Bu həyatda ən çətin olan da budur — özünlə üzləşmək… - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bir şeyi bilməmək, özümü tapa bilməmək qədər məni heç vaxt incitməmişdi. Anladım ki, çətin olan insan olmaq deyil, çətin olan kim olduğunu bilməkdir. Kim olduğun sənin şəxsiyyət vəsiqəndəki adın, soyadın, yaşın deyil, kim olduğun — onlar olmadan nə məna ifadə etdiyindir. Aynaya baxanda görə bilməkdir: sadəcə bir kimlikdən ibarətəm, yoxsa daha fərqli bir mənlə qarşı-qarşıyam?

 

Və sən kim olduğunu biləndə, nə etmək istədiyini, necə yaşamaq istədiyini də təyin edə bilirsən. Əksi olanda isə asılı qalırsan — hər şeydən xəbərsiz, həyatdan zövq almağı bacarmadan, ən vacibi, özündən xəbərsiz yaşayıb ömür sürürsən. Hər ikisi bir seçimdir. Seçimin sənin əlində olduğu an, səni olmaq istədiyin birinə dönüşdürər. Bu şansın başqasına keçməsi isə səni istəmədiyin və ya anlamadığın birinə çevirər.

 

İnsan üçün həyatda ən önəmli olan şeylərdən biri — özünü görmək, özünü seçmək, olmaq istədiyi bir şəxsiyyətə sahib olmaqdır. Əziz oxucum, əgər sən bu yazını oxuyursansa, gec olmadan özünü sorğula: kim olduğunu, nə üçün var olduğunu, bu həyatda nə istədiyini, nəyə sahib olmaq istədiyini kəşf et. Çünki bu həyatda ən çətin olan da budur — özünlə üzləşmək.

 

Başqalarının həyatına toxunmaq, onlara təsir etmək bir insan üçün çox asandır. Ancaq özü ilə üzləşmək istəməz insan övladı. Bu, həm çətin, həm də cəsarət tələb edən bir yoldur. Kimisi yolu günahlandırar, kimisi yoldakı əngəlləri, kimisi də heç görmək istəməz o yolu, yanından səssizcə keçib gedər. Amma unutma: heç nəyə, heç kəsə baxmadan keçən bir ömür var.

 

Payızda yarpaqlarını tökən ağac kimi, ömür ağacından da hər gün bir yarpaq düşür. Bunu heç vaxt görmürsən, ancaq zaman keçdikcə hiss edirsən. Ömür ağacının yarpaqları tökülüb qurtarmadan sən özünü qurtarmağı bacar. O zaman hər düşən yarpaq quruyub toz olmaq əvəzinə yeni baharın müjdəçisi olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.