Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Allah insanı yaratdı. Ona şüur, azad iradə və ruh verdi. İnsan Tanrının məhəbbətinin aynası idi, amma eyni zamanda onun ən böyük sınağı. Çünki şüur həm işıqdır, həm də zülmət. İnsan yalnız ağrını dərk edəndə əsl azadlığını hiss edir.
Bir gün Allah mələklərini topladı və soruşdu:
-Mən insanın şüurunu sınamaq istəyirəm. Onun axtarışını görmək üçün ondan gizlənməliyəm. Bəs hara gedim ki, məni tapa bilməsin?
Mələklər cavab verdi: "Uca zirvələrə çəkil, insan səni orada görə bilməz."
Başqa biri dedi: "Dənizlərin ən dərin qatına en, insanın nəfəsi ora yetməz."
Başqa biri: "Qaranlıqlara sığın, insan nur axtardıqca səni orada görə bilməz."
Amma Şeytan susmadı. O, gülərək dilləndi:
"Onu ucalığa da qaldırsan, dərinliyə də salsan, insan gec-tez ora yol tapacaq. Çünki sən ona iradə və şüur verdin. Zirvələri fəth edəcək, dərinlikləri yaracaq, qaranlıqları işıqlandıracaq. Amma bir yer var ki, oraya çatdıqda, fəthlər etdikdə o, səni unudacaq. İnsanın öz qəlbi. Ora gizlən, çünki insan öz qəlbinə baxdıqca min şey görəcək, ehtiras, günah, arzular, qorxular amma Səni deyil. O, bütün kainatı axtaracaq, amma öz içindəki səni unudacaq."
Və beləliklə, Allah qəzəblə susdu, amma Şeytanın dediyini etdi. O gündən Allah insanın qəlbində gizləndi.
Amma biz bu zəif, yorğun məxluqlar, qəlbimizi açmağa cəsarət etmədik. Zirvələrə qalxdıq, dənizlərin dibinə endik, göylərin sirlərini araşdırdıq, amma ən böyük sirlə içimizdə gizlənmiş Allahla, üz-üzə gəlməkdən qorxduq.
Bəlkə də bütün fəlsəfə budur, insan Tanrını göydə, kainatda, möcüzələrdə axtardı, amma unudub ki, ən dəhşətli sığınacaq, ən gizli otaq məhz onun öz qəlbidir. İnsanın qəlbi həm cənnət, həm cəhənnəmdir. Və bəlkə də Allah orada gizlənməklə bizə bunu izah etmək istədi: "Məni kənarda axtarma, çünki mən sənin vicdanının sükutundayam."
İnsan öz qəlbini unutdu. Bu unuduluş sadəcə bir laqeydlik deyil, bir qaçışdır. Çünki qəlb, insanın ən qorxulu güzgüsüdür. Oraya baxan özünü görür, amma yalnız zahiri halını deyil, bütün günahlarını, arzularını, qorxularını, xəyanətlərini. Qəlb insanın həm cənnətidir, həm də cəhənnəmi. Ona görə də biz qəlbimizi yadımıza salmamaq üçün dünyanı gurultu ilə doldurduq. Şəhərlərin səs-küyü, reklamların işığı, sonsuz arzuların təlaşlı səsi, hamısı bir tək həqiqəti gizlətmək üçündür. İçimizdə Tanrı var, amma biz Onu eşitmək istəmirik.
Vicdan – Tanrının pıçıltısı də deyirlər, hər birimizin içindədir. Lakin biz o pıçıltını eşitməmək üçün bütün bir mədəniyyət yaratdıq. Əyləncə ilə, maddi arzularla, ideologiyalarla, texnologiyanın soyuq parıltısı ilə qəlbimizi susdurduq. İnsan öz qəlbinə qulaq asmaqdan o qədər qorxur ki, sanki orada Allahla rastlaşmaq onu məhv edəcək. Əslində isə məhv edən Tanrının yoxluğu deyil, Onun unudulmasıdır.
Dostoyevski demişkən, insanın ən böyük əzabı vicdanıdır. Amma müasir insan artıq bu əzabı da unudub. Çünki vicdanını öldürən biri Tanrını da qəlbində öldürmüş olur. İnsan özünü Tanrının yerinə qoyur, amma əslində içindəki Tanrını susdurmaqla boşluğa düşür.Azadlıq insana yük olur və o bu yükdən qaçmaq üçün öz qəlbini inkar edir.
Amma paradoks budur, insan Tanrını göydə, kainatda axtarır, fəlsəfə qurur, elm yaradır, amma ən yaxın yerdə qəlbin dərinliyində Onu unutmağa məhkum olur. Çünki oraya baxmaq, özünü görməkdir. İnsan isə özünü görməkdən daha çox heç nədən qorxmur. Zirvələrə qalxmaq, dənizlərin dibinə enmək, hətta kainatı fəth etmək asandır, amma öz ruhunun qaranlığına baxmaq... Bax bu ən çətin sınaqdır.
Bəli, Tanrı gizləndi, amma yox olmadı. O, qəlbimizdədir. Biz isə qəlbimizi unutduq. Bu unuduluş, insanın ən böyük faciəsidir. Çünki qəlbi unudan insan artıq Tanrını da, özünü də itirir. O, sadəcə boşluğun səhrasında dolaşır və səsini göylərə qaldırıraq "Tanrı haradadır?" Deyə çığırır. Halbuki Tanrı həmin an onun qəlbinin susqunluğunda gizlənmişdir.
Biz göylərə baxırıq və soruşuruq, "Uca Rəbbim, hardasan?" Dünyada bu qədər ağrı, bu qədər göz yaşı, bu qədər ədalətsizlik varkən, niyə susursan? Uşaqlar ölür, torpaqlar qan içində qalır, günahsızlar əzab çəkir, güclülər zalimliklə hakimiyyət sürür. Biz sənin adını çağırırıq, amma sanki göylər kar olub. Bəlkə də bu, sənin gizlənməyinin nəticəsidir. Sən qəlbimizə sığındın, amma biz öz qəlbimizi unutduq. Bizim unutqanlığımız sanki səni də susdurdu. İndi dünya sənin yoxluğunla deyil, sənin sükutunla yanır. İnsan dua edir, amma cavab almır. İnsan səcdəyə gedir, amma boşluqla üz-üzə qalır. Biz sənə şikayət edirik, çünki bu dünya bizim gücümüzü aşır. İnsan azad iradə aldı, amma bu iradəni azadlıq üçün yox, özünü məhv etmək üçün istifadə etdi. Elm yaratdı, amma onu ölüm alətinə çevirdi. Qanun qurdu, amma ədaləti satın aldı. Din qurdu, amma sənin adını da, sözünü də öz mənafeyinə çevirdi. Bəs bu halda biz sənə nə deyək? Sənin hədiyyən olan şüur bizi həm yüksəltdi, həm də uçuruma itələdi. Bəli, şikayətimiz çoxdur. Biz sənin ədalətini soruşuruq, çünki dünyada ədalət yoxdur. Biz sənin mərhəmətini soruşuruq, çünki zəiflər tapdalanır, qocalar tərk edilir, yetimlər ac qalır. Bəlkə də sən deyəcəksən: "Mən sizin qəlbinizdəyəm, amma siz məni unutdunuz." Amma biz səndən soruşuruq: niyə belə ağır bir sınaq? Niyə gizlənib bizə yalnız sükut buraxdın? Bəzən dua bir yalvarış deyil, bir üsyandır. Biz səmanın qapılarını döyürük, amma sanki sənin gizləndiyin otaq bağlıdır. Bəlkə də sən qəsdən gizləndin, çünki insan yalnız ağrının içində səni xatırlayır. Bəlkə də biz yalnız əzab içində Allaha yaxınlaşa bilərik. Amma bu da bir zülmdür, çünki sevgi ilə yaratdığın məxluqu yalnız ağrı ilə özünə qaytarmaq ədalət deyil.
Biz sənin sükutundan şikayət edirik. Dünyanın gurultusu, müharibələrin səsi, zalımların qəhqəhəsi sənin səsini boğdu. İndi biz bilmirik, sənin sükutun bizə dərsdir, yoxsa cəza? Sənin gizlənməyin bizi azadlığa çağırır, yoxsa qaranlığa atır? Bizim şikayətimiz, sənin sükutuna qarşı fəryadımızdır. Biz səni unutduq, amma sən də bizi tərk etdin. İndi kainat kimsəsiz bir boşluq kimidir və insan öz fəryadının əks-sədası ilə baş-başa qalıb.
Ey Allah.
Biz Səni sevirik, çünki Sən bizi yaratdın. Amma eyni zamanda Səndən qorxuruq, çünki Sən gizləndin. Sənin varlığın həm təsəlli, həm də əzabdır. Biz Sənin adını zikr edirik, amma bəzən bu zikr sanki boşluğa deyilir. Bəzən dua sükuta dəyir, sükut isə qəlbimizi parçalayır. Biz üsyan edirik, çünki Sənin gizlənməyin bizi yarımçıq qoydu. Sən bizə azadlıq verdin, amma bu azadlıq bizi azad etmədi, bizi dağıtdı. Bizə şüur verdin, amma bu şüur bizi işığa yox, qaranlığa apardı. Bizə ruh verdin, amma bu ruh əzab içində sızlayır. Biz bilirik ki, Sən qəlbimizdəsən, amma niyə orada gizlənirsən? Niyə susursan, niyə bizə cavab vermirsən?
Ey Allah…
Biz Sənə yalvarırıq, özünü göstər! Qəlbimizin qaranlığını işıqlandır! Bizim içimizdə sükut kimi gizlənmə, çünki bu sükut bizi dəli edir. İnsan Səni sevmək istəyir, amma eyni zamanda Sənin gizlənməyinə soyuyur. Bəlkə də ən böyük dua bir fəryaddır: "Ey Allah, hardasan?"
Amma biz bilirirk…
Bəlkə də Sənin gizlənməyin özündən imtina deyil, bizim imtahanımızdır. Bəlkə də Sən qəlbimizdə gizlənməklə bizə bir sirr öyrətmək istədin, Sən heç vaxt uzaqda deyilsən. Sən ən yaxınsan. Şah damarımızdan belə yaxın. Amma insan ən yaxını görməyə çətinlik çəkir.
Ey Allah, əgər Sənin gizlənməyin bizi sınamaq üçündürsə, onda biz sınana-sınana da Səni çağıracağıq. Bizim dualarımız həm yalvarış, həm üsyandır. Biz həm səcdəyə gedirik, həm də üsyanla ayağa qalxırıq. Biz həm Səni sevirik, həm də Səndən şikayət edirik. Çünki Sən gizlənmisən, amma hələ də bizim içimizdəsən.
Ey Allah, bizim fəryadımız boşluğa deyil. Bizim üsyanımız inkar deyil. Biz Səni çağırırıq ki, qəlbimizdə gizlənməyi burax və səs ver. Qəlbimizi unutsaq da, Sən bizi unutma. Bizim şüurumuz zəifdir, iradəmiz sınır, ruhumuz yorulur. Amma yenə də qəlbimizin qaranlığında bir pıçıltı var: "Allah hələ də buradadır."
Bu pıçıltı bəlkə də üsyanın içindən doğan bir minacatdır. Biz Səni həm ittiham edirik, həm də Səndən qurtuluş diləyirik. Çünki insanın duaları həmişə ikiüzlüdür, həm sevgidən doğur, həm də ağrıdan.
Ey Allah…
Əgər Sən həqiqətən qəlbimizdəsənsə, onda bizi bu unuduluşdan oyat. Bizim üsyanımızı mərhəmətə, şikayətimizi ümidə, fəryadımızı təsəlliyə çevir. Bizim qəlbimiz Sənin gizlənməyin məbədi oldu, amma qoy bir gün Sənin aşkara çıxmağın bayrama çevrilsin. Və o gün gəlsə, biz anlayacağıq, bütün üsyanlarımız, bütün şikayətlərimiz əslində bir uzun minacat imiş.
Beləcə, Allah qəlbimizdə gizləndi. Biz isə dünyanı dolaşaraq Onu axtardıq, amma ən yaxın olanı, qəlbimizi unutduq. Zirvələr fəth olundu, dərinliklər araşdırıldı, göylərin sirləri öyrənildi, amma qəlbin içindəki sükut qorxutdu, Tanrını unudulmuş bir əfsanəyə çevirdi. İnsanlıq davam edir. Biz üsyan edirik, şikayət edirik, dua edirik və eyni zamanda qorxuruq. Qorxuruq ki, əgər qəlbimizə baxsaq, Tanrı ilə üz-üzə gələcəyik və bütün aldadıcı rahatlıqlarımız bir anda darmadağın olacaq. Amma hər üsyan, hər dua, hər fəryad Tanrının qəlbimizdəki sükutuna toxunur.
Bəlkə də bütün fəlsəfə budur, Tanrı uzaqda deyil. O, hər zaman bizim içimizdədir, amma biz qəlbimizi unutduqca Onu görə bilmirik. Bəlkə də əsl imtahan da budur, Onu uzaqda axtarmaq yox, içimizdə tapmaq. Və beləliklə, insan həm itirir, həm də tapır. Biz Tanrını unudur, amma Onun varlığını hər fəryadda, hər dua və hər üsyanda hiss edirik. Hər ağrı, hər zülm, hər göz yaşı bir xatırlatma, bir minacatdır, "Mən sənin içindəyəm. Məni unutma."
İndi dünya qarışıqlıq içindədir, amma qəlbimizdə bir sükut var, Tanrının sükutu. Biz bu sükutu eşidəndə biləcəyik ki, bütün üsyanlarımız, şikayətlərimiz və dualarımız boşuna deyilmiş. Və bəlkə də insanlıq yalnız o zaman tam olaraq Tanrını xatırlayacaq,hiss edəcək.. İçimizdə, unudulmuş, amma heç vaxt yox olmayan bir məbəddə.
İnsanlıq və Tanrı arasında qalan boşluq əslində əbədi bir dialoqdur. Biz daim sual verəcəyik, O isə daim cavabsız görünəcək. Amma hər susqunluqda bir dərs, hər qaranlıqda bir işıq gizlidir. Və biz unudulan qəlblər, bir gün o işığı görəcəyik, çünki Tanrı heç vaxt tam yox olmur, yalnız gözləyir...
“Ədəbiyyat və incəsənət”
(22.08.2025)