətən ağladığımız problemlərin ucuzluğunu düşünəndə gülümsədim səssizcə... Hər kəsin dərdi özünə ağırdır, amma bəzi dərdlər var ki, bütün hamı üçün ağırdır. Bəlkə də, bugün yanından keçdiyimiz o siqaret çəkən oğlan ailəsini təzə itirib. Bəlkə, o parkdakı qız ailəsini tək başına dolandırır. Bəlkə kimlərsə var, uşağına bir çörək belə ala bilmir. Biz hər gün belələrinin yanından keçirik, amma ruhumuz belə incinmir.
Hər gün ölkədə cürbəcür xəbərlər duyuruq. Bir gün yolpulunun qalxması olur gündəmdə. Digər gün cinayət. Bəs nə vaxt gündəmimiz insanlıq olacaq? Nə vaxt biz insanlar dünya olaraq, xalq olaraq yox ha, ölkə olaraq da yox, elə məhz dünya olaraq bizim bərabərliyimizi, eyni olduğumuzu, hamımızım bir qurtum suya və bir quru çörəyə yaşamaq üçün möhtac olduğumuzu anlayacağıq?
Bugün sevgilisindən ayrıldı deyə intihar edənlər, oğlu, qızı universitetə qəbul olmadı deyə onları döyənlər, söyənlər görən nə düşünür? Bu dünyada daimi olduqlarını? Acınacaqlı, gülməlidir. Çox acınacaqlı, çox gülməlidir... Allah insaf, biraz da yaşatdığı bəndələrinə barı ömrünü normal yaşamağa fürsət versin. Ən qorxulu ölüm sizə görə nədir, bilmirəm. Mən heç özüm də hansından daha çox qorxuram, bilmirəm. Sadəcə, hamıya dərdsiz, sıxıcı, şən bir həyat, ağrısız, acısız səssiz ölüm arzu edirəm...
“Ədəbiyyat və incəsənət”
(01.09.2025)