Çünki sən sevgini də, imtinanı da, xoşbəxtliyi də ilk dəfə onların yanında öyrənmisən... - ESSE Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Biz dünyaya göz açanda ilk üzlər, ilk səslər, ilk toxunuşlar onlara məxsus olur. Onlar bizim həyat kitabımızın ilk səhifələrini yazırlar, yazı üslubunu da, səhvlərini də, mövzularını da. Səni gülüşlə qucaqlayan əllər, bəzən səni susqunluğa məhkum edən eyni əllər olur.

 

Ailə varlığında bir insanın köklərini bəsləyir. Sevgi, qayğı, müdafiə hissi ilə. Amma eyni zamanda həmin köklərin çox dərinlərə enməsi sənin azadlığını məhdudlaşdırır, səni onların təsdiqinə ehtiyaclı edir. Yoxluğunda isə həyat səni sərt torpağa atır. Öz köklərini özün qazmalısan, amma o torpaq heç vaxt tam tanış gəlmir. Onların yanında böyüyərkən sən özün haqqında düşündüyün hər şeyin ilkin formasını onlardan alırsan. Onların gözündəki baxış, dediyi və demədiyi sözlər, verdiyi və vermədiyi sevgi. Hamısı gələcəkdə kimin olacağını müəyyənləşdirir.Ailə həm həyatın ilk dayaq nöqtəsi, həm də ilk zərbəsidir. Səni qoruyan qalxan da onlardır, içindəki yaraları açan qılınc da. Onların qoyduğu izlər bəzən görünməz olur, amma illər sonra ən qəribə anlarda qanayır. Və sən anlayırsan ki, həyatın ən böyük hədiyyəsi də, ən ağır yükü də çox zaman eyni adamlardır.

 Bəzən insan həyatı, bahalı xatirələrdən yox, sadə səhnələrdən ibarət olur. Qapının cırıldayan açılışı, səhər yeməyində çaydanın buxarı, pəncərə kənarına qoyulmuş təzə yuyulmuş stəkanların işığı əks etdirməsi… Bu səhnələr o qədər təməl və o qədər təkrarsızdır ki, sən onları hiss etmədən həyatının dayaqlarına çevirirsən.

 Ailə,sadəcə qan bağı deyil, sənin ilk müəllimin, ilk hakimin, ilk tamaşaçındır. Sən uşaqkən onların baxışlarında özünü tapırsan, gülüşündə kimliyini hiss edirsən. Sənə dünyanı tanıdan ilk sözlər, ilk xəbərdarlıqlar, ilk qadağalar hamısı onların səsindən gəlir. Bəzən sevgiləri ilə sənə güc verirlər, bəzən qorxuları ilə səni zəncirləyirlər. Amma hər iki halda da içində iz buraxırlar. Onlar yanındaykən, sən fərqinə varmadan "təhlükəsizlik" adlanan bir illüziyanın içində yaşayırsan. Bilirsən ki, gecəyarısı yuxudan diksinib oyansan, su istəsən, kiminsə sənin səsini tanıyacaq. Bilirsən ki, səhv etsən belə, iki cüt göz var,səni danlayacaq, amma yenə də qucaqlayacaq. Bu, insanın həyatında ən böyük təsəllidir, bəzən də ən böyük bağımlılığı. Ailə varlığı bəzən insanın içində "sabirlik toxumu" əkir. Dünya qarışsa, küçələrdə xaos olsa belə, haradasa sakit bir otaq var. Orda sənin uşaqlıq şəkillərin, köhnə yorğanlar və yadına yalnız qoxusuyla gələn bir ev var. Bu hiss, bəzən sənə bütün riskləri almağa cəsarət verir. Amma eyni zamanda, səni ömür boyu onların təsdiqinə möhtac edə bilər. Çünki sən sevgini də, imtinanı da, xoşbəxtliyi də ilk dəfə onların yanında öyrənmisən.

 Ailə varlığı ilə insan həm mübariz, həm də asılı olur. Mübarizdir, çünki kökləri var, keçmişi var. Asılıdır, çünki o kökləri itirmək qorxusu, azadlıq qədər böyük bir yük kimi boynuna asılır. Və insan anlayır ki, həyatın ən böyük hədiyyəsi də, ən ağır zənciri də bəzən eyni adamların əlindədir. İnsan bəzən ailənin yoxluğunu bir hadisə ilə deyil, xırda boşluqlarla hiss edir. Sən böyüyürsən, amma yanında kiminsə "nə var nə yox, necəsən?" sualı çatışmır. Bəzən evin içində susqun divarlar sənin ən böyük dinləyicin olur. Və sən anlayırsan ki, yoxluq səs deyil, yoxluq sükutun bir az ağırlaşmış formasıdır.

Ailə yoxluğunda həyat bir növ açıq yara kimidir. Çünki sənin "düşmək" haqqın yoxdur. Özünü tutmalısan, ayaqda qalmalısan, çünki bilirsən, səni tutacaq bir əl yoxdur. Bu, bəzən səni gücləndirir, bəzən isə içində heç sağalmayan bir çat yaradır. Belə anlarda sən sevgi axtarışına çıxırsan, dostlarda, münasibətlərdə, hətta yad adamlarda belə. Çünki içində yarımçıq qalmış bir hiss var və sən onu tamamlamaq üçün bəzən özünü itirirsən. Kiminsə səsini, baxışını, hətta qoxusunu belə "ev" kimi qəbul etməyə hazırsan. Amma heç biri sənin uşaqlığında eşitdiyin qaşıq səsi, ya da sobada qaynayan çaydanın buxarı kimi olmur. Ailə yoxluğu bəzən səni iki hissəyə bölür.. Zahirdə möhkəm, içində kövrək. İnsanlara "heç nəyə ehtiyacım yoxdur" deyirsən, amma gecələr öz-özünlə danışanda başa düşürsən ki, bu, özünü aldatmaqdan başqa bir şey deyil. Əslində sən ehtiyac duyursan, amma o ehtiyac illərdir cavabsızdır. Ən pisi isə odur ki, ailə yoxluğu bəzən sənə bir "özünü yetim hiss etmə" xarakteri verir. Hər kəsin ortasında belə tək qala bilirsən. Dostların arasında belə sənin bir yanın boş qalır. O boşluq, elə bil ki, səni tamamlayan son parçanın itməsi kimidir və sən onu heç yerdə tapa bilmirsən.

Ailə, bəzən həyatımızın səhnəsində görünməz rejissordur. Onlar ssenarini yazmırlar, amma səhnəni, işıqları, fon musiqisini elə düzəldirlər ki, sən o mühitin içində öz rolunu oynamaqdan başqa yol tapmırsan. Onların verdiyi tərbiyə bəzən sənin ilk silahındır, insanlarla necə danışmaq, kimə güvənmək, kimdən uzaq durmaq. Amma eyni zamanda, o tərbiyə bəzən sənin boynuna bağlanmış bir daşdır. Çünki, dünyanı onların göstərdiyi pəncərədən görməyə öyrəşmisən. Onlar sənə ilk dəfə qorxunu öyrədiblər, "ona toxunma, sınar", "Çox danışma, ayıb olar". Və sən böyüyəndə başa düşürsən ki, bəzən bu qorxular səni qoruyub, bəzən isə səni dar bir qəfəsin içində saxlayıb.

Onlar sənə sevgini öyrədiblər. Ya onun varlığı ilə, ya da yoxluğu ilə. Əgər sənin uşaqlığında sevgi çox idisə, sən insanlara inanmağa meylli olursan. Əgər az idisə, sən hər kəsin səmimiyyətini sınamağa, sevgini sübut tələb edən bir şey kimi görməyə başlayırsan. Hətta peşə seçimindən tutmuş, dostluq münasibətlərinə qədər bir çox qərarlarımızın kökü ailə mühitində yatır. Sən bəlkə də fərqinə varmırsan, amma bir insanla söhbətdə səsini yüksəltməmək vərdişin, qonaq gələndə stolu necə yığmağın, hətta yeməyi hansı əlində tutmağın belə illər öncə ailənin içində formalaşıb. Bəzən ən böyük arzularımız da onlara borcludur. Məsələn, kasıb bir uşaqlıqdan sonra varlı olmaq istəyi, yaxud sərt bir ata ilə böyüyəndən sonra yumşaq valideyn olmaq arzusu.. Bizim istəklərimiz də, qorxularımız da onların mirasıdır.

Ailə, bir növ torpaq kimidir. Orda həm güllər bitir, həm də tikanlar. Amma hər halda, sən kim olursansa ol, ayaqların hələ də o torpağın izini daşıyır. Ailə bəzən həyatımızda sevginin ən saf formasını yaratsa da, bəzən də ən dərin yaraları qoyan mənbəyə çevrilir. Bu yaralar bəzən görünməzdir, amma ruhun ən qaranlıq guşələrində qanayır, sanki heç bir zaman tam sağalmayacaqmış kimi. Hər travmanın kökündə bir səbəb dayanır, susqunluq, anlaşılmazlıq, gözləntilər və bəzən də səssizcə əzən tənqidlər. Uşaqlıqda eşidilən "sən elə etməlisən", "bunu bacarmalısan" kimi sözlər bəzən gözlə görünməyən zəncirlər yaradır. Bu zəncirlər səni içində saxlayır, nəfəsini kəsir, amma sən bunu adətən "qayğı" kimi qəbul edirsən. Sevgisizlik, ya da həddindən artıq sevgiz hər iki uçurum eyni dərəcədə təhlükəlidir. Çox zaman sevginin ölçüsü deyil, keyfiyyəti önəmlidir. Amma bəzən ailə sevgisi sənin azadlığını boğan ipə çevrilir. Travmaların ən ağrılısı, bəlkə də səni anlamayan, hisslərini görməyən valideynlərdir. Sevdiyim biri mənə demişdi ki, "valideynlərimiz bizi hərşeydən qoruyur. Amma özlərindən qorumağı unudurlar."Onların sənə qoyduğu səssizlik, sənə aid olmayan yükdür. Hər dəfə səhv etdiyində, içindən gələn səsi boğanda, sən bir az daha özündən uzaqlaşdın.

Ailənin qoyduğu travmalar bəzən həyat boyu səninlə gəzir. Onlar sənin içindəki sükutu, bəzən qəzəbi, bəzən qorxunu, bəzən də tərkedilmişliyi doğurur. Amma sən bilirsən ki, bu travmalar da sənə "kim olduğunu" öyrədən parçalardır.

Bəlkə də ən böyük dərs budur dostum, ailənin qoyduğu izlər, həm gücümüzün qaynağıdır, həm də ən dərin yaralarımızın mənbəyi. Bu ikisi olmadan sən olmazdın, bu yaralar olmadan sən tamamlanmazdın.

Bəzən insan böyüyür, saçlarına dən düşür, amma içindəki uşaq hələ də o evin qapısından içəri girməyi gözləyir. İçində hələ də bir səs var. Bəzən ananın adını çağırır, bəzən atanı görmək istəyir. Amma həyat elədir ki, bəzən o qapı çoxdan bağlanıb, bəzən də açıqdır, amma içindəki insanlar dəyişib. Ailə, sən istəsən də, istəməsən də, sənin həyatının xətkeşidir. Onların sənə verdiyi sevgini daşıyırsan, travmalarını da. Onların qucağında öyrəndiyin istiliyi axtarırsan, susqunluqlarından öyrəndiyin soyuqluğu da. Bəzən bir ömür boyu onlara bənzəməməyə çalışırsan, amma hər güzgüyə baxanda gözlərinin dərinliyində bir kölgə kimi yenə onları görürsən. Bəlkə də elə buna görə həyat paradoksdur. Biz özümüz olmaq üçün onlardan uzaqlaşırıq, amma kim olduğumuzu bilmək üçün yenə onlara dönürük. Çünki bütün yollar, bütün şəhərlər, bütün illər sonda bir həqiqətə gətirir. Biz kim olsaq da, kimə çevrilsək də, içimizdə daşıdığımız ailə həmişə bizimlədir. İstər isti bir ocaq kimi yansın, istər soyuq bir xatirə kimi üşütsün…

Və sonda anlayırsan. Ailə dediyin, bəzən yaşadığın ev deyil. Bəzən illərdir ürəyində daşıdığın yaradır. Amma o yara da sənsən, o sevgi də. Onlarsız sənin hekayən tamamlanmaz, onlarla isə heç vaxt tam eyni qalmaz.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.