Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir xatirələrində yazırdı: “Kərim bəy Mehmandarov gedərkən bütün ailəmizlə birgə bizi yayda Şuşaya dəvət etdi. Həm də mənə dedi: “Gəl, ermənilərlə qonşuluq münasibətlərimizi qaydasına salmaqda mənə kömək elə!”...
1907-ci il iyunun 15-də Quzanlıdan molla gətirdilər. Həmin molla qohumlarımın və yaxınlarımın iştirakı ilə bizim kəbinimizi kəsdi.
1907-ci il iyunun 25-də Mirzə Cəlil Faiq əfəndidən jurnalın bağlanması xəbəri haqqında teleqram aldı. Biz Ağdama qədər bir yerdə getmək üçün hazırlaşdıq. Cəlil Ağdamdan Tiflisə yola düşməli, mən isə uşaqlarla Şuşaya – yaylağa çıxmalı idim. Mənim bu izdivacım Qarabağ bəylərinin çoxunu hiddətləndirmiş, qəzəbə səbəb olmuşdu. Onlar zümrə törələrinə sədaqət göstərmədiyinə görə məni tənbeh etmək, hətta Ağdam bazarında Mirzə Cəlili öldürmək istəmişdilər. Mən əmioğullarımı məsləhətə çağırdım. Onların böyüyü İbiş bəy çox hiddətləndi. İbiş bəy 20 il öncə hökumətə müqavimət göstərdiyi üçün həbsə atılmış, 12 illik Sibirə sürgün edilmişdi. 1905-ci il manifestinə görə həbsdən azad edilib, geri qayıtmışdı. O, Qarabağda mərdliyi, cəsurluğu, qorxmazlığı ilə ad çıxarmışdı. Qarabağ bəyləri onunla hesablaşırdılar. 1905-ci ilin avqustunda biz – Şuşa Xeyriyyə Cəmiyyətinin rəhbərliyi onun sayəsində ermənilərlə müsəlmanlar arasında sülh yarada bilmişdik. Kərim bəy Mehmandarovun ona xüsusi hörməti var idi. Cəmiyyətin və DİFAİ Partiyasının adından danışıqlara gedərkən bizi onun dəstəsi müşayiət edirdi. İbiş bəy qohumlardan və dostlardan ibarət 20 nəfər silahlı və atlını başına topladı. Onlar bizim faytonu əhatəyə alıb Şuşaya qədər ötürdülər. Bu minvalla biz Ağdam bazarından keçib stansiyada dayandıq. Pişvazımıza Şuşadan göndərilmiş şəhərin iki nəfər çox nüfuzlu sakini çıxmışdı. Sən demə, bu hörmətli adamları bizi qarşılamaq və orada müşayiət etmək üçün göndəriblərmiş. Sonra məlum oldu ki, onların göndərən də bizim əziz Doktorumuzmuş. O bizi təhlükələrdən qorumaq üçün belə bir qərar alıbmış. Həmin gün Mirzə Cəlili iki silahlı və etibarlı adamla yola saldım. Özüm isə uşaqlarla Şuşaya getdim.
Pişvaza gələn hörmətli adamları göndərən Kərim bəy idi
Əhməd bəy Ağaoğlu və Kərim bəy Mehmandarovun qurduğu DİFAİ Partiyasının mərd, məğrur, cəsarətli igidləri olmasaydı, 1906-cı ildə qana-qan deyən erməni daşnaqları təkcə Şuşada, Qarabağda deyil, bütün Azərbaycanda daşı daş üzərində qoymayacaqdılar. Kərim bəy Mehmandarov irzi-namus bəkçisi, millət, məmləkət təəssübkeşi idi. Bir Qarabağ əsilzadəsi, xanədan mənsubu kimi Həmidə xanımın törə qanunlarının çeynəyib keçməsi ona ağır gəlsə də, o, əmanətə xəyanət etməzdi. Həmidə xanımın atası Əhməd bəy Cavanşir Xurşidbanu Natəvan rəiyyət Seyid Hüseynə könül verəndə, o da, Qasım bəy Zakirin, Mirzə Camal Cavanşir Qarabağinin, Mirzə Adıgözəl Qarabağinin, ən əsası son Vərəsənin yeri qəlbində başqa olan Qacar şahzadəsi Bəhmən Mirzə Qacarın yanında olmuş, Xurşidbanunu qınasa da, ondan dönməmiş, son ana qədər ehtiramını əsirgəməmişdir. Kərim bəy Mehmandarovun Həmidə xanımla Mirzə Cəlilin nikahına münasibəti əslində Əhməd bəy Cavanşirin vəziyyətini yada salırdı. Sadəcə, məkan və zaman fərqli idi. Natəvan törə qanunlarını Şuşada, Həmidə xanım isə Kəhrizlidə pozmuş, Qarabağın nigaran ruhlarını naşad etmişdi. Kərim bəyin dərdi daha ağırdır. Əlində Əhməd bəy Cavanşirin ovcuna qoyub bərk-bərk əmanət etdiyi Həmidə xanımın əllərini istisi, qəlbində “Gümüş medalyon”un nisgili olsa da, “Yadigar”ın üstündən gözünü çəkməzdi. Heç Həmidə xanım da onun bir sözünü iki etməzdi. O, sıradan bir qohum, dost, tanış, el oğlu deyildi. Urus Əhmədin silahdaşı, Qarabağın nəm-nişan yeri, özünü isə dağ bilib söykəndiyi, kölgəsinə sığındığı qos-qoca xan Çinardı!
Əhməd bəy Cavanşir: “Mənim qızım cəngəllikdən gələcək nəsillər üçün yol açacaq!”
Tarixə inqilablar, müharibələr, repressiyalar, elmi nailiyyətlər, texniki tərəqqilər dövrü kimi daxil olan XX yüz il imperiyaların iflası ilə nəticələndi. Çar Rusiyasını bürüyən inqilablar əyalətlərdə hiss olunmağa başladı. Oxun yaydan çıxması ilə Qafqazı bürüyən təbəddülatlar, ilklərə imza atan tarixi şəxsiyyətlərin simasında yeni inqilabi eranın təməlini qoydu.
Mirzə Kazım bəyin “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır” kəlamın gerçəyə çevirən Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov kimi tarixi şəxsiyyətlərin sırasında yer alan, “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!” nidası ilə sərvətini milli mənlik və milli kimlik uğrunda mücadiləyə həsr edən Hacı Zeynalabdin Tağıyevin bir çağırışı ilə milli məfkurənin və milli dövlətçiliyin təməl daşına çevirən dahilər doğruldu. Şərqin ilk anadilli mətbu orqanı “Əkinçi”ni quran Həsən bəy Zərdabinin baş tutmayan milli məktəb, milli teatr, qiraətxana açmaq, kitabxana yaratmaq, Azərbaycan müəllimlərinin qurultayını çağırmaq kimi müqəddəs və mübarək arzusunu Həbib bəy Mahmudbəyov gerçəyə çevirir. Bakıda rus-tatar məktəbinin, teatr trubasının, qiraət və kitabxananın təməlini qoyur. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsini Qazaxa köçürən Firudin bəy Köçərlinin “Bir millətin varını-dövlətini sərvətini əlindən alarsan, məhv olmaz, dilini alarsan tərg olub gedər”, İsmayıl Qaspralının “dildə, fikirdə, işdə birlik” nidası ilə yeni məktəblər quran Seyid Əzim Şirvani, İsmayıl Qasir, Mirzə Kərim İsmayıl, Məmmədtağı Sidqi, Naxçıvan Qızlar Seminariyasının qurucusu Mirzə Nəsrulla bəy Əmirov, Tağıyevin Qız Məktəbindən sonra milli maarifçilik hərəkatına töhfələr verən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əhməd bəy Cavanşir, Kərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Badisəba xanım Köçərli Əbədi istiqlalın manifestini yazanlarla birlikdə tarix yaratdılar. Tiflisin elmi-mədəni mühitində yetişən Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov kimi ilklərə imza atan dahilərin cığırdaşı olan Hənifə xanım Abayeva-Məlikova, Nigar xanım Şıxlinskaya, Şəfiqə xanım Əfəndizadə kimi qüdrətli maarifçilərlə birlikdə ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən Həmidə xanım Cavanşir Qarabağın – Şuşanın elmi-mədəni mühitində yetişmişdi. İlk dərsini həm cisminin, həm ruhunun atasından – Əhməd bəy Cavanşirdən almışdı. Firudin bəy Köçərlinin “Əhməd bəy Cavanşir” adlı məqaləsində “Əhməd bəy doğru sevən, cürətli, ziyadə fərasətli, istedadlı bir şəxs idi. Onun xislətində asari-nəcabət və cəlalət zahir idi. Alagözlü, açıqsözlü, gülüşüzlü, hazırcavab, ziyadə xoşbəxt və ziyadə məlumatlı bir vücud idi” deyib, sonsuz hörmət və ehtiram hissi ilə təsvir etdiyi, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin “Qarabağnamə”lərin əvəzsiz müəlliflərindən hesab etdiyi, “1747-ci ildən 1805-ci ilə kimi Qarabağ xanlığının siyasi mövcudluğu haqqında”, “Xan Sarayının əyyanlarından olan Molla Pənah haqqında hekayə” kimi kitablarına, Jukovskidən, Lermontovdan, Puşkindən etdiyi tərcümələrə, uşaqlar üçün aldığı əsərlərə görə xüsusi hörmət etdiyi Əhməd bəy Cavanşir Qarabağın elmi-mədəni elitasının hörmətini qazanacaq, qızı haqqında hamıdan, hər kəsdən öncə söyləmişdi: “Aslanın erkəyi də aslandır, dişisi də. Düzgün təlim-tərbiyə almış qız oğlandan əskik deyil. Mənim qızım da heç kimdən əskik olmayacaq. Əgər nəslimizin bütün kişiləri ölsə, qızım bizi şərəflə əvəz edəcək! Və heç zaman düşmənə yenilməyəcək. Mənim qızım Qarabağın ilk mədəni xanımı olacaq! Bu cəngəllikdən gələcək nəsillər üçün yol açacaq! Düzdür, bu, çox çətin işdir, lakin kimsə birinci olmalıdır!”
Badisəba xanım gümüş kəmərini, Voronsov-Daşqovun xanımı isə brilyant qaşlı qolbağını ianə etdi
Bütün həyatını ilklərə imza atmaq kimi müqəddəsliyə həsr edən Həmidə xanım Cavanşir atasının qeyd etdiyi kimi, gələcək nəsillərə yol açan, heç zaman düşmənə yenilməyən bir lider kimi Cisminin atasından sonra Ruhunun yiyəsinə söykəndi. DİFAİ Partiyasının Şuşa bölməsində, Qarabağ Birlik Məclisində və Şuşa Xeyriyyə Cəmiyyətində Kərim bəyin katibi kimi tarix yaratdı.
Kərim bəy Mehmandarovun diktəsi ilə qızı Minanı Tiflis Nəcib Qızlar İnstitutuna qoyur, burada təhsil alan azərbaycanlı tələbələrə ana dili dərsinin keçirilməməsinə etiraz edərək Qafqazın Şeyxülislamı Əbdüssəlam Axundzadəyə müraciət edir. Şeyxülislamın bilavasitə iştirakı ilə azərbaycanlı tələbələrə ana dili tədris olunur. Müəllimlərin zəhmət haqqını öz üzərinə alan Həmidə xanımla Kərim bəy Mehmandarovun milli kimlik uğrunda mücadiləsi bununla bitmir. Məhz bu qüdrətli şəxsiyyətlərin birlikdə aldığı tarixi qərarlarla Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətinin xətti, Gövhər xanım Qacarın, Tubu xanım Axundzadənin, Nisə xanım Axundzadə - Qacarın, Sofya xanım Şaxtaxtinskayanın dəstəyi ilə xeyriyyə tədbirləri təşkil olunur. Əldə olunan vəsait Nəcib Qızlar İnstitutunun tələbələrinin dərsliklərinə, inqilabdan əziyyət çəkən ailələrin uşaqlarının əyin-başına və ərzaq məhsullarının alınmasına xərclənir. Cəmiyyətin sədri Mustafa ağa Vəkilovun Kərim bəy Mehmandarovla isti münasibətləri və xüsusi yardımları sayəsində əldə olunan ianələrin 300 çervonu Kəhrizli kəndinin sosial problemlərinə sərf olunur, Qarabağda qayğıya ehtiyacı olan ailələrə bağışlanır. Kərim bəy Mehmandarovun və Həmidə xanım Cavanşirin müraciəti sayəsində təşkil olunan xeyriyyə tədbirinə Bakıdan Hacı Zeynalabdin Tağıyev min manat yardım göndərir. Tədbirdə iştirak edən Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım gümüş kəmərini, Qafqaz canişini Voronsov-Daşqovun xanımı isə brilyant qaşlı qolbağını ianə edir.
Kərim bəy Mehmandarov Şuşanın elmi-mədəni mühitində yetişmiş, Petroqrad Tibbi Cərrahlıq Akademiyasının simalarından dərs almış, 1895-ci ildə Məmməd ağa Vəkilov və Əbdülxalıq bəy Axundovla birlikdə Bakı Tibb Cəmiyyətini təsis etmiş, DİFAİ Partiyasının Şuşa Komitəsinin sədri, Komitənin əsasında qurulan Qarabağ Birlik Məclisinin rəhbəri, İttihat Partiyasının aparıcı simalarından biri, Şuşa Xeyriyyə Cəmiyyətinin qurucusu, İttihat Partiyasının 2 sentyabr 1919-cu il tarixli qərarından sonra Qarabağ Quberniyası Komitəsinin ideya müəllifi, Komitənin İdarə Heyətinin sədr müavini kimi tarix yaratmışdı. Komitənin sədri Fərhad bəy Ağayev, ikinci müavini Həsən bəy Mircamalov və katib Həmidə xanım Cavanşirlə genişmiqyaslı layihələr gerçəkləşdirmişdi.
Qarabağda qıtlıq tüğyan edərkən Həmidə xanım müsəlman kəndliləri ilə yanaşı, ac erməni kəndlilərinə də yardım göstərmişdi
Həmidə xanım Cavanşir baş ideoloqunun – Kərim bəy Mehmandarovun ideyalarının həyata keçirilməsi üçün təkcə Qarabağda deyil, Bakı, Tiflis, Dərbənd, Borçalı, İrəvan kimi strateji əhəmiyyətli şəhər və bölgələrdə də qadınların təhsilə cəlb olunması, sosial problemlərin həlli kimi ciddi məsələlərin öhdəsindən gəlmişdir.
Bu iki qüdrətli şəxsiyyətin müştərək aldığı qərarlar sayəsində Qarabağda əhalinin düşdüyü ağır vəziyyətdən, xüsusilə də aclıqdan xilası üçün davamlı olaraq xeyriyyə tədbirləri təşkil olunmuş, ayrı-ayrı şəhərlərdən, daha doğrusu imkanlı şəxslərdən yardımlar alınmışdır. Mustafa ağa Vəkilovun rəhbərlik, Mirzə Cəlilin katiblik etdiyi Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətində alınan yardımdan əlavə məhz Kərim bəy və Həmidə xanımın yazışmaları sayəsində Naxçıvan Milli Şurasının sədri, Ali Gildiyalı tacir Mirzə Nəsrulla bəy Əmirovdan, İrəvanın nüfuzlu mesenatı II Gildiyalı tacir Məşədi Ələsgərdən və Bakı mesenatlarından – Murtuza Muxtarovdan, Şəmsi Əsədullayevdən və Nabat xanım Aşurbəyovadan, xüsusən də Hacı Zeynalabdin Tağıyevdən dəstək alınmışdır. Həmidə xanım Cavanşirin maarifçilik görüşlərinə həsr olunan “Həmidə Məmmədquluzadənin maarifçilik fəaliyyəti” adlı kitabın müəllifi Əlizadə Nəcəfovun qeydlərindən də bəlli olur ki, Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti Şuşa Xeyriyyə Cəmiyyətinə, xüsusən də Həmidə xanım Cavanşirə yardım üçün 600 manat göndərmişdir. “Həmidə xanım daha çox zərər çəkən kəndlərə gedib, hökumət məmurlarının və kənd ağsaqqallarının iştirakı ilə hər nəfər başına 1 manat 50 qəpik paylamış, pulun paylanması haqqında rəsmi sənədlər tərtib etdikdən sonra kəndə qayıtmış, ertəsi gün institutu bitirən qızının arxasınca Tiflisə yola düşmüşdür. Bu ərəfədə yoxsul ailələrə yardım üçün məşhur mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevdən Həmidə xanımın adına 1000 manat göndərilmişdir. Amma Həmidə xanım pulu almamış və Tağıyevin kontoruna təxirəsalınmaz işinin olduğu üçün Tiflisə getdiyini bildirmiş, pulun alınıb paylanılması üçün işin Doktor Mehmandarova tapşırılmasını xahiş etmişdir”.
Kərim bəy Mehmandarov Əhməd bəy Ağaoğlu kimi Tağıyevin ölkədə inandığı beş ictimai-siyasi xadimdən biri idi. Hər iki tarixi şəxsiyyətin xahişi ilə Hacı Zeynalabdin Tağıyev Bakıda Qarabağda tüğyan edən xəstəliklərin qarşısının alınması, bölgənin inkişafı üçün konfransın çağrılmasına nail olmuş, təşkilati məsələlərin həlli üçün kontorundan 200 çervon pul ayırmış, qurultayın İsmayilliyə binasında keçirilməsi üçün Musa Nağıyevin kontoruna 120 çervon ödəmişdi. Tarixi mənbələr də sübut edir ki, 1905-ci ildə Qarabağda yaranmış aclığın qarşısının alınması məqsədilə çağırılan konfransda Kərim bəy Mehmandarovun – daha doğrusu Şuşa Xeyriyyə Cəmiyyətinin sədr müavininin qərarı ilə gerçək vəziyyəti diqqətə çatdırmaq üçün Həmidə xanım Cavanşir məruzə ilə çıxış edəcəkdi. Bir il sonra, 1906-cı ildə Müəllimlərin I Qurultayında Şəfiqə xanım Əfəndizadəni daş-qalaq edən qara-guruhçuların, qoçuların tələbi ilə Həmidə xanım konfransa buraxılmamış, o gizlin şəkildə Qarabağa, Kəhrizliyə yola salınmışdır. Üzü açıq kürsüyə çıxan müsəlman qadınını təhdid edənlər Hacı Zeynalabdin Tağıyevin, Kərim bəy Mehmandarovun, Həmidə xanım Cavanşirin əyilməz iradəsi ilə üz-üzə gəlmişdir. Yazıçı-publisist Mehriban Bəzirin təbirincə desək, Həmidə xanım beynəlxalq toplantıda çıxış edən qadın kimi tarixdə qalmışdır. Mehriban Vəzirin Həmidə xanımın “Xatirələrim” kitabına ön söz olaraq təqdim etdiyi yazıda deyilir: “Həmidə xanım milli dəyərlərə bağlı olsa da, Avropa dəyərlərinin də daşıyıcısı və qızğın təbliğatçısı idi. Onun çevrəsində bütün millətlərin öz yeri vardı. Gürcü, yəhudi, rus, polyak, erməni işçiləri onun təsərrüfatında çalışan, ailəsində, süfrəsinin qırağında oturan dostları idi. O insanlara milliyətinə görə deyil, insanlığına görə dəyər verirdi. 1905-ci ildə Qarabağda qıtlıq və aclıq tüğyan edərkən Həmidə xanım müsəlman kəndliləri ilə yanaşı, ac erməni kəndlilərinə də yardım göstərmişdi. Bir ananın gözləri önündə balası acından, yaxud xəstəlikdən can verirdisə, Həmidə xanım üçün bu insanların hansı millətdən olması əsla önəmli deyildi. Erməni-müsəlman qarşıdurması illərində Qarabağda heç kəs “niyə erməni kəndinə ərzaq göndərdin?”, - deyə Həmidə xanımı qınaya bilməmişdi. Bu cür insanca rəftarın nəticəsi idi ki, milli qırğınların ən şiddətli çağında belə Həmidə xanım ermənilərin böyüklərinin yanına barışığa gedərək alovu söndürmək üçün əlindən gələni edir. Bir çox hallarda qan axıdılmasının qarşısını alırdı. O dəfələrlə erməni mühasirəsinə düşərək qırılmaq təhlükəsi qarşısında qalan yurddaşlarının harayına başının dəstəsi ilə yetişmiş, onları qurtarmışdı. Bu zaman heç bir erməni ona və adamlarına güllə atmağa cəsarət etməmişdi”.
Mehriban Vəzirin qeyd etdiyi bu faktlar Mirzə Cəlillə Həmidə xanımın nikahından öncə Doktor Kərim bəy Mehmandarovun “Gəl, ermənilərlə qonşuluq münasibətlərimizi qaydasına salmaqda mənə kömək et” kəlamının elə-belə işlədilmədiyinə, hər iki tarixi şəxsiyyətin millətin nicatı naminə tolerant duyğulara tapındıqlarına, Azərbaycançılıq məfkurəsinə xidmət etdiklərinə sübutdur.
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)