Bir ictimai bəladan qurtuluş ərəfəsində... – Bir daha yas məclislərindəki təmtəraq barədə Featured

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Ölkəmizin ictimai bəlalarından biri də yas mərasimlərində həyata keçən israfçılıq əməllərindən ibarətdir. Yaxını və əzizini itirmiş insan əzizi üçün əza saxlamaqla qapısına gəlmiş yüzlərlə insana hərtərəfli xidmət göstərmək arasında çaşıb qalır. Yas mərasimlərində dəbdəbəli süfrələr açılır, müxtəlif təamlar, saladlar, meyvə, tərəvəz, həmçinin, çərəz, şirniyyat və qənnadi məmulatları süfrəyə düzülür. Əlbəttə, bu ictimai bəla toy mərasimlərində də müşahidə olunmaqdadır. Bütün bunlar isə dini nöqteyi-nəzərdən israfkarlıq, həmçinin sağlam ağıl və vicdan baxımından qəbahətli əməl sayılır. Yas mərasimlərimiz bir çox hallarda bu və bu kimi digər adətlərə görə öz mahiyyətini itirir və insanlar sanki yemək-içmək üçün bir araya gəlirlər...

 

Təxminən 15 il öncədən (2010) etibarən müxtəlif status və yazılarda, xüsusilə də iştirak etdiyim el məclislərində bu mövzudan söz açmış və bu qəbil işlərin düzgün olmadığını bildirirəm. Hətta, bəzən həmin mərasimlərdəki söhbətimə və eləcə də mərasimdə verilən yeməkdən yemədən üzr istəyib getdiyimə görə məndən incik düşən ev sahibləri də olurdu...

Görünən odur ki, bu qəbil ictimai bəlalar yalnız Dövlətin qərarı və tədbiri ilə aradan qaldırıla bilər. Mən də bunu ilk əvvəldən təkidlə söyləmişəm.

Sözün həqiqi mənasında ölkədə elə qəribə adətlər və elə anormal ənənələr var ki, onları aradan qaldırmaq üçün elmi mühazirə söyləmək və ya öyüd-nəsihət etmək, həmçinin, kitab, məqalə və status yazmağın heç də ciddi təsiri olmur. Həmin sahələrdə mövcud olan anormal ənənələr birbaşa Dövlətin qəti qərarı və atacağı qətiyyətli addımı ilə aradan qalxa bilər. Dəbdəbəli və israfkar yas və toy mərasimləri də bu qəbildəndir.

 

Son aylar müşahidə edilənlər onu göstərir ki, artıq Dövlət bu barədə ciddi qərarını vermiş və "israfkarlıq" adətlərini aradan qaldırmağa dair real addımlar atmağa başlamışdır. Əvvəllər Naxçıvan Muxtar Respublikasının Mahmudkənd kəndində dəbdəbəli yas mərasimləri qadağan edilsə də, indi artıq ölkənin Quba, Kürdəmir, Balakən, Şamaxı, Sabirabad, Bərdə, Saatlı, Şəmkir, Samux, Şirvan və Biləsuvar rayonlarında da dəbdəbəli və israfkar yas mərasimləri ləğv edilmişdir. Həmin yerlərdə yas mərasimləri olduqca sadə tərzdə keçirilir və məclisə gələnlərə yalnız çay, xurma və ya halva təqdim olunur. Bu da əhalisinin 93,4 %-i müsəlman olan xalqın mənsub olduğu dinin təlimləri ilə tam uyğundur. Çünki İslam təlimlərinə görə, yaxınlarından birini itirmiş insana yük olmamaq, onun dərdinə şərik olmaq, xüsusilə də belə yerlərə təam (yemək) aparmaq tövsiyə olunmuşdur. Halbuki insanların çoxu bunun əksini həyata keçirir, bəziləri isə yas mərasimində az qala səhər, günorta və şam yeməklərini belə yeməyə həvəs göstərir. Əlbəttə, heç şübhəsiz bu sahədə sadə vətəndaşları qınamaq düzgün olmazdı. Çünki belə məsələləri ilk növbədə səlahiyyətli din xadimləri xalqa aşılamağa mükəlləfdirlər.

 

Hər halda bu gün yas mərasimləri ilə bağlı müşahidə edilən bu qəbil tənzimləmə və islahat işləri olduqca sevindirici bir haldır.

Bu baxımdan hər bir vətəndaş Dövlətin uyğun sahədə qərarı və tövsiyəsinə hörmətlə yanaşmalı, bu günümüz və gələcəyimizin yaxşılaşması naminə bu sahədə səhlənkarlığa yol verməməlidir...

Bütün Azərbaycanımızın bu və bu kimi digər ictimai bəladan tam şəkildə qurtulmaq ümidi ilə!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.