“Ədəbiyyat və incəsənət” portalının Redaksiya poçtundakı növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğludandır. O, “Xəstə tələsməklə deyil” adlı şeirini ünvanlayıb. Şeir ibrətamizdir, bir növ, gənclərə ağsaqqal məsləhətidir.
XƏSTƏ TƏLƏSMƏKLƏ DEYİL
Xəstə tələsməklə deyil,
Armud vaxtında dəyəcək.
Ağac barlı- bəhərlisə
Barı budağın əyəcək.
Kim gəncliyin keçirsə boş,
Qocalığı olarmı xoş?
Payız keçib gələndə qış,
Ötən ömrə neyləyəcək?
Kamilliyə can atmayan,
Yatan ağlın oyatmayan,
İşləməyən, yaratmayan
Ən sonda dizin döyəcək.
Yağacaq, bulud dolarsa,
Bir də açmaz gül solarsa,
Yük daşdan ağır olarsa,
Tərəzi gözün əyəcək.
Başa salmaq deyil asan.
İnadkarsa, tərssə insan.
O görürsə sökülür dan,
“Qaranlıq düşür”, -deyəcək.
Coşqun, ömrü vermə bada,
Bir qonaqdsan bu dünyada,
Layiq ol düz, təmiz ada-
“Düz ad” dünyaya dəyəcək.
14.08.2025
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)