“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə
Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə lll kurs tələbəsi, "Gənc yazarlar və ədəbiyyatşünaslar" klubunun üzvü Sədaqət Babayevanın yazdığı hekayəsi təqdim edilir.
SƏDAQƏT BABAYEVA
MÜŞFİQİN XƏYALI
HEKAYƏ
Balaca bir otaqda yazırdı şeirlərini. Otaq əşyalarla yox, düşüncələrlə dolu idi. Pəncərədən otağa sızan zəif işıq içərini dumanlı göstərirdi. Balaca bir kitab rəfində köhnə, sararmış kitablar, yazı stolunda açıq dəftərdə yarımçıq bir şeir var idi. Pəncərənin önündəki, solmağa başlayan çiçəyi hər gün sulayırdı. Bir gün açacağına dair ümidini itirmirdi.
Divarda asılı saatda zaman axdıqca, “tik-tak” səsləri otaqdakı sükutu pozan yeganə şey idi. Pəncərənin qırıq şüşəsindən içəri dolan soyuq hava ona təsir etmirdi. Dərin düşüncələrin ağuşunda idi.
Dilbərin “Müşfiq!” — deyə səslənişi onu fikirlərindən ayırdı. Dilbərin gözlərinə baxanda onu ilk gördüyü günü xatırladı — gözlərində payızın bütün yarpaqlarının rənglərini daşıyan Dilbəri. Onunla tanış olmağı, evlənməyi — hər şey bir yuxu kimi keçdi gözlərinin önündən. Xoşbəxt idi, özü də çox, amma vətəninin taleyi onu narahat edirdi. Müşfiq uzun-uzun baxdı Dilbərin gözlərinə. Onun gözlərində nəsə narahatlıq duydu.
— Nə oldu? Nə çox baxdın elə? — deyə səsləndi Dilbər. — Bayaqdan səni çağırıram, eşitmirsən. Nə olub? Yenə bütün dərdi, qəmi yükləmisən özünə?
— Vətənimi alan qara buludlar narahat edir məni, Dilbər. Nə vaxta kimi belə olacaq? Xalqım nə zaman bir səhər günəşi ilə qaranlığa yox, azadlığa oyanacaq?
— Müşfiq... — deyə o astadan dilləndi. — Bu qaranlıq günlər işıqla dolacaq, bir gün səhər ümid işığı ilə aydınlanacaq. Sən özünü belə sıxma. Amma...
— Hə, nə oldu, niyə susdun? — deyə Müşfiq dilləndi. — Amma nə, Dilbər, niyə susursan?
— Amması odur ki, sənin üçün qorxuram, Müşfiq.
Müşfiq tərəddüdlə baxdı Dilbərin ala gözlərinə.
— Sənin bu düşüncələrin şəxsi deyil, böyük bir xalqın ağırlığıdır, Müşfiq. Və bunları ifadə etməkdən çəkinmirsən. Səni xalq düşməni adlandırıb, məndən, bu xalqdan qopararlar deyə...
Müşfiq onun sözünü yarıda kəsdi:
— Məgər ki, səhv edirəm, Dilbər? — deyə qətiyyətlə dilləndi. — Xalqım üçün yazmaq borcumdur. Qoy mənim qələmim xalqımın ümid yeri olsun. Lap öldürürlər, öldürsünlər — mən milyonların şairi olaraq daim qəlblərdə yaşaram, bundan yaxşı nə var?
Otağın zəif işığı altında aydınlanan vərəqdəki şeirə sataşdı Dilbərin gözləri. Lakin bir bəndini oxuya bildi:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Müşfiq bunu hiss edib, tez dəftəri örtdü. Dilbər küskün-küskün ona baxdı.
— Bəs oxuyurdum, niyə qapadın?
— Axı tam bitirməmişəm. Bitirim, ilk sən oxuyacaqsan, küskün ədasına qurban olduğum.
— Heçnə, elə olsun, — dedi Dilbər.
Otağı tərk edib yeməyə keçdilər.
***
Bakının dar, tozlu küçələrində Müşfiq Cavidlə qoşa addımlayırdı. Cavid əziz dostu Müşfiqi nəzəri baxışlarla süzdü:
— Səni uzun müddətdən sonra sevinən görürəm, Müşfiq. Bunu nəyə borcluyuq?
— Sənin, mənim kimi ədiblərimizin tək istədiyi var idi, Cavid: xalqımızı azad görmək.
— Bilirəm, Müşfiq, elədir ki, var. Şeirlərində ürək dolusu bundan bəhs edirsən. Sən heç vaxt əqidəndən dönmədin, bütün təhlükələrə rəğmən, heç əleyhimə də yazmadın.
— Mənim sağ əlim sənin əleyhinə yazsa, sol əlimlə onu kəsib ataram. Mən çox bəxtiyaram! Günəşli günlərə az qalıb, çox az!
Cavid başını qaldırıb, boz səmanı seyr etdi:
— Amma bilirsən ki, bu qara buludlu günlərdə hər şairin sözü öz qanıyla yazılır, Müşfiq. Qorxuram, o günlər biz gəlib çatmamış, bizdən keçsin...
Müşfiq gülümsədi:
— Qoy bizdən keçsə də, sözümüzdən keçməsin. Söz yaşasa, xalq da yaşayar.
Müşfiq əlini dostanə Cavidin çiyninə qoyub, yenicə yazdığı şeirindən bir bənd səsləndirdi:
— Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
***
Həftələr ayları, aylar illəri gətirdi. Müşfiq yenə otağında şeir yazmaqla məşğul idi. Pəncərəsinin yanındakı gül açmış, otağa dolan günəş şüalarını sevinclə qucaqlayır, yaşıl yarpaqları ümidlə parlayırdı.
“Ədəbiyyat və incəsənət”
(19.08.2025)