Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Uşaqlıqdan xaraktersiz böyümüşdü Səfər. Atası adi bir kəndçi olan Səfərin günü onu-bunu aldatmaq, yalan danışmaqla keçirdi. Ən çox işlətdiyi sözlər: “bu ölsün”, “özüm ölüm”, “bizi yaradana and olsun” deyərək gününü yola verirdi. Səfərin demək olar ki, əksər xarakterləri atasından irsən keçmişdi.
Səfər gənc yaşalarından, hələ lap uşaqlıqdan bir şey öyrənmişdi: “Bu dünyada istedad, zəhmət, dürüstlük deyil, kimə və necə tərif deməyi bilmək önəmlidir”. Bəlkə də bu düşüncə və bacarıq Səfərə genetik olaraq sirayət etmişdi. Çoxları kimi o da, universitetə qəbul olmuş, mental xaraktersizliklərinidə bu ali təhsil ocağına daşımışdı. Bütün tədbirlərdə rektorun şəninə təriflər deyir, hər yerdə həmrəylik aksiyası keçirirdi. Onun dediyi hər şirin söz gedəcəyi bu yolda uğurun açarı idi.
Dan yeri yenicə sökülürdü. Şəhərdəki səssizliyə baxmayaraq Səfərin içində yeni bir vulkan qeyzlənirdi. Onun üçün hər gün yeni bir səhnə idi. Hər addımda don dəyişir, hər fikirdə bir maska geyinirdi. Dizinə qədər düşən qara bahalı kostyum, boğazında şalvarının sepinə qədər uzanan qırmızı qalstuk, əlində qara porfel olan Səfər, hər gün üzündə minsifətli təbəssümlə dolanırdı. Bəlkə də, bu gülüşlər Səfər üçün çox böyük dəyərə sahib idi, fəqət heç kəs onu görə bilmirdi. Səfər üçün vəzifəyə aparan pillələrin hər biri bu gülüşlərlə döşənmişdi.
Vaxt gəldi, zaman yetişdi, elə Səfərin planlaşdırdığı kimi də oldu hər şey. O, dövlət qulluğunda işə düzələn elə ilk gündən minsifətli keçid dönəminə qədəm qoydu. Hər yeni rəhbər gələndə Səfər onun ən yaxın adamı olur, köhnənin adını elə oradaca unudurdu. Dünən “sizin kimi vicdanlı rəhbər yoxdur”, -dediyi adama bu gün salam belə verməzdi. Partiya dəyişəndə, mövqelər silkələnəndə Səfər də dəyişərdi. Bu onun üçün sadəcə “adaptasiya” idi.
O, heç kəslə dostluq etmir, sadəcə maraqlar üzərinə əlaqələr qururdu. Qardaşının toyuna getmədiyi gün hələ də yadında idi. Çünki həmin gün paytaxtdakı nazirlərindən birinin doğum günü idi və orada görünmək onun gələcək kariyerası üçün daha faydalı idi. Bu cür təkrar hadisələr çox idi, onun həyatında. Anasının xəstəxana çarpayısında tək qaldığı gün Səfər yenicə təyinat almış idarə müdirinə: “sizin rəhbərliyiniz altında tapdalanan bütün hüquqlarımız bərpa olunacaq”, -deyirdi.
İllər göz qırpımında keçirdi, Səfərin başı, qulaqları, gözləri və qarnı böyüdüyü kimi kreslosu da böyüyürdü. Otağı genişlənir, şəkilləri qəzetlərdə çıxır, tədbirlərdə ön sıraya dürtülürdü. Ətrafında “Səfər müəllim”, -deyənlərin sayı çoxalırdı. Onlarda Səfər kimi nə kiminsə dostu, nə də onlara kimsə dost idi. Səfər öz gələcəyi haqqında hər gün düşünürdü. Fikirləşirdi ki, elə bu oyun belə də olmalıdır. Əsas kreslonun qucağında oturmaqdır. Gerisi boş və əhəmiyyətsizdir. Hər vəzifəyə təyinat onu daha da həyata möhkəm və qırılmaz iplərlə bağlayırdı. O, artıq kreslonun sahibi yox, qulu idi.
Zaman keçdikcə Səfərə daha məsul bir vəzifə tapşırıldı. Səlahiyyət sahibi oldu. Lakin içindəki xəbislik və acgözlük onu öz keçmişinə, xislətini biruzə verməyə gətirib çıxardı. O, dövlətin ona həvalə etdiyi səlahiyyətlərdən öz xeyrinə və mənfəətinə istifadə etməyə başladı. Əvvəl az-az, sonra isə hər şeyi qamarlamaq tamahı ilə əl uzatdı, amma və lakin bu dəfə onun əlinin üstünə bir ağırlıq çökdü. Dövlətin güc strukturlarının əli. Gözlərinə qaranlıq çökən Səfər tək bir səs eşitdi: Səfər Səfərov, siz saxlanılırsız!
Hər şey o qədər ani oldu ki, Səfərin bunları düşünməyə vaxtı belə olmadı. İllərlə tərif etdiyi, yaltaqlandığı adamlar susurdu. Onun üçün bir cümlə belə demirdi. Yanına mütəmadi gəlib-gedənlər isə toyuna getmədiyi qardaşı iləxəstə anası idi.
Dəmir qapılar bağlandı. Səfərin zəif görən gözləri tamam qaranlığa qərq oldu. Qapıya vurulan kilid səsi beyninə mismar kimi sancıldı. İçində bir azda olsa, olan ümidi son kilid səsi ilə sönüb tükəndi.
Həbsaxananın dar barmaqlıqlı pəncərələri, soyuq dəmir çarpayıları Səfərin yeni dünyası oldu. İlk vaxtlar çox sarsılan Səfər qısa zaman ərzində özünü toparlayaraq içindəki xisləti yenidən diriltdi. Səfərə görə həbsxanada da pillələr var idi. Fərqli məhbuslar, fərqli imkanlar və şantaj edilə biləcək çoxlu keçmiş. Sanki burada gözü daha da açılmışdı onun. O köhnə tanışlarına məktublar yazmağa başladı. Əvvəl sətiraltı “köhnə günləri” xatırladır, sonra açıq-aşkar təhdid dili ilə danışırdı.
Payızın sakit bir axşamı idi. Bayırda yarpaqlar küləyin əmri ilə oynayırdı. Mənzərədən könlü qubar edən Səfər bir pıçıltıya xəyallarından səksənərək oyandı. Sanki kimsə ona deyirdi: “İkiüzlülüyün yolu həmişə bura çıxır Səfər. Sən sadəcə bir az tez gəldin.” O, başını qaldırıb ətrafa boylandı, lakin ətrafda heç kəs yox idi. Düşündü, görəsən xəyal idi ya həqiqət. Öz-özünə deyindi: “Bəlkə də, bu elə mənim vicdanımın səsidir.”
Səfər pəncərədən ətrafa baxanda yarpaqlar küləyin hərəkəti ilə göyə sovrulurdu. Öz taleyini düşündü. O da artıq küləyin sovurduğu bir yarpaq kimi idi. Kökünü tapmamış, torpağa bağlanmamış, sadəcə ora-bura sürüklənmişdi.
O an başa düşdü ki, kreslo uğrunda hər şeyini verən adamın kreslodan düşdükdə bədəni elə hey üşüyürmüş!
“Ədəbiyyat və incəsənət”
(12.08.2025)